Canəli Əkbərov: “Siyavuş Kərimiyə dedim ki, Əhsənin sənin kimi “bezdarnı” tələbəsi olmayıb” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Canəli Əkbərov: “Siyavuş Kərimiyə dedim ki, Əhsənin sənin kimi “bezdarnı” tələbəsi olmayıb” - FOTOLAR

Xalq artisti Canəli Əkbərovla dəfələrlə həmsöhbət olmuşduq. Amma telefonda. Bu dəfə isə həm üzbəüz danışdıq, həm də yol yoldaşı olduq. Ustad sənətkar Publika.az-a müsahibəsində elə faktlar açıqladı ki...

- Canəli müəllim, yaradıcılığınızda yeniliklər edirsinizmi, yoxsa köhnə ifalarınızla kifayətlənirsiniz?

- Muğamı hər dəfə yaxşı oxumaq elə yenilikdir. Ədəbli, ərkanlı, çərçivə daxilində oxuyursansa, bu da bir yenilikdir. Muğam yeni ifalarda yenidir. Amma muğamın kamilliyini, ülviliyini qorumaq şərtilə, klassik yola xələl gətirmədən oxumalısan. Əgər muğamın böyür-başına yamaq salırsansa, onda buyur, Füzulinin də qəzəllərinə yamaq sal. Ay bacardın haa....

Məni candan usandırdı, cəfadan yar usanmazmı?

Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?

Sizcə, bura bir şey əlavə etmək olar? Calaq tutar bu? Əsla.

Heyrət, ey büt, surətin gördükdə lal eylər məni,

Surəti-halım görən surət xəyal eylər məni...

...Ey Füzuli, qılmazam tərki-təriqi eşqi kim,

Bu fəzilət daxili-əhli-kamal eylər məni.

Sən bura cəsarət edib nə əlavə edərsən? O cümlədən, bu sözlər muğama aiddir.

- Sənətkar deyə biləcəyimiz insanların sayı getdikcə azalır və yerdə qalan barmaq sayı qədər sənətkarlar da efirlərdən uzaq düşürlər. Elə siz özünüz də son zamanlar efirlərdə az-az görünürsünüz. Səbəb nədir? Halbuki belə insanlar efirdə daha çox olmalıdırlar ki, gənclər nəsə görüb götürə bilsinlər...

- Bu sualı telekanalların rəhbərlərinə vermək lazımdır. Bax indi ANS-ə gedirik. Orada işləyən mənim dədəmin oğlu deyil ki. Mən xanəndəyəm, Mədəniyyət və İncəsənət Universitetində muğam sənəti üzrə kafedra müdiriyəm, professoram. Bununla yanaşı, dərs vəsaitləri, proqramlar müəllifiyəm. Azərbaycanda ikinci bir xanəndə göstərin ki, mənim elədiklərimi edib...

- Bildiyimə görə, həm də yaxşı tarzən olmusunuz...

- Mən tarzən olmamışam, tara məhəbbətimi bildirmişəm. Tara öz sevgimi, eşqimi tarın 22 pərdəsiylə bölüşmüşəm. Atam tar, kamança xanəndəsi idi, tarın 22 pərdəsinə, 11 siminə cavab verə biləcək səs sahibiydi.

- Cavanlıqda atanızı müşayiət etmisiniz?

- Bəli, tarda ifa etmişəm, atam oxuyub. Bu videoyazı vaxtilə Azərbaycan Dövlət Televiziyasında da göstərilib. Mənim haqqımda çəkilən filmlərdə oradan epizodlar təqdim edilir. Yəni gözümü açdım evimizdə tar, kamança gördüm. Çünki atam qarmonla, klarnetlə oxumazdı. O deyərdi ki, qarmonla arvadlar oxuyarlar. Kişi klarnetlə oxumaz. Bu, atamın dedikləridir. Tarın 22 pərdəsi, 11 simi var, diapazonu böyükdür, muğama balans vermək üçün yetərincə imkanları var.

- Lənkəranda tar məktəbini bitirmişdiniz?

- Yox, məni 16 yaşımda Bakıya gətirdilər. Tardan xoşum gəlirdi, tarın səsi üçün ölürdüm. Amma ifa etməyi bacarmırdım. Köhnə pulla 9 manat 10 qəpik verdim, bir tar aldım. Yavaş-yavaş başladım dınqıldatmağa, sinəmdə də qalmırdı, əsəbiləşirdim... Hələ ondan əvvəl kənddə olanda bibim oğluyla ağacın kəlləsinə mıx vurub sim bağlayırdıq, guya tar çalırıq... Sonra özümə tar aldım. Yavaş-yavaş səbrimi toplayıb, tarda öz səs tonallıqlarıma uyğun pərdə tapırdım.

- Deməli, tarı müəllimsiz öyrənmisiniz?

- Bəli. O qədər inkişaf elədim ki, artıq tarı sərbəst çalırdım. Bir dəfə Kanadada yaşayan dostum zəng elədi ki, oradan bir qız gəlib Ramiz Quliyevin yanına. Həm də istəyir ki, muğamın incəliklərini, istiqamətini məndən öyrənsin. Qız “Şur” muğamını çalırdı. Ağlına gəlməzdi ki, mən tarı bilirəm. Tarı bunun əlindən alıb, 4-5 mizrab vurmuşdum ki, dedi: “Ooo, eto stil Baxram Mansurova”.

- Yəqin ki, Bəhram Mansurovun ifalarını çox dinləmisiniz və bu da ifanızda öz əksini tapıb.

- Bəli. Bəhramın kiçik qardaşı Nadir Mansurov o dövrün tanınmış saz ifaçılarından olan Rəhilə Həsənovanın əri idi. Nadir Lənkəranda 25 il atamı müşayiət edib.

-Tardan söz düşmüşkən, bir sual da verim. İndi gənc ifaçılar bu alətə müxtəlif səsgücləndirici qurğular qoşurlar. Bu, tarın gözəlliyinə, səsinə xələl gətirir, yoxsa onu yenilik kimi qəbul etmək olar?

- Əgər yenilik mənim hisslərimi qidalandırırsa, olsun, qidalandırmırsa, olmasın.

- Qidalandırırmı?

- Nə bilim, vallah, özləri bilərlər...

- Gənc xanəndələrdən kimləri dinləyirsiniz?

- Çoxu bizim tələbələrimizdir, öz məhsullarımızdır. Heç kəs öz məhsuluna pis deməz.

- Kimlər var onların arasında?

- Ehtiram Hüseynov Asəf Zeynallı adına Musiqi Kollecində tələbəm olub. Yaxşı səs diapazonu və ürəyi var. Babək Niftəliyev səkkiz il mənim tələbəm olub. Sahib İbrahimov, Gülyaz, Gülyanaq Məmmədovalar, Zabit Nəbizadə də məndən dərs alıblar.

- Hər xanəndənin bir davamçısı olur. Bəs siz kimi öz davamçınız qismində görürsünüz?

-(düşünür) Babək Niftəliyevi görürəm. Bir az cavanlığına salıb, oxumaq əvəzinə şıltaqlıq etməsə, yaxşıdır. Onun canındadır elə şeylər.

- Əlibaba müəlim də (Məmmədov – red.) bir neçə dəfə Babəki tənqid etmişdi.

- Tənqid etmirəm, özünə də deyirəm. Bu gün yanıma gəlməliydi, gəlib çıxmadı. Mən düşmənə də söz versəm, yarım saat əvvəl gedib oranı kəsdirəcəyəm. İndi nasazam, amma çəkilişə söz vermişəm deyə gəlmişəm...

- Toylara gedirsiniz?

- Musiqimiz elə gündədir ki, şou proqramlarda, toylarda, digər hay-küylü yerlərdə muğam oxunmur. Heç mənim də toya getməyə ehtiyacım yoxdur. Şükür Allaha, məni dövlətim, prezidentim dolandırır. Prezident təqaüdü alıram, işləyirəm, aciz oğlan deyiləm. Ən əsası, çörək üçün qonşuya getmirəm.

- Amma istənilən halda, 15-20 il əvvəllə müqayisədə indi muğam ifaçılarının, sənətkarların maddi durumu daha yaxşıdır.

- Əlbəttə, yaxşıdır. Bunun hamısı dövlətin hesabınadır. Dövlət sağ olsun ki, muğamı öz himayəsinə götürüb. Belə olmasa, təbii ki, vəziyyətimiz pis olardı. Müsabiqələr keçirilir, gənclər üzə çıxarılır və sair. Mən 1978-ci və 1983-cü illərdə Özbəkistanın Səmərqənd şəhərində keçirilən Beynəlxalq Muğam Simpoziumunun qalibi olmuşam. O vaxt belə müsabiqələr beş ildən bir keçirilərdi. Bizdə də elə olsa, yaxşıdır. Çünki iki ildən bir muğam müsabiqəsi keçirməyin mənası yoxdur.

- Yeri gəlmişkən, Muğam Müsabiqəsi yeni başlayanda əksər tamaşaçılar, eləcə də mən sizin jüridə yer alacağınızı düşünürdük. Nə əcəb orada yox idiniz?

- Bu sual da muğam müsabiqəsinin təşkilatçılarına aiddir. Yadımdadır, Mədəniyyət və Turizm Nazirliyindən zəng etdilər ki, sabah 12-də Siyavuş Kəriminin yanında ol. Deyilən vaxtdan yarım saat əvvəl orada idim. Bir neçə dəqiqədən sonra digər muğam ifaçıları da gəldilər. Hamısı da yaşca məndən balacadırlar. Məlum oldu ki, Beynəlxalq Muğam Mərkəzində Muğam Simpoziumu keçiriləcək və orada 7 nəfər xanəndənin hərəsi bir muğam dəstgahı oxumalıdır. Mən də “Rast” muğam dəstgahını götürdüm. Dedilər ki, Alim yoxdur, amma proqramı təqdim edib. İki gündən sonra mənə xəbər gəldi ki, səni siyahıdan çıxarıblar. Gərək o qədər insafsız olasan ki, Canəli Əkbərov kimi nəhəngi proqramdan çıxarasan. Soruşdum ki, məni kim proqramdan çıxarıb, dedilər ki, Siyavuş Kərimi. Zəng vurdum Siyavuşa. Dedi ki, onu mən eləməmişəm, yuxarıdan eləyiblər. Dedim ki, yuxarıda ancaq prezidentdir. Onun da mənə hörməti var. Allah atasına rəhmət eləsin, Heydər Əliyev mənə “Şöhrət”, İlham Əliyev isə “Şərəf” ordeni verib. İki orden sahibiyəm. Nə isə, yenə getdim nazirliyə, dedilər ki, yuxarı edib. Axırda gəlib Siyavuşa zəng elədim, dedi ki, mənlik deyil. Dedim, Siyavuş, sən çox deyirsən, mən Əhsən Dadaşovun tələbəsi olmuşam. Əhsən Dadaşovun tələbəsi olan adam gərək bugünkü nəsil üçün tarda muğam dəstgahlarını yazaydı və göstərəydi ki, Əhsəndən öyrəndiklərim bunlardı. Sonra da dedim ki, Əhsən Dadaşovun sənin kimi “bezdarnı” tələbəsi olmayıb. İndi sənə sual verirəm, mən haqlı olmuşam, yoxsa haqsız?

- Şəxsi münasibətlər barədə nəsə deyə bilmərəm. Amma istənilən halda, siz sənətkarsınız...

- Yutubu açıb, ifalarımı dinləyin. Dövlət Televiziyasının fonotekasında görün Canəli Əkbərov tədris üçün nə qədər muğamlar yazdırıb. Otuz il Opera və Balet Teatrında bütün milli operalarımızın baş qəhrəmanı olmuşam. Müsəlmanıq da, müsəlmanın içi hislə-pasla doludur...

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm