Bakıda gecələməyin dəyəri - AÇIQLAMA
Bizi izləyin

Tabloid.az

Bakıda gecələməyin dəyəri - AÇIQLAMA

"Eurovision-2012″ müsabiqəsi öncəsi ölkədə yeni otellər istifadəyə verilməkdədir. Diqqəti çəkən isə həmin otellərdə xidmətlərin həddən artıq baha olmasıdır. Hazırda otellərdə bir günlük qiymətlər 60 dollardan başlayaraq 300 dollara qədər yüksəlir. Əslində qiymətlərin yüksək olmasını və "Eurovision-2012″ öncəsi ölkəyə gələcək turistləri nəzərə alaraq 1-2 ulduzlu otellərin sayı artırılmalı idi.


İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Xalid Mikayılov deyir ki, 2010-cu ildə ölkədə otel, hostel və motellərin ümumi sayı 499 ədəd təşkil edib. Bununla belə həmin otellərin az bir qismi 1 və 2 ulduzlu otellərin payına düşüb. Mütəxəsisin fikrincə, 1 və 2 ulduzlu otellərin sayının az olması daxili turizmə də mənfi təsir göstərir: "Azərbaycanda daxili turizmin zəif olmasının səbəblərindən biri də 1-2 ulduzlu otellərin sayının azlığıdır. Hətta Bakı şəhərində 1 və 2 ulduzlu otel tapmaq çətindi. Digər tərəfdən qiymətləri qaldırmaq üçün otellər ulduzların sayını özləri müəyyən edirlər. Bu isə qanun və biznes etikası baxımından düzgün deyil".

Xalid Mikayılovun sözlərinə görə, hazırda ölkədə otellər qonşu Türkiyə və Gürcüstanla müqayisədə çox bahadır: "Bakıda otel qiymətləri qonşu Gürcüstan və Ermənistanın paytaxtı ilə müqayisədə 5-10 faiz bahadır. Gürcüstanda gecəsi 20 avroya da otel tapmaq mümkündür. Azərbaycanda isə ən ucuz otellərdə qiymət 50-60 manatdan başlayır. Moskva, London, Nyu-York, İstanbul, Dubay kimi iri meqapolislərlə müqayisədə Bakıda otel qiymətləri ucuz olsa da, 1 və 2 ulduzlu otellərin sayının çoxluğu həmin şəhərlərdə gecəsi 20 və hətta 10 ABŞ dollarına otel tapmağa imkan verir. Digər tərəfdən qeyd olunan ölkələrdə müvafiq qiymət qarşılığında turistlərə göstərilən xidmətlərin keyfiyyəti də yüksəkdi".

Ekspert bildirir ki, 1 və 2 ulduzlu otellərin sayında İrəvan və Bakı arasında vəziyyət eyni olsa da, Gürcüstanın paytaxtı Tbilisidə 1 uduzlu 6, iki ulduzlu 2 otel fəaliyyət göstərir: "Bakıda otellərin qiymətlərinin yüksək olmasının səbəblərindən biri də düzgün qiymət siyasətinin aparılmamasıdır. Bir çox hallarda otel qiymətləri göstərilən xidmətin səviyyəsinə uyğun olmur. Bundan başqa bu sektorda rəqabətin zəifliyi də qiymətlərə təsir göstərir. Əgər xarici ölkələrdə turizm mövsümündə endirimlərə getməklə otellər daha çox turist cəlb edirlərsə, Bakıda əksinə, mövsüm zamanı qiymətlər yüksəlir ".

İqtisadçı hesab edir ki, "Eurovision-2012″ ilə əlaqədar çoxulduzlu otellərə təlabat artsa da qiymətlər turistləri qane edecek səviyyədə olmalıdır: "Avropa Statistika Komitəsinin məlumatlarına əsasən, 2011-ci ildə avropalılar bayram səyahətlərinə ortalama 349 avro vəsait sərf ediblər. Avropalıların daxili turizm səyahətlərinə 220 avro, xarici səfərlərə isə 770 avro xərclədikləri bəlli olub. İndiki halda "Eurovision-2012″ müsabiqəsi zamanı bir avropalının təkcə otelə xərcləyəcəyi vəsait 770 avro və ya ondan çox təşkil edəcək".

Bəkir Nərimanoğlu
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm