Nişanlı ikən başqasına aşiq olub
Bizi izləyin

Tabloid.az

Nişanlı ikən başqasına aşiq olub

Elə səslər var ki, dinləyəndə bizə yaşadığımızı hiss etdirir, düşündürür, ümid etməyi, səbr etməyi, həsrəti, sevgini – çox şeyi öyrədir. O səs içimizi titrədir, coşdurur, fırtınalar yaradır, sonra eyni səs yenə sükut gətirir, dinclik verir. Nilufərin səsi küləyi xatırladır, ayrılıq, kədər və həsrət qoxuyan küləyi…

Türkiyənin qızıl səsi

Türkiyənin ən yaxşı vokalistlərindən olan Nilufər 1955-ci ildə, İstanbulda, musiqiçi ailəsində doğulub. Atası gözəl piano çalıb, anasının isə çox müğənninin köks ötürəcəyi gözəl səsi olub. Nilufər 15 yaşında ikən "Həftə Sonu" qəzetinin "Qızıl Səs" mahnı müsabiqəsinə qatılıb. Elə bu müsabiqə ona birincilik və şan-şöhrət qazandırıb. Bir andaca həyatı dəyişən Nilufərin professional musiqi həyatı 1972-ci ildə "Yüreyim Bir Pusula" adlı val-albomu ilə başlayıb. Nilufərin ilk valını hazırlayan "Odeon" şirkətinin sahibi Deni Qrunberq həmişə "O mənim "diva"mdır, kimsə inciməsin, Nilufər bir də doğulmayacaq, səsi bir də təkrarlanmayacaq" deyib.

Rəqiblərinə meydan oxuyan gənc qız ilin sənətçisi necə seçildi?

1973-cü ildə "Dünya Dönür" adlı növbəti albomu çıxdı. Nilufər məhşur rəqiblərindən bir çoxunu geridə qoyaraq sürətlə uğurlar qazanırdı. O, müğənnilik karyerasının ilk illərində və hələ təcrübəsiz bir qız olmasına baxmayaraq bütün məşhur rəqiblərini geridə qoydu və 1973-cü ildə "İlin ən yaxşı qadın müğənnisi" mükafatını aldı.

Elə həmin il "Sen de Söyle" və "Göreceksin Kendini" adlı albomları ilə rekord satışı gerçəkləşdirdi. 1978-ci ilə qədər dəfələrlə "ilin qadın sənətçisi" seçilən və 80-ci illərdə musiqidə tərz dəyişdirən Nilufər, xalq mahnıları və yeni aranjımanlı pop musiqilərinə də çox yer ayırdı.

İlk səhnə çıxışı

Nilufər səhnəyə ilk dəfə 1974-cü ildə çıxıb. İzmir festivalında Zeki Mürenin də solistlik etdiyi ansambl rəhbərliyindən təklif aldı. Eyni ildə "Başıma Gelenler" və "Al Beni Çal Beni" adlı vallarını satışa buraxdı. Artıq Nlufər brend olaraq bəyənilir, mahnıları hər yerdə dinlənirdi. Uğurdan uğura doğru gedən Nilufər gah ilin sənətçisi seçilirdi, gah mahnısı ilin mahnısı elan edilirdi, aldığı mükafatların sayı-hesabı yox idi. Vallardan ən çox qazanan müğənni də məhz Nilufər idi.

1975-ci ildə "Eurovision" mahnı müsabiqəsində Türkiyəni təmsil etmək istəyən Nilufər seçim turuna qatıldı, Nino Varanın "Boşver" adlı bəstəsini səsləndirdi. Ancaq mahnı ilə əlaqədar bəzi fərziyyələr səbəbindən Nilufər seçimlərdən uzaqlaşır. Mahnı ölkədə çox sevildiyi üçün həmin il bu mahnının da daxil olduğu "Boşver" adlı valını çıxarır.

Ömür boyu peşman oldu

Hər gün şan-şöhrəti bir az da artan bu gənc qız qısa müddətdə rejissorların da diqqətini çəkdi və bir filmdə baş rol təklifi aldı. Nilufər sevdiyi sənəti ilə daha çox uğur qazanacağına inanırdı və buna görə təklifi qəbul etmədi. 1975-ci ildə alman prodüserlərin də diqqətini çəkməyə nail olan Nilufər, "Miss Nilufer" və "Ali" vallarını Almaniyada çıxardı. Prodüserlərin çox uğurlu olacağına inandığı proyektdə tək bir problem vardı, Nilufər Almaniyada yaşamaq istəmirdi, o doğulduğu yerə geri dönmək istəyirdi. Çox gənc olduğu üçün məntiqi ilə yox, duyğuları ilə hərəkət edən sənətçi Türkiyəyə geri döndü.

Nilufərin daha sonrakı illərdə musiqi karyerası ilə əlaqədar ən böyük peşmanlığı Almaniyadan geri dönməsi oldu. 1976-cı ildə bu dəfə "Of Aman Aman" adlı valını dinləyicilərinin ixtiyarına verdi. Satış rekordları qıran albomları və bütün reytinq siyahılarını alt-üst edən mahnıları ilə Nilufərin karyerasında "qızıl dövr" davam edirdi. 1977-ci ildə müğənni "Kim Arar Seni" valını çıxardı.

Albomları ona rekord həddə pul qazandırdı

1979-1980-ci illərdə türk pop musiqisinin inanılmaz dərəcədə geri getməsi pop müğənnilərini arabesk və türk xalq musiqisinə həvəsləndirdi. Həmin il Nilufər "Oh Oh- Beyaz Mendil", "Nilufər 79", "Nilufər 80" adlı albomları ilə inanılmaz qazanc əldə etdi. 1983-cü ildə "Sənsiz Olmaz", 1984-də "Nilüfer 84", 1985-ci ildə "Bir Selam Yeter" albomları çıxdı.

1986-cı ildə "Beynəlxalq Aralıq dənizi" mahnı müsabiqəsində Kayahanın "Geceler" adlı bəstəsini ifa edərək Türkiyəyə birincilik qazandırdı. 1987-ci ildə "Geceler" albomu çıxdı. 1989-cu ildə "Esmer Günler", 1991-ci ildə "Sen Mühümsin", 1992-ci ildə "Yine Yeni Yeniden" albomlarını çıxararaq türk pop musiqisinin zirvəsindəki yerini möhkəmlətdi. Ardınca çıxan "Ne Masal, Ne Rüya" (1994), "Niluferle" (1997) və "Yeniden Yetmişe" (1998) adlı albomlar Nilufəri o dövrün ən çox dinlənilən və ən uğurlu sənətçilərindən biri etdi.

1992-ci ildən UNİCEF-lə əməkdaşlıq edən Nilufər 1997-ci ildən bu qurumun xoşməramlı elçisidir. 1992-ci ildə bütün qazancı bosniyalı uşaqlara göndərilən böyük bir xalq konserti verdi. 1997-ci ildə, ilin ən çox müzakirə edilən və ən çox satılan albomu "Niluferle" çıxdı.

Nişanlı ikən başqasına aşiq olub

Nilufər haqqında kıtab da yazıldı. Müğənninin mətbuat katibi Bircan Usallının qələmə aldığı bu kitab Türkiyədə böyük maraqla qarşılandı. Nilufər bütün xatirələrini bu kitabda əks etdirdi. "Nilufer Hepsi Bu" adlanan kitabda müğənni etiraf edib ki, musiqiçi Rıza Silahlıpoda ilə nişanlı olduğu halda başqa bir kişiyə aşiq olub. Nilufər, səsyazma studiyalarından birinin sahibi olan Yeşil Giresunlu ilə eşqindən və 22 yaşında onunla evlənmələrindən də kitabda bəhs edib.

Amma qısa müddət sonra Giresunludan boşanıb Çetin Akçan ilə evlənib. Hər iki evliliyi birlikdə cəmi üç il sürüb. Boşanıb və 1980-ci ildən tək yaşayır. Türkiyənin məhşur diktorlarından Reha Muxtarla münasibəti olub. Amma son üç ildə həyatında başqa bir kişi var. Qeyd edim ki, müğənni 2000-ci ildə bir qız ovladlığa götürüb, amma indi "kaş o vaxt bir oğlan da övladlığa götürəydim" deyir. Həmçinin müğənni kitabda etiraf edib ki, məhşurluğunun ilk illərində qəfildən "panik-hücum" xəstəliyinə tutulub və bu xəstəlikdən qurtulmaq üçün sakit bir yerdə uşaq paltarları mağazası açıb.

Xərçəngə yeniləcəkmi?

Nilufərə döş xərçəngi diaqnozu qoyulanda bütün Türkiyə bundan xəbər tutdu. Müğənni xəstəliyə yenilməyəcəyini, mübarizə aparacağını desə də, sevənləri onun üçün ağladı. Döş xərçənginin geniş yayıldığı bu ölkədə məhşur simaların demək olar ki, bir çoxu bu xəstəlik riskinə yaxın olublar. Bu xəstəliyə yoluxan həmkarları, digər sənət adamları kimi Nilufər mediadan qaçmır, sağalacağına inandığını və xəstəliyin erkən aşkarllanması səbəbindən xoşbəxt olduğunu və xərçəngi yenəcəyini deyir. Əməliyyatı uğurla keçdi, 12 həftə kimyaterapiya tətbiq edildi, amma müalicə prosesi hələ 9 ay davam edəcək. 6 aydan bəri xəstəliyini bilən müğənni bu ayların ona il qədər uzun gəldiyini ifadə edib və gündəlik tutduğunu deyib: "Xəstəliklə mübarizə etdiyim hər günümü yazıram. Bəlkə bir gün bu müddətdə yaşadıqlarımı kitab halında çap etdirdim".

İki köhnə dost, yoxsa iki düşmən?

Mağaza işlətdiyi dönəmdə Kayahanla təsadüfən tanış olan Nilufər albomlarında tez-tez Kayahanın bəstələrinə yer verdi. Uzun müddət dostluq edən iki sənətçi qəfildən yolları ayırdılar və əlaqələrini kəsdilər. Bəzən deyirlər ki, Nilufəri Nilufər edən Kayahanın mahnıları oldu. Türk mediasında bu barədə çox xəbərlər yayılırdı, Kayahanın Nilufər barəsində "onu mən müğənni etdim", "mənim bəstələrim olmasa o heç kim idi" deyə bəyanatlar verdi və bu sözlərinə görə xeyli insan tərəfindən qınandı. Amma Kayahan haqsız da deyildi. Nilufəri məhşur edən iki səbəbdən biri səsi idisə, biri də Kayahanın mahnıları idi. Bir həqiqət də var ki, Kayahan da Nilufər sayəsində tanındı. Nilufərin mahnılarının bəstəkarı olaraq tanınandan sonra müğənnilik etdi. Türk musiqisinin ustadları deyir ki, bu günkü məhşurluqlarına görə Kayahan Nilufərə, Nilufər də Kayahana borcludur.

Lalə

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm