Milyonların sevgisindən milyonlarla dollar qazanan aktyor
Bizi izləyin

Tabloid.az

Milyonların sevgisindən milyonlarla dollar qazanan aktyor

Bir çox tanınmış kinoşünaslar onu daha çox Çarli Çaplinlə müqayisə edirdilər.

Çarli Çaplin üçün rolun böyüyü, kiçiyi olmadığı kimi Ceki də hansı rolu ifa etməsindən asılı olmayaraq, tamaşaçıların sevimlisinə çevrilməyi bacarırdı. Əslində Çanın böyüklüyü də bunda idi. O, Bryus Lidən sonra dünya kinosunun əlbəyaxa döyüş ustalarından biri kimi milyonların rəğbətini qazanıb. O da Bryus Li kimi mənşəcə honkonkludur, eyni zamanda amerikalıdır. O da Bryus Li kimi həm ağlasığmaz tryukları məharətlə yerinə yetirən aktyor-döyüş ustası, həm kinorejisssor, kaskadyor, prodüser, nəhayət, müğənnidir. O, bu günə kimi 150-dən artıq filmdə baş rola çəkilib. Çəkildiyi filmlərin harada nümayiş etdirilməsindən asılı olmayaraq, hər yerdə onu məhəbbətlə "bizim Ceki Çan"- deyə çağırırlar.

Honkonqa sığınan qaçqın

Ceki Çan 1954-cü ildə Honkonkda ən yoxsul ailələrdən birində anadan olub. Valideynləri Çində baş verən vətəndaş müharibəsi nəticəsində Honkonqa sığınan qaçqınlardandır. Əvvəlcə, Cekinin valideynləri - Çarlz və Lili Çan bir tikə çörəyə olan ehtiyaclarını ödəmək üçün Fransanın Honkonqdakı səfirliyində süpürgəçi və qulluqçu işlədilər. Ancaq onlar bununla dolana bilməyəcəklərini hiss edərək, başqa yollar axtarmağa başladılar. Sonralar tale onları uzaq Avstraliyaya aparıb çıxardı. Amma balaca Cekinin tale yolları valideynlərinkindən fərqli oldu. O, əvvəllcə, Nanxua ibtidai məktəbində oxudu. Sonra valideynləri Cekinin Honkonqdakı Çin Opera Tədqiqatları İnstitutu nəzdindəki məktəbə qoydular. Bu məktəb Cekinin gələcək həyat yolunu müəyyən etməsində önəmli rol oynadı. Məktəbdə xüsusi opera artistlərinin yetişdirilməsinə xidmət edən müxtəlif növ gimnastika hərəkətləri dərsi keçirilirdi. Bu da tezliklə Cekinin öz bədənini necə idarə etməyi öyrənməsinə imkan verdi. Məktəbdə onun aldığı ən böyük dərslərdən və gələcək həyatında ona şöhrət gətirəcək amillərdən biri də əlbəyaxa Kunq-Fu döyüş üsulunu öryənilməsi oldu. O, bu döyüş üsulundan opera səhnəsində o qədər məharətlə istifadə edirdi ki, tezliklə tanınmış rejissorların da diqqətini cəlb etdi. Təsadüfi deyil ki, məhz 8 yaşından sonra onu xuanmey-film operasında kütləvi döyüş səhnələrində çəkməyə başladılar. O, səhnədə, adətən, döyüşən uşaq obrazını yaradır və bununla tamaşaçıların diqqətini özünə cəlb etməyi bacarırdı. Ona görə də tezliklə balaca Cekini tanınmış aktyorlar olan Bryus Li, Sammo Hunq, Yuen Byao, Kori Kvay və digərlərinin iştirakı ilə çəkilən filmlərə dəvət etdilər. "Qəzəbli yumruq" filmində Bryus Li, "Yeddi bəxtigətirən" filmində isə o dövrün məşhur kino aktyorları Sammo Hunq, Yuen Byao və digərləri ilə çəkildi. Bütün bunlar isə onun istedadlı kinoaktyor, döyüş ustası kimi yetişməsində mühüm rol oynadı. Ötən əsrin 70-ci illərindən başlayaraq, Çan aparıcı rollarda çəkilməyə başladı. Eyni zamanda o özü də bəzi filmlərin ssenarisinin hazırlanmasında və müxtəlif səhnələrin çəkilməsində iştirak edirdi. O, bu filmlərindəki döyüş səhnələrini komediya janrında verməyə başladı. Bu isə o dövr üçün bir yenilik idi. Bəzi döyüş səhnələrində isə Çan kaskadyorların yerinə birbaşa özü iştirak edirdi. Bu da dəfələrlə onun həyatını təhlükə altında qoymuşdu. Ona görə də onun döyüş səhnələrində iştirak etmək istəyən aktyorlar, demək olar ki, yox idi. Buna baxmayaraq, Çan həyat üçün olduqca təhlükəli döyüş səhnələri olan filmləri çəkməkdə davam edirdi. Çanın həyatında ona ilk böyük uğur gətirən film "Sərxoş usta" filmi oldu. Bu filmdə ilk dəfə Çan özü üçün ənənəvi olmayan yazıq Von Fey Xun rolunda oynadı. Komediya janrında çəkilən filmdə Çanın tərəf-müqabili yaşlı nəslə mənsub olan və Saymon Yuen kimi tanınan, kifayət qədər məşhur aktyor Yuen Syu Tyen idi.

1980-ci ildə Ceki Çan daha bir filmdə çəkildi. Bu dəfə o tamaşaçılarla görüşə "Xoşbəxt ulduzlarda" filmi ilə gəldi. Amma yenə də Çan bu filmdə ikinci dərəcəli rolda oynayırdı. Filmdə baş rolda isə aktyor Sammo Hunq çəkilmişdi. Buna baxmayaraq, o yenə də böyük tamaşaçı rəğbətini qazana bildi. Əslində o hansı rolda oynamasından asılı olmayaraq, qeyri-adi, müəyyən qədər gülməli, həm də döyüşə can atması ilə daha çox diqqəti cəlb edirdi. Əslində aktyorun böyüklüyü də bunda idi: balaca rolda özünü filmin əsas qəhrəmanı kimi aparmaq və tamaşaçı kütləsinin sevimlisinə çevrilmək. Düzdür, həmin dövrdə Ceki Çan digər yerlisi Bryus Li ilə müqayisədə kölgədə qalırdı və ondan daha az sevilirdi. Amma bütün hallarda otən əsrin 70-80-ci illərində ən çox sevilən kinoaktyorlardan biri idi. Bir sözlə, hələ həmin dövrdə dünya kinosunun liderinə çevrilə bilməyən Çan səbirsizliklə məşhurların kölgəsindən çıxaraq öz ulduzunun tezliklə parlayacağına və ona şöhrət gətirəcək yeni rolunu oynayacağına ümid bəsləyirdi. Müvəqqəti olaraq, kinolarda baş deyil, ikinci dərəcəli rolda çıxış edən Ceki yeni janrlarda özünü sınamaq istəyirdi. Bu məqsədlə 1983-cü ildə Çan "A" layihəsi" filminin çəkilişlərində xüsusi kaskadyorlar qrupu ilə iştirak etdi. Kaskadyorların müxtəlif həyəcan dolu və həyat üçün olduqca təhlükəli görünən tryukları məharətlə ifa etməsi isə filmə daha çox tamaşaçı kütləsinin baxmasına gətirib çıxardı. Əgər filmə adi tamaşaçı gözü ilə baxsaq, onda məhz kaskadyorların ifa etdikləri təhlükəli tryukların diqqəti cəlb etdiyinin şahidi olarıq.

Ailə həyatı

Çanın ailə həyatı da özünəməxsus olub. Məşhur kino aktyoru 1983-cü ildə əslən Tayvandan olan aktrisa Lin Fentzyao (Lam Funqyu) ilə ailə həyatı qurub. Hər halda Çan özünün tərcümeyi-halında belə yazıb. Amma aktyorun həyatını təhqiq edən kinoşünaslar onun Lin Fentzyao ilə 1982-ci il dekabr ayının 1-də ailə həyatı qurduğunu yazırlar. Bu izdivacdan Çanın Çen Tszumin adlı oğlu dünyaya gəlib. Bundan əlavə, aktyorun nikahdankənar yaşadığı Eleyn U Tsili adlı aktrisadan 1999-cu ildə Etta U Çjolin adlı qızı anadan olub.

Komik savaşçı

Çanın yaratdığı qəhrəmanlar müəyyən qədər Bryus Linin qəhrəmanları ilə müqayisədə daha zəif, tənbəl təsiri bağışlayırlar. Bununla əlaqədar o deyir ki, özünün sadə, səmimi, bir qədər də aciz görünən qəhrəmanlarını Bryus Linin coşqun enerjili savaşçılarının əksi kimi yaradıb. Onun tənbəl və yazıq görkəmli qəhrəmanları saf və səmimidirlər. Ancaq onlar özlərindən güclü olan və sadə adamları incidənlərə qarşı cəsarətlə ayağa qalxır və sonda onları məğlub edərək, haqq və ədalətin bərpasına nail olurlar. Çanın çəkdiyi və çəkildiyi filmlərdə, ümumiyyətlə, iki cəbhə var: yaxşılar və pislər. Ancaq sonda pislər bəzən haqsızlıqlarını etiraf edərək, yaxşıların qarşısında diz çökürlər. 2000-ci illərdən başlayaraq, Çan oynadığı filmlərdə daha çox qəhrəmanlıq süjetlərinə və musiqili səhnələrə yer verir. Bununla əlaqədar İtaliya mətbuatına verdiyi müsahibəsində Çan deyib ki, əsas məqsədi özünün həm məşhur döyüş aktyoru, həm də kino müğənnisi olduğunu tamaşaçıya çatdırmaqdır.

Qəribə ləqəblər

Çan da bir çox məşhurlar kimi müxtəlif adlarla çağırılıb. Anadan olanda çəkisi normadan artıq 5,5 kilo idi. Ona görə də anası ona Pao Pao (ət kütləsi) adını vermişdi. Opera məktəbində oxuyarkən isə Çanı müəllimi Yu Cim Yenin adı ilə Yuen Lo deyə çağırırdılar. 1976-cı ilə kimi tamaşaçılar arasında daha çox Çen Yuen Lun adı ilə tanınırdı. Avstraliyada yaşayarkən dostları ona inşaat meydançasında işləyən fəhlə Cekin adını verdilər və bu onun tərcümeyi halında əbədilik qaldı. Yeri gəlmişkən onu da deyək ki, aktyorun ata tərəfindən soyadı Fandır. Sonralar Çeki adı Fan Şilunla əvəz olundu. Çan həmçinin Yuan Lung Chan, Lung Chen, Long Cheng, Wellson Chin, Baseball Bat adları altında da kinolara çəkilib.

Yüksək qonorar

Çan çəkildiyi filmlərə görə kifayət qədər yüksək qonorar alıb. Məsələn, 1995-ci ildə çəkildiyi "Bronksda savaş" filminə görə 4 milyon, "Şanxayda gün yarı filminə" görə 5 milyon, 2001-ci ildə "Ças Pik 2"yə görə 15 milyon, 2007-ci ildə yenə də "Ças Pik3"ə görə 15 milyon, 2008-ci ildə "Qadağan olunmuş çarlıq" filminə görə 5,89 milyon, 2010-cu ildə "Karate oğlan" filminə görə isə 7,9 milyon dollar qonorar alıb. Ümumiyyətlə, Ceki Çan 130 filmdə çəkilib.

Son illərdə Ceki Çan çox az hallarda kinolara çəkilir, ancaq buna baxmayaraq, o yenə də dünyanın ən məşhur kino aktyorlarından biri olaraq qalır. Çanın nadir hallarda kinoya çəkilməsi onun haqqında bir neçə dəfə ölüm xəbərinin çıxmasına səbəb olub. Amma hər dəfə də məlum olub ki, Çan sağdır və onun az-az tamaşaçılarla görüşə gəlməsi vaxtının çox hissəsini ailəsinə həsr etməsi ilə bağlıdır.

Hazırladı: Cəlil CAVANŞİR

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm