Osman Hacıbəyov anılacaq
Bizi izləyin

Tabloid.az

Osman Hacıbəyov anılacaq

Oktyabr ayının 22-də, saat 16:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli sənətkar, Əməkdar artist Osman Hacıbəyovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək.

Axar.az xəbər verir ki, teatrın foyesində baş tutacaq sərgidə sənətkarın rol aldığı tamaşalardan fotolar nümayiş etdiriləcək.

Sərgidən sonra böyük səhnədə vaxtı ilə onunla birgə çalışmış sənət dostları O.Hacıbəyovla bağlı xatirələrini bölüşəcək, sonda isə sənətkarın xatirəsinə ithaf olumuş dramaturq Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası göstəriləcək.

Xatırladaq ki, Osman Hacıbəyov 1924-cü il, fevral 18-də Şuşa şəhərində ziyalı ailəsində anadan olub. Orta məktəbin yeddinci sinifini Bakıda bitirdikdən sonra Azərbaycan Dövlət Teatr Məktəbinə daxil olub. Teatr məktəbində oxuduğu ilk dövrdən başlayaraq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrmın səhnəsində oynanılan tamaşaların kütləvi səhnələrində çıxış edib.

1948-ci ildə təhsilini bitirəndə onu təyinatla GTT-yə aktyor göndəriblər. 1979-cu ilə qədər bu teatrda fəaliyyət göstərib.

Osman Hacıbəyov Eloğlu, Ayaz ("Eloğlu" və "Ana", Abdulla Şaiq), Əşrəf və Qıdı kirvə ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Skapen ("Skapenin kələkləri", Jan Batist Molyer), Şahbaz bəy ("Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə), Qəmküsar ("Yarımçıq Şəkü", Adil Babayev), Yaşar ("Yaşar", Cəfər Cabbarlı), Elşən ("Məlik Məmməd” Ə.Abbasov), Protey ("İki veronalı", Vilyam Şekspir), İmran, Nəsrəddin ("Anacan" və "Nəsrəddin", Yusif Əzimzadə), Bəxtiyar ("Komsomol poeması", İsgəndər Coşqun), Fərhad ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), İsgəndər xan ("Ağa Kərim xan Ərdəbili", Nəcəf bəy Vəzirov), Florindo Aritun ("İki ağanın bir nökəri", Karlo Holdoni), Şamdan bəy ("Şamdan bəy", Nəriman Nərimanov), Şirinbala ("Şirinbala bal yığır", Salam Qədirzadə), Tarverdi ("Xırs quldurbasan", Mirzə Fətəli Axundzadə), Polkovnik Ferrari ("Ovod", Etil Voyniç) və başqa rolları ilə tanınıb.

Gənc Tamaşaçılar Teatrının 50 illiyi ilə əlaqədar və milli teatr sənətinin inkişafında xidmətinə görə Osman Hacıbəyova 1969-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı verilib. O, 1979-cu il iyunun 14-də Bakıda vəfat edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm