Aybəniz Haşımova həmkarı ilə bağlı dəhşətli faktı açıqladı – Fotolar
Bizi izləyin

Tabloid.az

Aybəniz Haşımova həmkarı ilə bağlı dəhşətli faktı açıqladı – Fotolar

Əməkdar artist Aybəniz Haşımova qəzəblənib.

Gözəl müğənnini əsəbiləşdirən sevimli müəllimi, ustadı mərhum sənətkarımız Şövkət Ələkbərovaya qarşı bir tələbəsi tərəfindən olunan sayğısızlıqdır.

Publika.az-a müsahibə verən sənətçi söhbət əsnasında efirdə baş verən xoşagəlməzliklərdən də danışdı...

- Verilişlərin birində sizi çox əsəbi gördük. Nə olmuşdu, sizi kim belə hövsələdən çıxarmışdı?

- Ustadım Şövkət Ələkbərova ilə bağlı bir veriliş idi, yadıma köhnə xatirələr düşdü, özümü ələ ala bilmədim. Şövkət xanımın 60-a yaxın tələbəsi var, təəssüf ki, bəzən insanlar yaxşılığın əvəzini pisliklə qaytarır. Həmin tələbələrdən biri beləcə nankor çıxıb.

- Bəlkə, adını deyəsiniz, biz də bilək, kimdir o nankor?

- Çox tanınmış, sevilən bir sənətçidir, istəmirəm onun adını çəkib biabır edim. Adını çəksəm, xalqın gözündən düşəcək. Amma çox məşhur bir insandır, siz də onu yaxşı tanıyırsınız.

- Aygün Bayramova?

- Yox.

- Gülüstan Əliyeva?

- Yox, Gülüstan Əliyeva Şövkət xanımın tələbəsi olmayıb.

- Könül Xasıyeva?

- Mən ad çəkməyəcəyəm, amma konkret olaraq, o tələbənin Aygün olmadığını deyə bilərəm.

- Aydındır. Neyləmişdi o tələbə ki, sizi indiyədək belə yandırıb-yaxır?

- O qıza Şövkət xanım çox yaxşılıqlar edib. Hətta Bakıya gəlib təhsil almasına kömək edib. Əvəzində o qız hələ sağlığında ikən Şövkət xanımı az qala komaya salmışdı.

- Necə?

- Şövkət xanım Xan Şuşinskinin qızı Səadət xanımın toyuna gedibmiş. Həmin qız da toya gəlib. Amma müəllimi Şövkət xanıma fikir vermədən Süleyman Ələsgərov, Arif Babayev, Fikrət Verdiyevlə qucaqlaşıb öpüşüb. Şövkət xanım bu hadisədən çox pis olub və həmin gecə üstünə təcili yardım maşını çağırıblar. Bir onda eşitdim ki, onu xəstəxanaya yerləşdiriblər. Getdim yanına, o qədər əsəbi idi ki, mənim də üzümə baxmadı. Hərçənd məni dünyalar qədər istəyirdi. Həmin qızın da acığını məndən çıxdı və mənimlə kobud rəftar etdi. Dedi ki, görürsən o qızı, mənimlə necə davrandı? Hansı ki Şövkət xanım o qızı hamıdan çox istəyirdi və hətta onun səsindən təsirlənib ağladığını deyirdi...

Həmişə belə olur, övladın hansını çox istəyirsən, naxələfi də elə o çıxır.

- O xanımla indi siz danışırsınız, ya küsülüsünüz?

- Yox, nə danışırsan, dindirmirəm onu. Bir dəfə televiziyada Şövkət xanımla bağlı veriliş hazırlayırdıq. Tədbirə onu da dəvət etmişdim, kaş heç etməyəydim. Qız gəldi. Sara xanım Qədimova başda əyləşmişdi. Sara xanım özü məni yanına çağırdı ki, qoşa oturaq. Mənim də yanımda həmkarım Nuriyyə xanım oturdu. Bu da Nuriyyənin yanında oturdu. Amma hiss edirdim ki, əsəbidir, mənim Sara xanımla yanaşı oturmağımı həzm edə bilmir. Veriliş başlamışdı ki, qəfildən bunu isterika tutdu, başladı öskürüb boğulmağa. Verilişi tərk edəndə mən də arxasınca getdim ki, su verim. Gördüm ki, yalandan edirmiş, verilişdə oturmamağa bəhanə axtarırmış. Mənə dedi ki, sən qayıt yerində otur, mən xəstəyəm, evə getməliyəm. O gündən bu yana onu dindirib-danışdırmıram. Əslində, o qız mənim uşaqlıq dostumdur, amma Şövkət xanımın ruhu qarşısında günahkardır. Nə qədər ki gec deyil, o sənətkarın qarşısında günahını yusun. Yoxsa sənətkarın ruhu onu bağışlamayacaq. Mən burdan ona səslənirəm, bu yazını oxuyub biləcək onu nəzərdə tuturam. Gedib, qəbrini ziyarət eləsin və bağışlanmasını istəsin.

- Fikir verməyin, nankorlar hər zaman olub. Deyin görək, yaradıcılıqda təzə nə var, nə yox?

- 15 yeni mahnı yazdırmışam. Davamı da gəlir.

- Solo konsert gözlənilirmi?

- İstəyirəm, fikrimdə var. Mənim həm də tələbələrim var axı, istəyirəm onlarla birgə konsert verim. Hərçənd aralarında nankorları da var. Nankor çıxsalar da, mən onları bağışlayıram, çünki onlara çox əziyyət çəkmişəm. Amma hələ ki konsertin vaxtını dəqiqləşdirməmişəm, çünki tələbələrimi bu konsertə tam hazır bilmirəm.

- Bu gün çoxları Türkiyə, Gürcüstan və digər xarici ölkələrdə kliplər çəkdirir. Buna münasibətiniz necədir?

- Gözəl. Pulu var çəkdirir. Məni narahat edən başqa məsələdir. Oxusunlar, kliplər də çəkdirsinlər, amma toyu səhnəyə gətirməsinlər. Fikir vermisinizsə, bu gün müğənnilər oynamağı səhnəyə gətiriblər. Mən demirəm ki, hamısı bir yerdə dayanıb hərəkətsiz dursunlar, yox. Amma səhnə mədəniyyətinə fikir versinlər, vulqar davranışı yığışdırsınlar. Səhnəni korlamasınlar. Bu faciədir e, bizə ötürülən bu səhnə mədəniyyəti və musiqimizi gələcək nəsillərə biz layiqli formada çatdırmalıyıq. Biz yeni nəslə bu mədəniyyəti layiqli şəkildə təhvil verməliyik. Televiziyalar bu barədə ciddi düşünməlidir.

- Hansı qadağaların tətbiq olunmasını istərdiniz?

- Efir, reytinq xətrinə bu gün televiziyalarımızda elə biabırçı şeylərə rast gəlirsən ki… Keçən dəfə baxıram səsi, istedadı, səhnə görkəmi olmayan bir qadını efirə çıxarıb onunla lağlağı edirlər, ələ salırlar. Bilirsən də kimi nəzərdə tuturam...

- Maral Tahirqızını?

- Əlbəttə. Musiqiyə dəxli olmasa da, o qadını başa düşmək olar, reklam olunmaq istəyir, bəs bu aparıcılar nə düşünür? Bir qadınla bu səviyyədə davranmaq olmaz. O qadının gözəl qəlbi var, ən azı, Azərbaycan xanımıdır. Azərbaycan qadınını ələ salmaq olmaz. Mənim də vaxtilə verilişim vardı. Hələ bir adam deyə bilməz ki, Aybəniz xanım o verilişdə kiminsə xətrinə dəydi. Hətta qulağıma pıçıldayırdılar ki, filan qonağın qulağında, nə bilim saç düzümündə qüsur var, mən həmin adamı acılayırdım. Deyirdim ki, efir mədəniyyəti var, bunu aşmaq, insanları ələ salmaq olmaz.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm