Əməkdar artist: "Tərbiyəsizliyi qəbul edə bilmərəm"
Bizi izləyin

Tabloid.az

Əməkdar artist: "Tərbiyəsizliyi qəbul edə bilmərəm"

Əməkdar artist, tanınmış müğənni Lalə Məmmədovanın Publika.Az-a müsahibəsi


- Niyə son zamanlar mediadan uzaq düşmüsünüz?

- Başımı aşağı salıb, işləyirəm. İnsanları ancaq işlərimlə sevindirmək istəyirəm. Türkiyədən yenicə qayıtmışam. Orada türk dilində olimpiadalar keçirilir. Həmin musabiqənin Bakıda keçirilən uşaqların seçim turunda, münsiflər heyətində iştirak edirəm. Bu, artıq 3 ildir davam edir. Bir də Türkiyənin nüfuzlu universitetlərinin birində məzun buraxılışına qatılmışam. Onların təşkil etdiyi gecədə solo konsert proqramı ilə çıxış etmişəm. Demək olar ki, ancaq Azərbaycan mahnıları ifa etdim. Orada mənə təklif gələndə də dedilər ki, ancaq Azərbyacan mahnılarını dinləmək istəyirlər. Konsertdə hər kəs çox əylənirdi, məzunlar rəqs edirdi, hamının əhval-ruhiyyəsi yerində idi. Onlar mənim “Məktəb illərim” mahnımı ilk dəfə eşidirdilər, çox bəyəndilər. Həmin musiqi onları titrətmişdi. Məni çox isti qarşıladılar.

- Deyirlər bizdə türkiyəli ifaçıları şöhrətlə qarşılayırlar, ancaq azərbaycanlı müğənniləri Türkiyədə bu cür isti qarşılamırlar. Bu fikir doğrudur?

- Ora Türkiyə şou-biznesinə qoşulmağa getməmişdim ki. Məni məzunların gecəsinə dəvət etmişdilər. Əslində, o dediyiniz fərqi mən də hiss edirəm. Yəqin ki, onların öz müğənniləri özlərinə kifayət edir.

- Bəlkə bunun bir səbəbi də məşhurluq məsələsidir?

- Sənətçi mahnılarıyla məşhur olmalıdır. Mən bu gün “əndrabadi” (qeyri-adi) geyinib səhnəyə çıxsam belə, beş-on nəfəri təəccübləndirə bilərəm. Bəs yüzlərlə tamaşaçı auditoriyası necə? Həmin gecədə min nəfərə yaxın məzun var idi. Onların qarşısına tək gözəl geyimdə çıxa bilməzdim ki, təkcə mənim geyimimə baxsınlar. Onları musiqilərimlə feyzyab etməli idim. Mən hansı ölkəyə getdiyimdən asılı olmayaraq, hər zaman çalışmışam ki, ifamda onların dilinə məxsus bir mahnı olsun. Baxmayaraq ki, repertuarımda kifayət qədər türk mahnıları da var. Ancaq bu dəfə sırf öz mahnılarımızı ifa etdim və gördüm ki, orada bizim musiqiləri hətta əzbər bilənlər var.

- İllər əvvəl necə idinizsə, elə də qalmısınız. İllər sizdən heç nə ala bilməyib...

- Əslində, yaşım da çox deyil. Sadəcə, bu sənətə tez gəlmişəm - 14 yaşımdan səhnədəyəm. Tamaşaçıların gözü qarşısında böyümüşəm, elə onların gözü qarşısında da Allah qismət eləsə, qocalacağam. Əgər bu gün dəyişmədiyim hiss olunmursa, demək, həyatımda hər şey qaydasındadır.

- Xarici görünüşünüzdə "korrektə" etdirməyə necə baxırsınız?

- Allahın verdiyi simanı niyə dəyişməliyəm axı? Bəlkə qocalana yaxın yüngül nələrsə edərəm. Hər bir qadın cavan qalmaq istəyir. Ola bilsin, qocalanda qırışlarımı yox edərəm. Ancaq indi sahib olduğum hər şeyə görə, şükür edirəm. Kim istəyir bəyənsin, kim istəmir, bəyənməsin. Mən beləyəm, kompleksdən çox uzaq Lalə Məmmədova.

Bəyəm o zamanlar nənə-babalarımız əməliyyatlar keçirib, gözəlləşiblər? Sevilən insan hansı formada olduğundan asılı olmayaraq yenə də seviləcək.

- Ulduzluq xəstəliyinə tutulmaqdan qorxmursunuz ki?

- İnsanın sənəti varsa, səsi varsa ümumiyyətlə, sənətdə gözü toxdursa, o, heç vaxt ulduzluq xəstəliyinə tutula bilməz. Əgər sadaladıqlarımdan heç biri yoxdursa, əlbəttə, “mənəm-mənəm” deyəcək. O cür adamlar nə qədər görsələr də, onlara elə gəlir ki, yenə də azdır.

Siz heç görmüsünüz ki, dünya şöhrətli ulduzlar bir dəfə desinlər ki, "ulduzam və məndən yoxdur"? Heç Corc Mayk yaxud Ol Jero nə vaxtsa deyib ki, "məndən yoxdur"? Camaat onlara gülər. Onlar çox sakit və sadə şəkildə insanlar arasında gəzirlər. Heç kim də onlara heç nə demir. Mən də xalqımdan özümə qarşı heç bir hörtmətsizlik görməmişəm. Heç vaxt düşünmürəm ki, harasa tək gedərəm, kimsə mənə hücüm edər. El şənliklərində içkili vəziyyətdə olan insanlar belə, mənə bir kəlmə artıq söz deməyiblər. Hər kəs mənə hörmətlə yanaşıb. Buna görə xalqıma minnətdaram.

- O çərçivəni siz özününz yaratmısınız?

- Xeyr, bu, Allahdan gələn keyfiyyətlərdir. Mən bu cür olmaya və ya çərçivəsiz də doğula bilərdim. Əslində özüm üçün bir çərçivə qurub, yaşamağı sevən insan deyiləm. Bu, mənim daxilimdən gəlib. Mən belə yaşamışam. Hec zaman şəxsiyyətimi sənətimə qurban verməmişəm. Hər kəsin bir yolu var. Hər kəs özünə, qəlbinə və ruhuna yaxın olan yolu seçir. Burada genetik məsələlərlə yanaşı, digər amillər də var. Mən özümü elə bu cur görürəm, Allahın bu gününə çox şükür, həyatımda hər kəsin öz yeri var. Yola verməyi bacaran
insanam. Ancaq tərbiyəsizliyi qəbul edə bilmərəm.

- Qocalmaqdan qorxursunuz?

- Atam o zamanlar bir söz deyirdi, amma başa düşmürdüm. Deyirdi ki, “Səni görum qocalasan”. Deyirdim görəsən, atam niyə qarğış edir. Ancaq böyüdükdən sonra başa düşdüm ki, hər insana qocalmaq qismət olmur. Əgər bu, mənə nəsib olsa, çox şad olaram. Yaşımı gizlətmirəm, 34 yaşım var. 44, 54, 64 yaşıma çatanda da bunu gizlətməyəcəyəm. Niyə yaşadığım illəri danmalıyam ki? Əsağfurullah, həbsxanada yatmamışam, oğurluq etməmişəm ki, illərimi gizlədim. Ömrümdən heç bir ili kəsib atmaram. 34 yaşına kimi yaşadığım ömürdən razıyam. İki ali təhsilim var. Bu günə qədər çox şeylər etdiyimi düşünürəm.

“Leyli Məcnun” kimi ağır operanın öhdəsindən gəldim, əməkdar artistəm və Milli Konservaoriyada baş müəllim vəzifesində çalışıram. İnşallah, bu ilin sonunadək elmi işimin müdafiəsi nəzərdə tutulub. Gözəl ailəm və yaxşı dostlarım var. Ömründəm gedən hansı illəri kəsib ata bilərəm ki. Yaşadığım hər bir il, ay və günlə fəxr edirəm. Mənim balamın səsi və nəfəsi gəlir. Buna necə sevinməmək olar? Bu gün sahib olduqlarıma şükür edirəmsə, necə qocalmaqdan qorxa bilərəm? Axı mən qocaldıqda, övladım mənə nəvə bəxş edə bilər. Daha yaxşı günlər görə bilərəm. Axı o günləri gözləyirəm, o günlərin dadını çıxartmaq istəyirəm.

- Amma bəzi müğənnilər o "nənə" sözündən qorxurlar.

- Xeyr, heç də qorxmuram o sözdən. Bunu qəbul etmək mənim üçün o qədər də çətin olmayacaq. Həyatda o qədər gözəl dəyərlər var, "nənə" sözü niyə qorxulu olsun ki?

- Balaca Nərgiz necədir?

- Yaxşıdır, şükür Allaha, böyüyür. Bu il ilk dəfə məktəbə qədəm qoyacaq balam.

- Bacısı və qardaşı yoxdur. Niyə uşağı sevindirmirsiniz?

- Ürəyimdə deyirəm ki, kaş gözümü açıb görərdim ki, Nərgizin həm bacısı var, həm də qardaşı...

Türkan
Publika.Az



Oxumağa davam et
Reklam
Reklam

Gündəm