“Sanki arvad hamamındasan...”
Bizi izləyin

Tabloid.az

“Sanki arvad hamamındasan...”

Televiziyaların hazırkı vəziyyəti göz önündədir. Gündüzlər toy proqramları, qeybət söhbətləri ilə tamaşaçını ələ alan telekanallar axşamlar da hamının ölən-itənini "yada salaraq" yas qurub ağlatmaqla "məşğul" olur. KIV haqqında qanunda medianın maarifləndirmə funksiyası ilə bağlı maddə nəzərdə tutulsa da, telekanallarda məlumatlandırma proqramları yox səviyyəsindədir. Efirlərdəki ən böyük qıtlıqsa zənnimizcə, müzakirə xarakterli "talk-shou"ların olmamasıdır. Sosial, ictimai-siyasi, hamını və hər kəsi maraqlandıran, yeni bir söz, fikir eşidə biləcəyimiz proqramların yerini səviyyəsiz verilişlər tutmağa başlayıb. Bəzi debat proqramlarda isə aparıcı çox vaxt hər şeyi unudaraq ortaya mövqe qoyur, sərbəstlik anlayışı itir. Aparıcı bəzən müzakirə olunan mövzuyla bağlı məlumatsızlığını ört-basdır edə bilmir və gülməli vəziyyət yaranır...

Televiziya proqramları içərisində mövzuların əhatə dairəsi, problemə baxış tərzi, sərbəstliyi və səviyyəsi ilə seçilən az sayda proqramlar var ki, onlardan biri "Xəzər" televiziyasında efirə gedən "Həyata Baxış" proqramıdır. "Həyata baxış"ın aparıcısı, tanınmış telejurnalist Ramal Hüseynova televiziyalardakı problemlərlə bağlı söhbətləşdik. Aparıcı həmkarlarının xətrinə dəymək istəməsə də, bu söhbətdən sonra yəqin ki, çoxları ondan inciyəcək:

-Ramal, demək olar ki, bütün televiziyalarda işləmisən. Saysız-hesabsız proqrama aparıcılıq etmisən. Sənə elə gəlmir ki, efirdə uzun müddət olmağına baxmayaraq, səni o qədər də yaxşı tanımırlar?

- Haqlısınız. Çünki mən şou aparmıram, mənim verilişimdə müğənnilər ağlamır. Heç bir quraşdırma-filan yoxdur bizim layihədə. Yəni məqsədlər fərqli olduğu üçün nəticələr də fərqlidir.

- Sizin proqramda müzakirə edilən mövzular kifayət qədər aktualdır, insanları narahat edən problemlərə toxunursuz. Həmin mövzular sənin seçimindir, yoxsa telekanal rəhbərliyinin göstərişidir?

- Telekanal rəhbərliyinin mənim məqsəd və məramımdan, mövzu və qonaqlardan təbii ki xəbəri olur. Amma mövzu, qonaq seçimi bizim kanalda çox şükür ki, sərbəstdir. Araşdırıram, insanlarla söhbət edirəm. Porblemləri dəyərləndirəndən sonra mövzunu müzakirəyə çıxarıram. Ona görə də insanlar bu proqramda özlərini görə bilir. Bir də ki, mənim tamaşaçımın başqa proqramların tamaşaçısından xeyli fərqi var. "Həyata Baxış"ın tamaşaçısı kifayət qədər məlumatlı, sosial məsuliyyətli insanlardır. Onlar təkçə tamaşaçı yox, həm də iştirakçıdır. Efirə zəng edib birbaşa müzakirəyə qoşula bilirlər.

- Özünə "talk-shou" sahəsində rəqib görürsənmi?

- Əlbəttə görürəm. O, həm də mənim yaxın dostumdur. İctimai TV –nin əməkdaşı, " Ortaq Məxrəc" proqramının aparıcısı Vəsilə Vahidqızı. Məqsədlərimdən biri onu tamaşaçıya unutdurmaqdır... (Gülür)

- Nə vaxtsa profilini dəyişib siyasi motivli proqram aparmaq istərdinmi? Və ya özünü nə vaxtsa siyasətdə görürsənmi?

- Siyasi proqram məncə, dar sahədir. Mən müxtəlif zümrədən olan insanlarla işləməyə üstünlük istəyirəm. Ona görə də sosial- ictimai müzakirələri seçirəm hər zaman. Bu, özü də elə bir növ siyasətdir. Sırf siyasət isə məncə, birrənglidir və maraqsızdır.

- Ardıcıl olaraq xeyriyyə aksiyalarına qoşulursan. Və ya bunu özün təşkil edirsən. Sosial məsuliyyətin artması üçün tanınmış simaların bu sahəyə vaxt ayırması çox vacibdir. Həmkarların necə, buna yetərincə maraq göstərirmi? Niyə hələ də səsinə səs verən yoxdur? Bu cür aksiyaların gəlir gətirmədiyinə görəmi? Ya da ola bilərmi ki, bu işin reklamı olmadığı üçün bu cür tədbirlər cəzbedici deyil?

- "Sosial məsuliyyət" anlayışı hələ də lazımi səviyyədə dərk edilmir. Bu, bizim insanımızın ən mənfi xüsusiyyətidir. Tamaşaçı şounun arxasınca gedəndə bizim yan-yörəmiz təbi ki, boş qalmalı idi. Və artıq bunun əziyyətini çəkirik. Xeyriyyə aksiyalarının vacibliyini, sosial məsuliyyət hissini insanlarda formalaşdırmaq lazımdır. İndiyə qədər xeyriyyəçilik edənlər əlbəttə ki, olub. Çox olub. Heç kəsi ittiham edə bilmərik. Amma şəxsi nümunə göstərmək önəmlidir. Bu, mənim içimdən gəlir. Bu yolda həmfikir yoldaşları yığıram, birlikdə bir işə yaramağa çalışırıq. İndi sıralarımıza Vəsilə Vahidqızı da qoşulub. O, əlil vətəndaşlarımıza araba alınması üçün aksiya təşkil edib.

- Bəlkə insanlar göstərdikləri yardımın lazımi ünvana çatmayacağına alışdıqları üçün belə aksiyalara qoşulmağa həvəs göstərmir?

- Bəli. Bu, əsas faktordur. İnsanlar yardım etmək istəyir, ancaq aldanmaq istəmir. Hamı aldadılmaqdan bezib. Ona görə də sadəcə, ünvanı və ehtiyacı vətəndaşa göstərmək lazımdır. Əlindən gələni o özü gəlib şəxsən eləməlidir. Sosial məsuliyyəti ancaq bu yolla formalaşdırmaq mümkündür.

- Efirdə " reytinq üçün hər yola getmək" məsələsi səncə, hara qədər keçərlidir?

- Bir insanın həyatı bahasına qədərdir. Artıq məncə, sərhədləri belə cızmaq lazımdır.

- Telekanallarımızın efirində intellektdən kənar, düzgün cümlə qura bilməyən aparıcılar da var. Amma bu işi bacaran istedadlı insanlar var ki, kənarda qalıb. Efirə aparıcılar hansı üsulla və ya üsulsuzluqla seçilir ki, vəziyyət bu qədər bərbaddır?

- Bunu hamı deyir. Ancaq heç kim yaxşı hesab etdiyini pislərin içindən ayırmır. Məsələyə ümumiləşdirilmiş baxmaq asandır. Verilən imkanlar daxilində keyfiyyəti qoruyub saxlayanlar var. Mən indiyədək nə qədər nüfuzlu, hörmətli şəxslər dəvət etmişəm proqramıma. Çəkiliş vaxtı bunu hamı tərifləyir. Amma kənarda jurnalist mikrafonu uzadan kimi, telekanalları yıxıb sürüyürlər. Bir az əvvəl proqramı tərifləyən insan başqa bir yerdə gözlərini yumub hamını söyür. Gözlərinizi yumanda da elə yumun ki, kirpiklərinizin arasından yaxşılar azacıq da olsa, görünsün. Bu gün ciddi proqramların aparıcılarını şou proqramlarının aparıcılarından reytinq baxımından aşağıda saxlayan elə tamaşaçının özüdür. Disbalans elə ona görə yaranıb.

- İndi hamının xarici telekanallara evində oturub rahatca baxmaq imkanı var. Necə hesab edirsən, xarici ölkələrdən bizim televiziyaları izləyən insanlar nə düşünür? Məsələn, sən özün ərə getmək üçün efirə müraciət etmiş qadınla aparıcının namizəd bəyin-oğlanın-kişinin yaraşıqlı olub olmamağına qiymət verdiyini görsəydin, nə fikirləşərdin?

- Keçmişdə bir adət var idi. Elə rayonlarımızda indi də var. Ana öz oğluna qız axtaranda hamama gedərdi. İndi mən o toy verilişləri ilə bağlı belə təəssuratdayam: sanki qadın hamamındasan... Başa düşürəm ki, belə verilişlər də lazımdır. Ancaq bunun da bir həddi, çərçivəsi olmalıdır. O ki qaldı səviyyə məsələsinə, bu, təkcə aparıcının imkanlarından asılı deyil. Maddi- texniki baza da aparıcıya şərait yaratmalıdır. Şəxsən mən o cür proqramları apara bilmərəm. Qəti şəkildə bacarmaram. Tələb isə, nə yazıq ki, budur. Həmin proqramlardan birinin aparıcısı ilə mən birlikdə küçəyə çıxım, görün, kimin arxasınca gedəcəklər. İşin "sirri" budur...

- Bu dediklərin hər şeyi tamaşaçının üstünə atmaqdır amma...

- Çünki "sifariş"i verən tamaşaçıdır...

- "Həyata Baxış"a qonaq olaraq hər yaş qrupundan və hər sahədən insanlar dəvət edirsiz. Proqramında millət vəkillərini, dövlət məmurlarını da görürük. Çox yerdə danışmaqdan çəkinənlər sənin proqramına asanlıqla gəlir. Bunun sirri nədir bəs?

- Bu, yəqin, həm onların, həm də tamaşaçının proqrama inamının göstəricisidir. Birincisi, proqram canlıdır, heç kimin fikri təhrif oluna bilməz. Hamıya bərabər hüquqlar və söz imkanları verilir, ədalətli yanaşılır, heç kim heç kimdən üstün tutulmur. İkincisi, qonaqlar bura arxayınlıqla gəlirlər. Əmindirlər ki, aparıcı onların üzərindən xal qazanmaq istəmir. Onlar həmin proqramda "Siz haqsızsınız, sizinlə razı deyiləm" kimi ifadələr eşitmir. Və ya aparıcı tərəfindən milyonlar qarşısında danlanmırlar. İndi çox sayda Budda – aparıcı ortaya çıxıb. Efirdən bilib bilmədikləri mövzularda insanlara ağıl öyrətməyi, "dərs" keçməyi sevirlər.

- İndiyədək hansısa qonağınla proqramdan sonra inciklik olmayıb ki, aranda?

- İndiyədək heç bir qonağımla mübahisəm olmayıb. Onların sözlərinə istinadən deyirəm. Hər proqramdan sonra hamı bir-birilə əl tutuşaraq ayrılıb. Əgər kənarda əksini deyirlərsə, deməli, səmimi olmayıblar.

- İndiyədək efirdə etmək istədiyin, ancaq ürəyində qalan bir şey varmı?

- Böyük bir aksiya - Türkiyədə, Van hadisələri zamanı olduğu kimi, - təşkil etmək istəyirəm. Bütün telekanalların qoşulması şərtilə, təbii ki. Televiziyanın məqsədinin, məramının yalnız əyləndirmək olmadığını, daha faydalı işlərə yaraya biləcəyini hamıya anlatmaq istəyirəm.

P.S. Söhbətimiz boyunca anladım ki, Ramal çox az dostlarımdandır ki, illərdir olduğu kimi qalır. Bir siması var. Və bəziləri kimi, əlinə düşən efir vaxtını öz reklamına deyil, işdə inkişafa, vicdanlı rəqabətə xərcləyir.

Günay Muradlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm