Azərbaycanlı rəqqasə: “Qızımın gözlərini görmüsünüz? Çox qəmlidir...“
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı rəqqasə: “Qızımın gözlərini görmüsünüz? Çox qəmlidir...“

Tanınmış rəqqasə Fatimə Fətəliyevanın Publika.az-a müsahibəsi



- Son zamanlar heç görsənmirsiniz. Deyəsən, başınız yaman qarışıqdır?

- Konsertimin diskini hazırlayıram. Əslində bu diski özüm üçün hazırlamışam, amma indi fikrim var ki, bunu dükanlara təhvil verim. Tamaşaçılarım da darıxıb. Axı satışda da rəqs albomu yoxdur. Bu, həm də bir yenilikdir, maraqlı olar. 1000 tirajla buraxacağam.

- Bir zamanlar oxumaq eşqinə düşmüzdünüz, nə oldu?

- Oxuyuram da, xəbəriniz yoxdur? (gülür) Xınayaxdılarda oxuyuram, özü də canlı. Mən artıq canlı oxuyan müğənnilərdənəm (bunu zarafatla vurğuladı). Sonra evə gələndə, görürəm ki, səsim batıb.

Mənə çox dedilər ki, oxusan yaxşı olar. Ancaq düşündüm ki, müğənni olsam, mənə gülərlər. İnsan gərək öz yolu ilə getsin. Axı mən rəqqasəyəm.

İnşallah, rəqsimlə ürəyim istəyən zirvəyə çatım, sonra başqa işlər üzərində düşünəcəyəm. Bu, oxumaq olmayacaq, elə bir iş olacaq ki, oradan yaxşı pul gəlsin. Elə bilirsiniz ifaçılar səsləri olduğu üçün oxuyur? Xeyr, əksəriyyəti bunun maddi tərəfini düşünür. Onlar toydan qazanırlar. Bəziləri özünü reklam edib, tanınmaq üçün çalışırlarsa, digərləri toy tutub, pul qazanmaq istəyirlər. Bu gün o qədər müğənni var ki, heç onları toya belə çağıran yoxdur. Yenə də hər kəs müğənni olmağa can atır. Ona görə, mənə heç müğənni olmaq lazım da deyil. Öz işimi yola verim, bəsimdir. Öz peşəmdə o qədər maraqlı hadisələr olur ki, başqa nəyisə düşünməyə vaxtım belə olmur. Səhər açılandan məşqlərdə olurdum.

- Məşq edirsiniz? Yəqin yenə də solo konsertə hazırlaşırsınız?

- Yox, tək o deyil. Hazırda rəqqasələr hazırlayıram. Qızları sıfırdan götürmürəm, artıq yetişmiş rəqqasələri öyrədirəm. Onlara gözəl, milli musiqi sədaları altında rəqs etməyi öyrədirəm. İndi onlar tam hazır olsun, geyimləri qüsursuz, rəqsləri təkrarolunmaz pilləyə çatanda, efirə çıxarıb, təqdim edəcəyəm. Qoy Fatimə təqaüdə çıxanda, onlar qalsınlar.

- Demək, siz artıq bir Fatimə məktəbi yaratmışınız...

-Hər adam peşəkar olmur. Mən “Eurovision”da Dövlət Rəqs Ansamblımıza baxdım və hədsiz zövq aldım. Bizim gözəl rəqqasəmiz Afaq Məlikova böyük zəhmət çəkib. Allah onun canını sağ eləsin. Təranə Muradova ilə Afaq Məlikova ən sevdiyim rəqqasələrdəndir. Çox istərdim o Dövlət Ansamblımız Avropada dayanmadan çıxış etsin. Mən həm də o uşaqlarla çıxış etməyi çox istəyirəm. Bu fikrimi söyləmək üçün Afaq xanımla görüşdüm. O, məni çox istəyir, fikrimi də alqışladı. Baxmayaraq ki, Afaq xanım onu konsertimə dəvət etmədiyim üçün incimişdi. Amma mən üzrümü istədim. O, həqiqətən korifey sənətkardır.

- Sevdiyiniz rəqqasələr haqda fikrinizi bildirdiniz. Bəs Oksana Rəsulova ilə münasibətlər hansı vəziyyətdədir?

- Heç bir münasibət yoxdur.

- Amma mətbuat sizin “müharibənizdən” fərqli fikirlər yazır. Deyirlər barışmısınız, az müddət keçir və yenidən yazılır ki, münasibətlər “son raund”a çatıb. Bəlkə buna son qoyaq?

- Son bilirsiniz nədir? Mən o insan haqda danışmaq istəmirəm. O həyatda var və bu gün yaşayır. Bir xanım kimi ona xoşbəxtlik arzu edirəm. Bu sözləri ürəkdən deyirəm. Ancaq başqa heç bir məsələ haqda danışmaq istəmirəm. Biz bir-birimizi başa düşmürük.

- Deyəsən, sizdə alınmır...

- Bəli, məsələ elə budur. Nə olursa olsun, sonda yenə də məlum olur ki, bizimki alınmır. Sonuncu dəfə də ona qarşı jesti mən etdim, amma yenə də başqa nəticələr oldu. Gördüm ki, yenə başqa söz-söhbətlər çıxır. O, bir qərara sahib insan deyil. Gah belə olur, gah da belə. Bir yerdə qərarlaşmır. Ona görə, artıq heç nə eləmək və demək istəmirəm. Başım sakit olsun deyə, ən yaxşı uzaq qalmaqdır.

- Digər həmkarlarınızla münasibətləriniz necədir? Yadımdadır, əvvəllər sizi yaman çəkişdirirdilər. İndi deyəsən, Fatimə toxunulmaz olub?

- Köhnələr əl çəkib, amma yeni çıxan hər biri məni yada salır. İndi hələ təzələr olmadığı üçün sakitlikdir. Amma kiməsə lazımdırsa, ona dəstək olaram. Lakin davadan sonra məndən dəstək gözləməsinlər.

- İndi qalmaqal üçün pul tələb edən məşhurlar da var. Deyirlər, pul ver, sənlə qalmaqal edim və məşhurlaş.

- Nə danışırsınız? Vay anam, belə hallar da baş verir? Mən belə şeylərdən uzağam. Onlara Allahdan şəfa diləyirəm.

- Sizi həm də bir “biznes ledy” kimi tanıyırlar. Nə vaxtsa rəqqasəliyi atıb, sırf bu işlə məşğul olarsınız?

- Mən axı səhnədən mədəni getməliyəm. İstəmirəm desinlər ki, daha getmək zamanıdır, sağ ol! Özüm, necə deyərlər, urvatlı getmək istəyirəm. Rəqsin ömrü çox azdır. Bunun üçün bizneslə yanaşı mən öz məktəbimi yaratmaq istəyirəm. Tək fikrim, cavanlara dəstək olmaqdır. “Biznes ledy” kimi də qalmaq istəyirəm. Ancaq heç vaxt rəqqasəlikdən tamamilə uşaqlaşmayacağam. Özüm oynamasam da gənclərin irəli getməsi üçün əlimdən gələni edəcəyəm. Mən onların arxasında dayanacağam.

- Şou aləmində belə ürəyiaçıq adam az olur...

- Mənə zamanında çox əziyyət veriblər. Mənə heç kim kömək etməyib. Müəllimlərimdən tutmuş, yaxın və uzaq ətrafıma qədər, heç kim mənə dəstək verməyib. Müəllimlərim mənə dərs keçiblər, hər bir tələbəyə öyrətdiklərini mənə də öyrədiblər. Amma dəstəyə qalanda, səmimi etiraf edəcəyəm, üzümə deyiblər ki, sənə kömək etməyəcəyik. Gördüklərimdən şoka düşdüyüm vaxtlar olub. Onlar açıq şəkildə mənimlə mübarizə aparırdılar. Mən amma heç kimi büdrəməyə qoymaram, əksinə, yardım edərəm. Heç kim anasının bətnində peşəsini öyrənmir. Guya mən düzgün oynayırdım? Mənim o qədər səhvlərim olub ki. Bunu etiraf edirəm, boynuma alıram ki, mənim də bacarmadığım vaxtlarım var idi, mən də çox şeyi səhv edirdim. Əvvəl bilmirdim klassika nədir. Ancaq sonradan anladım, öyrəndim ki, rəqsdə klassika gözəllikdir və buna mütləq sahib olmaq lazımdır. İndi necə deyim ki, məndən yoxdur, mən hər şeyi bilirəm? Axı insan zamanla öyrənir. Sadəcə bir az kömək etmək lazımdır. Bu sənət çox qəlizdir, çətindir. Mən elə bu gün də rəqs məktəbinə gedirəm, hələ də öyrənirəm. Bu yay hər kəs istirahət edəcək, mən isə dayanmadan işləyəcəyəm. Çünki bu bədənim dayansa, daha işləməyəcək.

- Yəqin Allahın sevimli bəndəsi olmaq nədir, bilirsiniz.

- Bəli, mən hər zaman özümə deyirəm ki, Allahın sevimli bəndəsiyəm. Bunu tez-tez hiss edirəm. Bu, çox gözəl duyğudur. Mən ən adi hallarda belə Allahımı çağırıram. Əslində çox əsəbiyəm. Nə isə baş verəndə, emosiyalarımı cilovlaya bilmirəm və işçilərimin xətrinə dəyirəm. Sonra elə peşiman oluram ki... başlayıram onları əzizləməyə. Ürəyimdə deyirəm nə olsun ki, mən Məşhəddə, başqa ziyarətlərdə olmuşam. Amma kiminsə qəlbinə dəyə bilirəm. Bəlkə də bu addımım məni cənnətə yox, cəhənnəmə göndərə bilər. Səmimi etiraf edirəm, mən cəhənnəmdən çox qorxuram.

- Səhv etmirəmsə, rəqs edib kimlərisə feyzyab etmək elə cəhənnəmin özüdür?

- Bir söz deyim də, heç kimi qınamaq lazım deyil. Kimin başına nə gələcək, bunu bilmək çətindir. Rəqs mənim qidamdır, ailəmin qazancıdır. Bu gün ailəmi ayaq üstə, heç kimin qarşısında başını əymədən yaşadan mənim rəqsimdir. Qızımın 16 yaşı var. Bu gün o atası tərəfindən qara qəpik də görmür. Heç görməsinə də mən imkan vermərəm. Hər bir yük tək mənim çiynimdədir. Şükür edirəm ki, bu gün Allah mənə bu istedadı verib və mən anamla qızıma baxıram. Allah öz izni ilə mənə bu şansı verib. Buna görə düşünürəm ki, bu, cəhənnəmlik bir iş deyil.

- Yəqin həm ata, həm də ana olmaq çətindir? O, atasızlığını hiss edir?

- Mən hiss edirəm ki, o, atasızdır. Çox çətindir! O, atasızlığını mənə büruzə vermir, amma mən görürəm axı. Siz mənim qızımın gözlərini görmüsünüz? Onun gözləri çox qəmlidir. Allahdan bir arzum var, qızımın taleyi mənə bənzəməsin.

Türkan
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm