Tabloid.az
“Qaraçılar kralı”nın azərbaycanlı xanımı - Məşhur aktrisa Tamilla ilə qaraçı rəqqas Nikolayın eşq HEKAYƏSİ
Teatr və kino aktrisası, rəqqasə və dövrünün ən füsunkar qadınlardan biri kimi tanınan Tamilla Ağamirovanın adı Azərbaycanda orta və gənc nəsil üçün yəqin ki, tanış deyil.
Halbuki, Bakıda anadan olmuş, 50-60-cı illərdə çəkilən bir çox Azərbaycan filmlərində rol alan Tamilla Ağamirova həyatını qürbətlə bağlayan ən məşhur azərbaycanlılardan biridir. 60 ildən artıqdır ki, Rusiyada yaşayan azərbaycanlı xanım maraqlı həyat tarixçəsi, qaraçı əsilli SSRİ Xalq artisti (1981), aktyor və müğənni Nikolay Sliçenko ilə uzun illərdi ki, davam edən xoşbəxt evlilik həyatı və peşəkar karyerası ilə daim diqqət mərkəzində olub. Təsadüfi deyil ki, karyera xidmətlərinə görə aktrisaya Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Akademiyasının professoru, , Beynəlxalq Akademiya Teatrının fəxri magistrı və ən əsası, 1988-ci ildə Rusiyanın Xalq artisti fəxri adı verilib. O, həm də "Maski" Fondunun vitse-prezidentidir.
Modern.az saytı uzun illərdir Rusiayada yaşayan məşhur azərbaycanlı aktrisa Tamilla Ağamirovanın həyat yoluna nəzər salır.
Tamilla Ağamirova 1928-ci il mayın 21-də Bakı şəhərində anadan olub. Onun atasi Sucay Ağamirov bəy nəslindən idi və hər üç övladının (2 qız, 1 oğlan) hərtərəfli təhsil almasına çalışırdı. Lakin 1937-ci ildə başlayan repressiyalar Ağamirovlar ailəsindən də yan keçmədi. Sucay Ağamirov və xanımı “xalq düşməni” kimi sürgün edildilər. Xoşbəxtlikdən gələcək aktrisanın bibisi Suqra xanım Tamillanı və onun bacı ilə qardaşını öz himayəsinə götürüb. Maraqlıdır ki, Suqra xanım dövrünün ən mükəmməl təhsil almış qadınlarından biri idi və qadınlara xas olmayan “mühəndis-neftçi” ixtisası üzrə Bakı buruqlarında çalışırdı.
Böyük Vətən Müharibəsinin davam etdiyi 4 il ərzində Bakıda ciddi maddi sıxıntılar içində yaşayan Tamilla Ağamirova müharibədən sonra aktrisa karyerası qurmaq və ümumittifaq məşhurluğu qazanmağın xəyalları ilə yaşayırdı. Bibisi qardaşı qızının bu istəyinə hərtərəfli dəstək oldu. Həm zahiri gözəlliyi, həm də daxili istedadı ilə Moskvanı fəth etmək barədə düşünən 18 yaşlı Tamilla bu yolda ilk addım olaraq Bakı Teatr Məktəbinə daxil olur. Burada təhsilini başa vurduqdan sonra 1951-ci ilin əvvəllərində çoxdan görməyi arzuladığı Moskvaya gedir. Və elə ilk imtahandaca münsifləri valeh edərək birbaşa SSRİ Teatr İncəsənəti İnstitutunun 3-cü kursuna daxil olur. 2 il sonra təhsilini yekunlaşdırır və bu dəfə MXAT məktəb-studiyasına daxil olur. SSRİ-nin aparıcı incəsənət ocaqlarında aldığı aktrisa təhsili Tamilla Ağamirovaya teatr qastrollarına getməyə imkan verir.
1952-ci ildə konsert vermək üçün yollandığı Sverdlovsk şəhərində
(indiki Yekaterinburq) Tamella Ağamirovanın taleyini dəyişəcək
görüş baş verir. Həmin vaxt Sverdlovskda tamaşa proqramı ilə çıxış
edən və dünyaya yeganə qaraçı teatrı sayılan Moskvanın “Romen”
teatr truppasının üzvlərindən olan Lyalya Çernaya şəhər
mehmanxanalarından birində Tamilla Ağamirova ilə üzləşir. Uzun
illər “Romen” teatrında çalışan Çernaya qaraçı hissiyatı və qocaman
təcrübəsi ilə hiss edir ki, qarşısındakı yaraşıqlı gənc xanım böyük
istedada malikdir. Tamilla dərhal Çernayanın “Romen” teatrında
işləmək barədə təklifini qəbul edir. Elə həmin gün teatrın bədii
şurası azərbaycanlı xanımın truppaya qəbul olunması ilə bağlı
müsbət rəy verir. Beləliklə, 24 yaşlı Tamilla Ağamirova 1952-ci
ildən etibarən qaraçıların “Romen” Musiqili Komediya teatrının
aparıcı aktrisası olur. Bu zaman “Romen” teatrı “İnadkar ürəklər”
tamaşasını səhnələşdirməyə hazırlaşırdı və azərbaycanlı aktrisaya
tamaşadakı ən çətin rollardan biri – mühəndis Yelanina obrazı
həvalə olunur. Tamaşanın premyerasına 1 aydan az vaxt qalmasına
baxmayaraq əməksevər Tamilla Ağamirova tamaşada Yelena obrazını
uğurla canlandırır. Hətta buna görə Stalin mükafatına namizəd də
göstərilir. “Romen” teatrında aktrisa ard-arda 40-dan artıq
tamaşada iştirak edir və teatr truppasının ayrılmaz üzvünə
çevrilir.
Amma teratr kareyrası ilə yanaşı, Tamilla Ağamirova kino
təklifləri də almağa başlayır. Onun ilk filmi 1957-ci ildə rejissor
Qriqori Kozintsevin Miqel de Servantesin “Don Kixot” romanı
əsasında ekranlaşdırdığı eyni adlı film olur. Tanınmış aktyorlar
Nikolay Çerkasov, Yuri Tolubeyev və Serafima Birmanın yer aldığı
filmdə Tamilla Ağamirova cazibədar qrafinya İltisidora obrazını
yaradır. Film sovet tamaşaçıları tərəfindən böyük maraqla
qarşılanır. Onlar ilk növbədə Tamilla Ağamirovanın aktyor oyunu və
gözəlliyindən heyrətlənmişdilər. 29 yaşında böyük ekranda debut
edən azərbaycanlı xanım kino karyerasını ikinci planda saxlayır və
daha çox teatr tamaşalarında iştirak edirdi.
Təsadüfi deyil ki, uzun karyerası boyu Ağamirova cəmi 12 filmdə
çəkilib. Yeri gəlmişən azərbaycanlı kinomatoqrafçılar da “Don
Kixot” filminin uğurları fonunda aktrisanı Azərbaycan
kinostudiyasındakı filmlərə çəkilməyə dəvət edir. Aktrisa xüsusən
kinorejissor Əjdər İbrahimovla məhsuldar əməkdaşlıq edir və “Don
Kixot” filmindən sonra növbəti filmi “Onun böyük ürəyi” (1958)
psixoloji-məişət dramı olur.
Müsahibələrindən birində Tamilla Ağamirova Azərbaycan filmlərində çəkilməsi ilə bağlı detallara belə aydınlıq gətirib.
“Mən Azərbcyan kinolarında çəkilməyə başlayanda artıq Moskvada yaşayırdım və “Romen” teatrında çalışırdım. Təyyarə ilə Bakıya gəlib-qayıdırdım. Maraqlı aktyor və rejissorlarla çalışırdım və maraqlı çəkiliş proseslərində iştirak edirdim. “Don Kixot” filmindəki debütdən sonra rejissor Əjdər İbrahimovun “Onun böyük ürəyi” filmi ikinci kino rolum idi. Amma “Don Kixot”dakı İltisidordan fərqli olaraq bu filmdə yaratdığım Səmayə obrazı kinoda ilk baş rolum idi. Çəkildiyim hər bir film mənim üçün əzizdir və onların çəkilişləri barədə ən xoş xatirələrim qalıb”.
Azərbaycan kinosunun incilərindən sayılan filmdə Səmayə obrazını
canlandıran Tamilla xanım Leyla Bədrbəyli, Nodar Şaşıqoğlu və
Gündüz Abbasov kimi tanınmış aktyorların tərəf müqabili
olur.
Daha sonrakı karyerasında Tamilla Ağamirova "Əsl dost" (1959, Tofiq Tağızadə) filmində Bilqeyis, "Koroğlu" (1960, Hüseyn Seyidzadə) filmində Alagöz, "Matteo Falkone" (1960, Tofiq Tağızadə) filmində Cüzeppa, "Zəncirlənmiş adam" (1964, Kamil Rüstəmbəyov) filmində Fatma, "Yenilməz batalyon" (1965, Hüseyn Seyidzadə) filmində musiqi müəllimi obrazlarını yaratmaqla adını Azərbaycan kinematoqrafiya tarixinə yazır.
Tamilla Ağamirovanın şəxsi həyatına gəlincə, o karyerasını “Romen” qaraçı teatrı ilə bağladığı kimi, həyat yolunu da qaraçı oğlanla – SSRİ Xalq artisti (1981), tanınmış kinorejissor, aktyor, müğənni və rəqqas Nikolay Sliçenko ilə bölüşür. Onlar uzun illər birgə çalışdıqları “Romen” teatrında tanış olublar.
Nikolay Sliçenko Tamilla Ağamiorova ilə aralarında sevgi münasibətlərinin yaranmasını müsahiblərinin birində belə xatırlayır.
“Açığı uzun əhvalatdır. Mən teatra 1951-ci ildə, Tamilla isə
52-ci ldə gəlmişdi. Məndən dərhal sonra. Həmin ərəfədə o, MXAT-ın
məktəb studiyasını da bitirmişdi. Sizə deyim ki, Tamilla füsunkar
idi. Onunla küçədə getmək dözülməz idi. Sözlə ifadə edilməz
gözəlliyi var idi. Bir sözlə azərbaycanlı idi”.
Tamilla Ağamirova da əri ilə həmfikirdi.
“Görüşməli olan iki nəgər görüşdü. Bizim nigahımız göylərdə
kəsilmişdi. Əsl sevgi hissləri yaşadığımız üçün illər keçdikcə bu,
daha da güclənirdi”.
Qaraçı Nikolay Sliçenko evlənmək məqamı çatan zaman azərbaycanlı sevgilisinin valideynlərinin problem yaratmadığını deyir. O zarafatla bunu qaraçı olması ilə əlaqələndirir.
“Onun valideynləri müsəlman idi. Lakin razılığa gələ bildik. Bəlkə də onlar mənim qaraçı olmağımdan qorxmuşdular. Düşünüblər ki. birdən qızı oğurlayar?”.
Sliçenkonun sözlərinə görə, onlar evliliklərinin ilk illərində ciddi maddi sıxıntı içində birotqalı mənzildə yaşasalar da, aralarındakı güclü sevgi bu çətinlikləri görünməz edib.
“Mən ona sevgi etirafı edəndə sanki qanadlanıb uçurdum. Toy etməyə pulumuz yox idi, çünki teatrda qəpik-quruş verirdilər. Toydan sonra ilk vaxtlar 14 metrlik kommunal otaqda yaşayırdıq. Otağı təmir etməyə pulumuz da yox idi, amma əvəzində aramızda sevgi var idi”.
Beləliklə, 1960-cı ildə 26 yaşlı Nikolay Sliçenko ilə 32 yaşlı Tamilla Ağamirova nikaha daxil olurlar.
Qeyd etmək lazımdır ki, Nikolay Sliçenko da Tamara Ağamirova
kimi çətin həyat sınaqları ilə üzləşmişdi. 1934-cü il dekabrın
27-də Rusiyanın Belqorod şəhərində oturaq həyat tərzi sürən qaraçı
ailəsindən olan Sliçenko Böyük Vətən Müharibəsi zamanı alman
hərbçilərinin onun atasını güllələməsinə şahidlik etmişdi. O,
müharibədən sonra çoxsaylı bacı-qardaşlarını dolandılrmaq üçün
Voronej vilayətindəki kolxozda çalışır və təsadüfən haqqında
eşitdiyi “Romen” musiqili dramatik qaraçı teatrında çalışma üçün
Moskvaya yollanır. Aktyor kimi çoxsaylı tamaşaçı rəğbəti
qazandıqdan sonra Sliçenko rejissorluq kurslarını bitirir və
1977-ci ildə “Romen” teatrının baş rejissoru olur.
Hazırda Nikolay Sliçenko dünyada yeganə professional qaraçı teatrı olan “Romen”in bədii rəhbəridir. Bütün bu illər ərzində Tamilla Ağamirova onun bütün uğurlar və məyusluqlarının şahidi olub. Onların artıq 54 ildir ki, davam edən iş və sevgi ittifaqı Rusiya teatr aləmində dillər əzbəridir.
Nikolay Sliçenko Tamilla Aağamirova ilə sevgi hisslərinin güclü olmasını aralarında qısqanclıq hissinin olamaması və bir-birini dəlicəsinə sevmələri ilə əlaqələndirir.
“Hər şey çox sadədir. Əgər iki yar bir-birin sevirsə, nə problem
olur, nə də sual yaranır. Mən gözəl xanımlarla dost olmuşam, amma
bundan artıq heç nə. Hesab edirəm ki, şəxsi həyatda mənim bəxtim
gətirib”-deyə Sliçenko Ağamirova ilə keçirdiyi illərin
xoşbəxtliyini belə bölüşür.
Onların bir-birinə bağlılığının 2010-cu ilin oktyabrında Tamilla
Ağamirovanın başına gələn xoşagəlməz olay zamanı da görmək olardı.
Həmin il oktyabrın 19-da Moksvanın Yuri Nikulin adına sirkində
tamaşa izləyən zaman Tamara xanım müvazinətini itirərək yer
yıxılmışdı. Başından xəsarət alan aktrisa xəstəxanaya çatrıdılaraq
əməliyyat olunmuşdu. Bütün bu müddət ərzində Nikolay Sliçenko
sevimli həyat yoldaşını bir dəiqə belə, tək qoymurdu. “Romen”
teatrının qastrol turunu təxirə salan Sliçenko həyat yoldaşının
buna etiraz etməsinə də məhəl qoymurdu.
“Mənim üçün əsas olan həyat yoldaşımın səhhətidir. Qalan hər şey
gözləyə bilər”-deyə o, qətiyyətlə bildirmişdi. Bir aylıq müalicədən
sonra Tamilla Ağamirova ərinin müşayiəti ilə xəstəxananı tərk
etmişdi.
Bu xoşbəxt evlilikdən onların 3 övladı – oğulları Mixail və Pyotr, qızları Tamilla (1963) dünyaya gəlib. Övladları valideynlərinə 7 nəvə, 1 nəticə və 1 kötücə bəş edib. Nikolay Sliçenko qız nəvələrindən birini də sevimli həyat yoldaşının şərəfinə Tamilla adlandırıb. Yerli gəlmişən onların qızları Tamilla da valideynləri kimi “Romen” teatrında aktrisa kimi çalışır.
Nikolay Sliçenkonun 7 nəvəsindən biri isə babasının şəfərinə
Nikolay adını daşıyır. Nəvə Nikolay da nənəsi kimi “Ruisya Teatr
İncəsənəti Universiteti”ni bitirib və Rusiyanın “Fabrika Zvezd”
telelayihəsində iştirak edib.
İndi bu ailədə 3 Tamilla var: nənə, qız, nəvə...
Tamilla Ağamirovanın doğma vətəni –Azərbacanla əlaqələrinə gəlincə, səhhətinə görə uzun illərdir Bakını ziyarət edə bilməsə də, valideynlərinin dəfn olunduğu bu şəhəri özü üçün müqəddəs hesab edir.
“Mən Bakıda çoxdan olmamışam. Amma uşaqlıq və gənclik illərimin keçdiyi şəhəri böyük hərarətlə xatırlayıram. Mənim hər iki valideynim Bakıda dəfn olunub və bu məni Bakıya daha çox bağlayır. Mən onu bilirəm ki, atamın qəbri üstə həmişə canlı güllər qoyulub. O, Azərbaycan üçün çox işlər görüb.
60 ildən çoxdur ki, Bakını tərk etmişəm amma o həmişə mənim yaddaşımdadır. Bakı mənim üçün müqəddəs şəhərdir. Bakıya gəlmək istərdim, amma yaşım və sağlamlığım buna imkan vermir”.
Doğma şəhərinə gələ bilməsə də, Tamilla Ağamirova Moskvada yaşayan bacısı ilə azərbaycanca danışdıqlarını etiraf edir.
“Azərbaycanca hər şeyi anlasam da danışmaq praktikam yoxdur. Amma Moskvadakı bacımla danışan zaman, ya da Moskavdakı Azərbaycan səfirliyində görüş zamanı azərbaycanca sözlərdən istifadə edirik”.
Tamilla xanımın sözlərinə görə, əri Nikolay Sliçenko da Azərbaycana qarşı isti münasibət bəsləyir və hətta əmisi Mirsuca Ağamirovun onu bir vaxtlar “azərbaycanlı qaraçı” adlandırdığını təbəssümlə xatırlayır.
Həyatını qaraçı kişi ilə bağlayan 86 yaşlı Tamilla Ağamirova bu gün çox xoşbəxtdir. Övladlarının və nəvələrinin qayğısı ilə əhatələnən Tamilla xanım 18 yaşında Bakıda xəyallarını qurduğu bütün arzularını Moskavada gerçəkləşdirə bilib.
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO