Əjdər Həmidov: “İsrafil İsrafilov metallurgiya zavodundan gəlməyib” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Əjdər Həmidov: “İsrafil İsrafilov metallurgiya zavodundan gəlməyib” – FOTOLAR

Əjdər Həmidov Azərbaycanda nadir aktyorlardandır ki, həm teatrda, həm də kinoda rəngarəng obrazlar yarada bilib.

Halbuki bu tale hər aktyora nəsib olmur. Amma çox maraqlıdır ki, bu qədər rollar oynayan, tanınan əməkdar artist həmişə sənət aləmində baş verən qalmaqallardan kənar olub, neytral qalmağı bacarıb. Tanınmış aktyor Publika.az-a müsahibəsində isə xeyli vaxtdır demədiklərini açıqlayıb, teatr daxilində baş verənlərə münasibətini açıqlayıb.

- Əjdər müəllim, teatrda işlər necədir?

- Hazırda Akademik Milli Dram Teatrında “Mənim günahım” pyesi əsasında hazırlanan tamaşanın məşqləri gedir. Tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur. Mərahim Fərzəlibəyov mənə Almurad rolunu həvalə edib. Məşqlərimiz sona çatmaq üzrədir. Bu tamaşa həm də İlyas Əfəndiyevin 100 illik yubileyi münasibətilə təşkil olunacaq festival üçün hazırlanır.

- Premyera nə vaxta nəzərdə tutulur?

- Tamaşa ya bu ayın sonu, ya də gələn ayın əvvəli təhvil verilməlidir. Festivalın nə vaxt keçiriləcəyi barədə məlumatlı deyiləm.

- Film, serial çəkilişləri nə yerdədir? Sizi dəvət edirlərmi?

- Hələlik, filmdə və serialda məşğul deyiləm. İndi ancaq teatrın məşqlərində iştirak edirəm. Heç bir təklif də yoxdur.

- Sizcə, nə üçün Azərbaycanda serial çəkən rejissorlar peşəkar aktyorlara o qədər də ehtiyac duymurlar? Özünüz də fikir verirsinizsə, seriallarda daha çox qeyri-peşə sahibləri çəkilirlər.

- Bu, mənim üçün də çox maraqlıdır. Doğrudan da, seriallarda peşəkar aktyorlarımız gözə dəymir. Hacı İsmayılov, Valeh Kərimov kimi peşəkarları çəkmək lazımdır. Çünki onların sayı elə də çox deyil. Elə özüm də mütəmadi dəvət almıram. Bilmirəm, qocalmışıq, yoxsa vaxtımız keçib, yaramırıq... Bəlkə də, onlar daha böyük aktyorlarla işləyirlər.

- Adətən, rejissorlar teatr aktyorlarını seriala dəvət etməmələrini belə bir səbəblə izah edirlər. Bildirirlər ki, teatr aktyorları teatr üçün nə qədər peşəkar və yararlı olsalar da, kamera qarşısında istənilən effekti vermirlər, pafosludurlar...

- Mən teatr aktyoru olmaqla bərabər, həm də kino aktyoruyam və kinonu da əla bilirəm. “Kamera”, “çəkiliş” anlayışları mənə çox doğmadır. Hətta Azərbaycanda yeni-yeni seriallar çəkməyə başlayanda “Aramızda qalsın” serialında da çəkildim. Nəsə, sonradan dəvət almadım. Bunun da səbəbi mənə məlum deyil. İndi mən cavan oğlan rolunu oynayası deyiləm ki? Oynasam, ya ata, ya baba rolunu oynamalıyam. Çünki özüm də həm atayam, həm baba.

- Seriala, filmə çəkilmirsiniz, teatrdan aldığınız məvacib də ki, yüksək deyil. Bəs necə dolanırsınız?

- Mənim dolanışığım həmişə olub. O barədə şikayətim yoxdur. Həmişə çalışqan, işgüzar və zəhmətsevər olmuşam. Gecə-gündüz işləmişəm.

- Toylara da getmisiniz...

- Bəli, toylara da getmişəm. Beş yüz manat prezident mükafatı alıram, üç yüz manat maaşımdır, altmış manat əməkdar artist fəxri adına görə alıram. Bunları üst-üstə gələndə teatrdan ümumi doqquz yüz manat gəlirim var. Bu pulla birtəhər dolanmaq, yaşamaq olar. Kənar işlərim, toylarım olanda da gedirəm.

- Bəzi həmkarlarınız deyirlər ki, toya getmək aktyoru korlayır, zəiflədir...

- Boş söhbətdir. Mən ali məktəbi bitirəndən toylara gedirəm. Əgər elə olsaydı, onda mən hər şeydən kənar qalmalıydım ki. Otuz ildə nə qədər filmlərə çəkilmişəm, tamaşalarda rollar oynamışam, televiziya verilişlərində iştirak etmişəm. Son zamanlar İctimai Televiziyanın istehsalı olan üç filmdə -“Azarkeş”, “Məxfi plan” və “Yaz yuxuları”nda çəkilmişəm. Əgər toy aktyoru korlasaydı, onda mən heç bir rejissora, filmə, tamaşaya lazım olmazdım. Hazırda teatrda gərgin işləyirəm, ard-arda tamaşalar oynayıram. “Qürbətdən gələn məktublar” tamaşasındakı Nəcəf rolunu təhvil verdim, “Nazirin xanımı” tamaşasında Vassa dayını oynadım. Vassa dayı həmin tamaşada böyük rollardan biridir. Onun ardınca “Mənim günahım”ın məşqləri başlayıb və onu da bu yaxınlarda təhvil verəcəyik. Otuz ildə nə teatrda, nə televiziyada, nə kinoda boş qalmışam. Toy aktyoru korlamır, əksinə, müəyyən mənada ona kömək edir. Orada da insanlarla canlı ünsiyyətdə olursan, danışırsan. Toy aparıcısı olmaq, tamadalıq etməkdə pis heç nə yoxdur. Toyda söz deyirik də, pis nəsə etmirik ki. O sözü kim deməlidir? Biz aktyorlar deməliyik də.

- Bəzən də aktyor uşaqları əyləndirmək üçün məclisə kloun qismində gəlir...

- Bu da ola bilər. Böyük aktyorlar kloun olublar, səhnədə, Yeni İl şənliklərində oynayıblar. Kloun özü də bir obrazdır və bunu da yaratmaq lazımdır. Əgər bacarırsansa, bu da bir istedaddır. Elə bilməsinlər ki, hər adam toy apara bilər. Çox aktyorlar olub ki, özləri toy apara bilmədiklərini etiraf ediblər. Teatr, kino, televiziya və toy bir birinə oxşayır, amma tamam ayrı şeylərdir.

- Sizi tamaşaçı “Kişi sözü” filmindəki Qasım rolu ilə tanıyıb. Ondan sonra xeyli rollar oynamısınız. Amma şübhəsiz ki, hər aktyorun yaradıcılığının zirvəsi hesab etdiyi rolu, obrazı olur.

-“Kişi sözü”ndəki Qasım rolu mənim kinoya gəlişimdir, amma zirvə deyil. Tamaşaçılar tərəfindən tanınmağım və kinoaktyor kimi meydana çıxmağım bu rola bağlıdır.

- Bəs zirvə hansıdır?

- Mənim kinodakı yaradıcılığımın zirvəsi Vaqif Mustafayevin “Yoxlama” filmindəki Habil Dadaşov roludur.

- Akademik Milli Dram Teatrı ətrafında söz-söhbət səngimək bilmir. Hətta bildirilir ki, teatrda üç cəbhə -direktorun tərəfdarları, əleyhinə olanlar və bitərəflər var. Soruşmaq ayıb olmasın, siz hansı cəbhədəsiniz?

- Heç bir cəbhədə deyiləm və heç vaxt da olmamışam. Partiya mənsubiyyətim də olmayıb. Sadəcə, işimi görmüşəm. Həyatımı da öz dərk etdiyim kimi yaşamışam, kimlərinsə diqtəsi ilə yox. Mənim teatra və direktora öz baxışım, münasibətim var. Hər bir insanın sözünə hörmətlə yanaşmalıyıq, söz azadlığıdır, hər kəs fikrini deyə bilər. Ancaq mənim o adamla razılaşıb-razılaşmamağım başqa məsələdir. Teatrla bağlı mətbuatda səsləndirilən fikirlər arasında haqlısı da var, haqsızı da. Məsələn, direktora qarşı ədalətsiz mövqe sərgilənir. Deyilənlərin heç də hamısı düz deyil. Əgər məndən soruşsalar ki, direktorunuz sizi qane edirmi, düşünmədən “hə” deyərdim.

- Bəs səsləndirilən ittihamlardan hansı doğrudur?

- Mən niyə deyirəm ki, direktorumuz məni qane edir? Əvvəla, İsrafil İsrafilov teatrda təsadüfi adam deyil, metallurgiya zavodundan gəlməyib. Sırf teatr adamıdır, teatrşünasdır, professordur. O, Azərbaycan və dünya ədəbiyyatını əzbər bilir, Azərbaycan və dünya teatr tarixinə yaxşı bələddir, rejissorluqdan anlayışı var, aktyorluğu bilir. İsrafil müəllim sırf yaradıcı insandır. İnzibati adam deyil ki, deyəsən ki, texniki işləri yaxşı bilir, yaradıcılığı bilmir.

- İndiyə kimi inzibatçı direktorunuz kim olub?

- Bundan əvvəlki direktorumuz Maqbet Bünyadov yaradıcı adam deyildi. İnzibati işləri bilirdi. Amma yaradıcılıq məsələsində teatrda yeri yox idi.

İsrafil müəllim işə bizim teatrdan başlayıb, Tədris Teatrının direktoru olub, bizə yad deyil. Aktyorlar da onu əvvəldən yaxşı tanıyırdılar. Hərdən ona qarşı əsassız ittihamlar olur. Biri yazır ki, bu da özünü teatrşünas hesab edir? Bəs özünü nə hesab etsin? Bu adam teatrşünasdır da. Özü də çox savadlı və ağıllı teatrşünasdır. O məşqlərə, daxili baxışa gəlir, rejissorla, aktyorla danışır, nöqsanları deyir. Baxırsan ki, düz deyir, işdən başı çıxır.

- Sualımı cavablamadınız. Sizcə, mətbuatda səsləndirilən ittihamların hansı düzdür? Hamısı əsassız ola bilməz axı...

- Xırda nöqsanlar ola bilər. Amma çox kiçik məsələləri ortalığa atırlar...

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm