“Ailəmdən uzun müddət kənarda qala bilməzdim” - Müsahibə
Bizi izləyin

Tabloid.az

“Ailəmdən uzun müddət kənarda qala bilməzdim” - Müsahibə

“YUĞ” teatrının yeni baş rejissoru Gümah Ömərin Publika.az-a müsahibəsi

- Gümrah bəy, artır “YUĞ”da işə başlamısınızmı?

- “YUĞ”da fəaliyyətimizi dayandırmamışdıq. Hazırda teatrda tamaşalar üzərində işlər gedir. Əlimizdəki işləri tamamlayandan sonra yeni işlərə başlayacağıq. Yeni mövsüm üçün planlarımızı qururuq.

- Gəncə Dövlət Dram Teatrının baş rejissoru idiniz və quruluş verdiyiniz tamaşalar var. Həmin tamaşalar oynanılanda Gəncəyə gedəcəksinizmi?

- Mən artıq Bakıdayam. Gəncə teatrına İradə Gözəlova – çox istedadlı baş rejissor təyin olunub. O, məndən öncə də teatrın yaradıcı prosesində iştirak edirdi. Mən baş rejissor olanda da tamaşalar qoyurdu.

- Gəncədə neçə il işlədiniz?

- Üç il ərzində beş tamaşa qoydum.

- Orada hansı tamaşalara quruluş verdiniz?

- Antuan de Sent-Ekzüperinin “Balaca Şahzadə”, Axundovun “Müsyo Jordan və Dərviş Məstəli şah”, Elçinin “Cəhənnəmdən cənnətə” (əsərin adı “ Cəhənnəm sakinləri”dir – İ.V.), Molyerin “Skapenin kələkləri”, İftixarın “Dan yeri söküləndə” əsərlərinə quruluş verdim.

- Gəncə teatrında hansı yenilikləri edə bildiniz?

- Uzun illər “YUĞ”da çalışmışam, burada böyümüşəm. “YUĞ” ənənəvi teatr deyil. Amma orada klassik teatr üslubu ilə “YUĞ”u birləşdirdim.

- Alındımı?

-Məncə, maraqlı idi. Üç tamaşamız çox uğurlu oldu. Bu tamaşalar teatrın yaradıcı potensialını üzə çıxarmağa xidmət elədi.

- Orada yarımçıq işləriniz qaldımı?

- Hər bir teatrın öz yaradıcı işi, perspektivi və uğurları var. Mən Bakıya qayıtmağa məcbur idim, ailəmdən uzun müddət kənarda qala bilməzdim. Müqaviləmiz bitdiyi vaxt işlərimiz də bitdi. Çünki müqavilə ilə çalışırdıq.

- Bölgədə çalışmağın nə kimi özəlliyi var rejissor üçün?

- Doğrudan da, Gəncə teatrında teatr sənəti üçün doğulmuş, teatrda işləməyə can atan, özünü orada görən insanlar çalışırlar. Ola bilər ki, paytaxtda bunlar bir az nisbi xarakter daşıyır. Amma bölgədə teatr sahəsində çalışan insanların əmək haqqı, yaşam şəraiti yüksək deyil. Yalnız özünü sənətdə görən insanlar elə çətin şərtlər altında teatrda qala bilirlər. Bu mənada deyərdim ki, oradakı aktyorlar zəmanəmizin bir çox mənfilikərindən uzaq idilər. Onlar gerçəyi görməyi bacaran və sağlam düşüncəli insanlardır. Çox istedadlı, təravətli aktyorlardır. Bölgələrdə gənclərin teatra cəlb olunmasında problem var. İstedadlı gənclər də var. Sadəcə, onların təhsil problemi məsələni qəlizləşdirir. Ona görə teatrın daxilində studiya yaratdıq ki, gənclər peşə vərdişlərini öyrənsinlər.

- Tamaşaçılar teatra münasibəti necə idi?

- Sizi inandırım ki, Gəncənin necə gözəl, teatral tamaşaçısı var. Onlar öz ənənələrini qoruyurlar, təəssübkeşdirlər. Təbii ki, bu, kütləvi hal deyil. Orta yaş həddini keçmiş, teatr görmüş insanların böyük marağını hiss etdim. Onlar keyfiyyətli tamaşanı başa düşürlər. Çox maraqlı tamaşaçıları var, müzakirələrə qatılırlar. Teatrda nə baş verir, gələcəkdə nə olacaq... Arzu və istəklərini bölüşürlər. Sadəcə, orada gənclərlə iş aparmaq lazımdır.

- Orada kirayədə qalırdınız?

- Bəli, kirayədə yaşayırdım.

- Sizcə, region və paytaxt teatrlarının nə kimi fərqi var?

- Hərəsinin öz özəlliyi var və hansınısa fərqləndirmək olmaz. Əlbəttə, paytaxtda seçim çoxdur, təhsil almış gəncləri teatra cəlb etmək olur. Amma açıq etiraf edək ki, indiki təhsil aktyorların normal fəaliyyəti üçün kifayət etmir. Bu mənada burada da çatışmazlıqlar var.

- Siz “YUĞ” məktəbinin yetirməsisiniz. Yəqin ki, yenidən bura qayıtmağınıza sevindiniz?

- Ustadım Vaqif İbrahimoğlu məni “YUĞ”da görmək istəmişdi. Bu da mənim boynuma qoyulmuş məsuliyyətdir. Mən bu məsuliyyəti ömrümün sonuna qədər daşımağa hazıram. “YUĞ” öz poetikası və metodikası olan peşəkar teatrdır. Yəni, dünyada analoqu olmayan çox nadir teatrlar var ki, öz poetikası və metodikası olsun.

- Burada yeni nə planlar var?

- Repertuarı təqdim etmişik. Təsdiqlənəndə açıqlama veriləcək.

- Son zamanlar sizin teatrdan Akademik Milli Dram Teatrına axın var və bu “Azdrama” aktyorlarının bəzilərinin qıcıqlandırır. Sizcə, aktyorun aktyora belə münasibəti doğrudurmu?

- Mən özümə qarşı heç bir şey hiss etməmişəm. “Azdrama”da tamaşa hazırlayanda mənə qarşı heç bir qıcıq olmayıb. Çünki uzun illərdir həmin insanları tanıyırıq, ünsiyyətimiz, münasibətimiz var.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm