İranın mavi cinsləri - VİDEO, FOTO
Bizi izləyin

Tabloid.az

İranın mavi cinsləri - VİDEO, FOTO

İran homoseksual cinsi əlaqəyə görə cəza verən azsaylı ölkələrdən biridir. Bununla belə, dindarlar şəxsin özünü daxilən hansı cinsə aid etməsilə onun bədənindəki zahiri cinsiyyət fərqlərinin bəzən üst-üstə düşmədiyini etiraf edir. Nəticədə homoseksuallar cinsi cərrahi yolla dəyişmək məcburiyyəti qarşısında qala bilərlər . Bundan qurtulmaq üçün isə çoxları ölkəni tərk etməyə üstünlük verir.

İranda böyüyən Donya saçını həmişə dibindən qırxdırıb, başına yaylıq əvəzinə papaq taxıb. Mensturasiya başlayanda isə həkimə gedib aybaşını kəsmək üçün bir çarə tapmağı xahiş edib.

"Mən hələ uşaq idim, daxilimi anlaya bilmirdim",- o deyir. "Düşünürdüm ki, aybaşıları kəsə bilsəm, daha çox kişiləşə bilərəm".

Polis nəfərləri onun sənədini yoxlayarkən qız olduğunu aşkar etsəydilər, çox ehtimal ki, onu qınayacaqdılar:

Yeri get, alə, nə gündəsən...

Cərrahiyyə əməliyyatından keçmək artıq onun yeganə arzusuna çevrilmişdi.

"Vəziyyət o həddə çatmışdı kı, mümkün qədər tez əməliyyat olunmağı arzulayırdım",- o deyir.

Donya səsinin yoğunlaşması və üzünün tüklənməsi üçün 7 il ərzində hormon preparatları qəbul edir. Həkimlər cərrahiyyə əməliyyatından keçməyi təklif edəndə, o, cinsini dəyişmiş dostları ilə məsləhətləşir. Məlum olur ki, onlar əməliyyatdan sonra çoxlu problemlə üzləşirlər. Bu da Donyada əməliyyat olunmaqla bağlı tərəddüdlər yaradır.

Donya yollara düşdü

"İnternetə çıxışım yox idi, İsveç və Norveçdəki dostlarımın köməyilə araşdırma aparıb, özümü daha yaxşı anlaya bildim. Lezbian olduğumu başa düşdüm və bununla barışdım",- o deyir.

Lakin İranda kişinin və ya qadının açıq olaraq gey kimi yaşaması mümkünsüzdür. 33 yaşlı Donya qısa sürən nikahdan olmuş oğlu ilə əvvəlcə Türkiyəyə, sonra isə Kanadaya gələrək, orada sığınacaq almağa müvəffəq olur.

Kişi bədənində həbs

İranda gey kişi və qadınları cinsin dəyişdirilməsi əməliyyatından keçməyə dövlət məcbur etməsə də, onlar təzyiqin təsirini hiss edir. 1980-ci illərdə İslam Respublikasının banisi Ayətullah Xomeyni cərrahi yolla cinsin dəyişdirilməsinə icazə verən qərar çıxarıb. Deyilənə görə, həmin fətvanı İran dövlətinin rəhbəri özünü "kişi bədənində həbsdəki kimi" hiss etdiyini deyən qadınla söhbətdən sonra imzalayıb.

Geylərə molla məsləhəti

Şərti olaraq adı Şəbnəm kimi çəkilən İran dövlət klinikasının psixoloqu geylərin bəzən əməliyyat olunmaq məcburiyyəti qarşısında qaldığını qeyd edir. Onun təbirincə, həkimlərə bildirilir ki, gey kişi və qadınlara "xəstə olduqlarını" deyərək onları müalicəyə ehtiyacı olduqlarına inandırmağa çalışsınlar. Həkimlər, adətən, belə pasiyentləri problemlərini ruhanilərlə bölüşməyə göndərirlər. Dini xadimlər isə belələrinə ruhlarını gündəlik dualarla möhkəmlətməyi məsləhət görür.

Eyni zamanda tibbi müalicə də təklif olunur.

Şəbnəmin sözlərinə görə, həkimlər pasiyentlərinə cinsin dəyişdirilməsi əməliyyatından keçməyi məsləhət görürlər. Və bunun çox asan iş olduğunu, sənədlərin qaydaya salınacağını, əməliyyatın xərcini ödəmək üçün kreditin veriləcəyini deyirlər.

İranın gey siyasəti

Hökümət siyasətini dəstəkləyənlər iddia edirlər ki, bu yolla iranlı transgenderlərə digər ölkələrdən fərqli olaraq, daha dolğun həyat yaşamaq, özlərini daha azad hiss etmək imkanı verilir.

Lakin hökumət opponentləri bu cür cərrahiyyənin transgenderlərlə yanaşı, homoseksuallara da təklif olunduğuna diqqəti çəkərək, sonuncuların bu iki məfhum arasında fərqdən bixəbər oduqlarını qeyd edirlər.

Şəbnəmin qənaətincə, bu halda insan haqları pozulur:"Humanitar və tibbi yardım göstərməli olan qurumların bu məsələdə hökümətin tərəfini tutması məyusedicidir".

Soheilin hekayəti: Ya cinsini dəyiş, ya da öl

Soheil adlı 21 yaşlı iranlı geyə də psixoloqlar cinsin dəyişdirilməsi əməliyyatından keçməyi məsləhət görmüşdülər. Ailəsi tərəfindən də ona təzyiq göstərilirdi. Onun sözlərinə görə, atası və daha iki qohumu Tehrana gələrək ona "ya əməliyyatdan keç, ya da öldürüləcəksən" deyirlər: "Bu vəziyyətdə ailəmizdə qala bilməzsən".

O deyir ki, Bəndər Abbasdakı evində dustaq kimi saxlanılırdı, lakin cərrahiyyə əməliyyatına bir gün qalmış evdən qaça bilib. Dostları onu təyyarəyə bilet alaraq Türkiyəyə yola salıblar.

"Polisə şikayət edib, homoseksual oluğumu bildirsəydim, daha acınacaqlı vəziyyətə düşəcəkdim", - Soheil deyir.

Gey inkişafı

Hökümətpərəst "Xabaronline" agentliyinə görə, cərrahiyyə yolu ilə cinsini dəyişdirənlərin sayı 2006-cı ildə 170-dən 2010-cu ildə 370-ə çatıb.

Lakin həkimlərdən biri BBC-yə deyib ki, təkcə o özü hər il 200-dək belə əməliyyat keçirir.

Donya və Soheil kimi çoxları ölkəni tərk edib. Adətən, onlar Türkiyəyə gedir, oradan isə Avropa və Şimali Amerikaya sığınacaq almaq üçün yollarına davam edirlər.

İranlı geylərin müdafiəsi

2005-ci ildə İrandan Türkiyəyə qatarda gəlmiş Arşam Parsi deyir ki, Kayseri şəhərində qalarkən gey olduğuna görə döyülüb, yerli xəstəxana isə onu qəbul etməkdən imtina edib. Bundan sonra o, evindən 2 ay kənara çıxmayıb. Sonradan o, Kanadaya gələrək iranlı qeylərin müdafiəsilə məşöul olan dəstək qrupu təsis edib. Onun dediyinə görə, hər həftə qrupun ünvanına yüzlərlə müraciət gəlir, son 10 ildə isə 1000 insana İranı tərk etməyə kömək edib. Onlar ən çox cərrahiyyə əməliyyatından qurtulmaq üçün qaçırlar. Bəziləri isə hətta əməliyyat olunduqdan sonra da üzləşdikləri təzyiqlərə tab gətirə bilmirlər.

Parsinin təxminlərinə görə, əməliyyatdan keçənlərin təxminən 45 faizi transgender yox, geydir. Onun təbirincə, bu yaxınlarda İrandan bir qadın ona zəng edərək cərrahiyyə əməliyyatı ilə bağlı suallar verib. Parsinin "siz transseksualsınız, yoxsa lezbian" sualına isə həmin qadın cavab verməyə çətinlik çəkib. Çünki kimə "lezbian" deyildiyindən bixəbərdir.

"Sən 98 faiz qadınsan"

Hazırda Kayseridə yaşayan 37 yaşlı Marie İrandan 5 ay bundan əvvəl çıxıb. O, oğlan kimi böyüyüb, lakin iranlı həkimlər onu inandırıblar ki, "sən 98 faiz qadınsan".

"Həkim bildirdi ki, cərrahiyyə yolu ilə 2 faizlik kişi əlamətlərini qadın əlamətlərinə çevirə bilər, lakin 98 faiz qadın əlamətlərini kişi əlamətlərinə çevirmək mümkün deyil",- o deyir.

Bundan sonra o, cinsini dəyişmək qərarına gəlir. Hormonlarla müalicə müsbət nəticə verir. Döş vəzləri şişir, bədəndəki tüklər nazilir. Və Marie özünü cazibədar qadın kimi hiss etməyə başlayır.

"Amma cərrahiyyə əməliyyatından sonra özümü fiziki cəhətdən zədələnmiş kimi hiss etdim", - Marie deyir.

Bu zədəni sağaltmaq üçün Marie ailə qurur. Amma onun kişi ilə evliliyi çox sürmür. Onun qadın kimi həyatının qaydaya düşəcəyinə olan ümidləri puç olur.

Cərrahiyyə əməliyyatına qədər kənar adamlar ona baxanda qadın olduğunu dediyi halda əməliyyatdan sonra kişiyə bənzətməyə başlayırlar.

"Cərrahiyyə əməliyyatı məni dərdə saldı"

"Mən indi düşünürəm, görəsən, azad cəmiyyətdə yaşasaydım, cərrahiyyə əməliyyatına razılaşardımmı? Əmin deyiləm", - səsi titrəyir, gözlərindən yaş süzülür.

- Yorulmuşam. Həyatımdan bezmişəm. Hər şeydən bezmişəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm