Rəşid Behbudovun “düşməni”, “xalq düşməni”nin nəvəsi və başqa bilmədikləriniz – FOTOLAR + VİDEO
Bizi izləyin

Tabloid.az

Rəşid Behbudovun “düşməni”, “xalq düşməni”nin nəvəsi və başqa bilmədikləriniz – FOTOLAR + VİDEO

“Yadındamı ötən günlər”, “Ver mənim eşqimi”, “Sən, ey uşaqlıq”… və onlarla bu cür həmişəyaşar mahnılar, yəqin ki, hər birinizin xatirindədir.

Azərbaycanda çox nadir sənət adamları var ki, oxuduğu bütün mahnılar müasir dillə desək, hit olur, populyarlaşır. Elə həmin mahnılar da sənətkarla birgə tarixə dönür. Fikrimcə, Oqtay Ağayev məhz belə sənətkarlardandır. Hərçənd ömrünün sonlarında da layiq olduğu qiyməti ala bilmədi. Elə gənclik illərində də yetərincə haqsızlıqlarla üzləşmişdi. Hətta Rəşid Behbudov ona “Camayka”nı oxumağı qadağan etmişdi. Bütün bunlar barədə az sonra …

Uşaqlıq illəri və ailə

Oqtay Ağayev 1934-cü ildə Bakıda anadan olub. Anası Həlimə xanım əslən Lənkərandan, atası Cəfər kişi isə Cənubi Azərbaycandan idi. Valideynləri Bakıda - orta məktəbdə oxuyarkən tanış olmuşdular. Həlimə xanım Cəfər kişidən iki yaş kiçik olub. Oqtay ailənin böyük uşağı idi.

Həlimə xanımla Cəfər kişinin ailəsində Oqtaydan savayı Tamilla, Ofeliya, Etibar adlı daha üç uşaq böyüyürdü. Qeyd edək ki, Oqtay Ağayevin qardaşı Etibar Ağayev 52 yaşında dünyasını dəyişib. Bir bacısı isə hazırda Türkiyədə yaşayır.

1934-cü ildə Ədalət partiyasının ilk sədri olmuş babası Bəhram Ağayev partiyanın digər üzvləri kimi Komiyə sürgün edilir. Digər "xalq düşmənləri" kimi, onun da ailəsi sovet hakimiyyəti tərəfindən incidilir. Bütün var-dövləti əlindən çıxan ailə sonradan İçərişəhərə köçür. Amma on səkkiz ildən sonra Bəhram Ağayev bəraət alır və vətənə dönür.

Musiqiyə ilk addım

Oqtay Ağayevin yetərincə ağrılı-acılı keçən uşaqlıq illəri Böyük Vətən Müharibəsinə təsadüf edir. Bütün sovet uşaqları kimi, o da xeyli əziyyətlər görür. Amma çətinliklərə baxmayaraq, erkən yaşlarından musiqiylə nəfəs alır. 1953-cü ildə Asəf Zeynallı adına Musiqi texnikumuna daxil olur. Nə qədər çətinliklə böyüsə də, xoşbəxtlikdən müəllim sarıdan bəxti gətirir. Gələcəyin tanınmış sənətkarı Sofya İvanovna Xalfen kimi usta pedaqoqun “əlinə düşür” və düzgün yönləndirilir. O vaxt Sofya İvanovna artıq xeyli yaşlanmışdı, 78 yaşı vardı. Amma Oqtay Ağayevə vokalın sirlərini öyrədən bu qadın özü də müğənnilik edirdi.

Hərbi xidmətdən sonra Ağayev təhsilini dahi Bülbülün tələbəsi olmuş Firudin Mehdiyevin sinfində davam etdirir. O zaman Firudin Mehdiyev konservatoriyada Bülbülün sinfini yenicə bitirərək, texnikumda dərs deməyə başlamışdı.

Oqtay Ağayevin tərcümeyi-halına nəzər salanda yaradıcılığıyla bağlı bir məqam da diqqətdən yayınmır. O, Azərbaycandakı iki ən böyük estrada orkestrinin solisti olub. 1970-ci ilə qədər bəstəkar Rauf Hacıyevin, 1984-cü ilədək isə Tofiq Əhmədovun rəhbərliyilə Radio və Televiziya Estrada Orkestrinə solistlik edir.

Kremldə 11 konsert

Kreml Sarayında konsert vermək, yəqin ki, istənilən sənət adamının arzusudur. Oqtay Ağayev isə bu arzunu nə az, nə çox düz 11 dəfə gerçəkləşdirməyi bacarır. Keçmiş SSRİ-nin bütün respublikalarında, dünyanın əksər ölkələrində qastrolda olmuş Ağayev özünü aktyor kimi də sınayır. O, rejissor Vaqif Mustafayevin çəkdiyi “Yapon və yaponiyalı” filmində milis rəisi rolunda çəkilir. Bir sıra filmlərin isə sountreklərini ifa edir.

Şəxsi həyatı

Oqtay Ağayevin yaradıcılığı qədər şəxsi həyatı da maraqlıdır.

Məşhur ifaçının cavanlıqda məşhur sevgililəri olub. Adının çəkilməsini istəməyən bir yaxını deyir ki, onların əksəriyyəti Rusiya səhnəsinin tanınan, sevilən ulduzları idi.

Evliliyi isə sözün əsl mənasında film təsiri bağışlayır. Ötən əsrin 60-cı illərinin sonunda Tacikistanda konsertdən sonra tamaşaçılar ona yaxınlaşıb avtoqraf istəyirlər. Onların arasında bir xanım Oqtay Ağayevin diqqətini çəkir. Bu, əslən Leninqrad şəhərindən olan Nadejda Konstantinova idi. Gənc müğənni pərəstişkarını - gələcək həyat yoldaşını gəzintiyə dəvət edir…

Oqtay Ağayev konsertdən sonra Nadejda Konstantinovnanı da özüylə Bakıya gətirir və burada ailə qururlar. Cütlüyün bu nikahdan bir oğlu olur və adını Rəşid qoyurlar. Deyilənə görə, Ağayev oğluna bu adı Rəşid Behbudovun şərəfinə qoymuşdu. Baxmayaraq ki, sonradan Behbudovla Ağayev arasında münasibətlər bir qədər soyuyur…

Oqtay Ağayevin oğlu Rəşid iqtisadçı idi. O, atasından bir il əvvəl dünyasını dəyişir. Xalq artistinin bacısı oğlu Fuad Novruzov deyir ki, oğlunun ölümündən sonra sənətkarın əziyyət çəkdiyi ürək-damar xəstəliyi bir qədər də şiddətlənir:


“Rəşid rəhmətə gedəndə 44 yaşı var idi. Onun ölümü dayıma çox pis təsir etmişdi. Bəlkə, bir az da yaşayardı. Amma onun dərdini çəkirdi. Rəşidin böyrəyi və ağ ciyəri xəstəydi”.

Oqtay Ağayev nə qədər şöhrət qazansa da, heç vaxt toylara getməyib. Sənətkar düşünürdü ki, toyda oxumaq gəlir mənbəyi olsa da, insanı sənətdən uzaqlaşdırır. Bacısı oğlu deyir ki, o, nadir hallarda yaxın insanların məclisində bir-iki mahnı oxuyarmış.

Eniş dövrü və qarovulçuluq

...90-cı illərdə ölkədə vəziyyət gərginləşir və bu durum sənətkarlara da təsir edir. Amma nə qədər çətin olsa da, dolanmaq, ailəni saxlamaq lazım idi. 1991-ci ildə Oqtay Ağayev həmkarı Zaur Nurullayevlə bir vaxtlar solisti olduğu Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında qarovulçu işləyir. Fuad Novruzov danışır:

“Ancaq heç vaxt maddi vəziyyətinin pis olduğuna görə məyus olmurdu. Düşünmürdü ki, solisti olduğu teatrda qarovulçu işləyir və bu, ayıbdır. Çətinliyə dözümlü və soyuqqanlı insan idi. Bilirdi ki, onsuz da Oqtay Ağayevi tanıyan tanıyacaq, unudan unudacaq. Pisliyə qarşı da münasibəti eyni idi. Sanki ona olunan pislikləri görmürdü”.

Oqtay Ağayevin sənət dostları sırasında Tofiq Quliyev, Dövlət Filarmoniyasının keçmiş direktoru Rafiq Seyidzadə, xalq artisti Natəvan Şeyxova, xalq artisti Faiq Sücəddinov kimi sənətkarların adları var. Vaqif Mustafazadə və Anatollu Qəniyevlə isə daha yaxın dost olublar. Fuad Novruzovun dediklərindən:


“Həmişə məktəbdən qayıdanda yolüstü dayımgilə dəyirdim. Görürdüm ki, Vaqif Mustafazadə pianinoda çalır, dayım isə oxuyur. Mən də uşaq idim. Deyirdim ki, yaxşı bir mahnı çalın, qulaq asım. Anatollu Qəniyevlə də cavanlıq dostu idilər. Çox güclü zarafatları vardı. Anatolluya “Tolik” deyirdi. Heç vaxt Anatollunu yaddan çıxarmırdı”.

F.Novruzov dayısının xasiyyəti barədə danışır:


“Xasiyyətcə çox mülayim, qonaqpərvər, dostcanlı insan idi. Heç kimlə kin saxlamazdı. İndi belə insanlar çox az olar”.

...İlk vaxtlar Oqtay Ağayevin dostları sırasında Rəşid Behbudov da var idi. Ancaq sonradan iki sənətkar arasında münasibətlər soyumağa başlayır. 1968-ci ildə azərbaycanlı sənətkarlardan ibarət nümayəndə heyəti Moskvaya gedir.

Nümayəndə heyətinin rəhbəri Rəşid Behbudov konsertdən əvvəl Oqtay Ağayevə deyir ki, məşhur italyan mahnısı “Camayka”nı oxumasın. Deyilənə görə, Robertino Lorettinin ifasında sevilən bu mahnının keçmiş SSRİ-də ən yaxşı ifa edən məhz Oqtay Ağayev imiş. Oqtay Ağayev Rəşid Behbudovun fikri ilə razılaşır və başqa mahnı oxuyur. Mahnı bitən kimi zaldakılar “Camayka”, “Camayka” qışqırırlar və Maestro Niyazi gənc Ağayevdən həmin mahnının oxumasını istəyir. Oqtay Ağayev isə Niyaziyə bildirir ki, Behbudov onun bu mahnının oxumasını istəmir. Uzun müzakirə və mübahisədən sonra Oqtay Ağayev “Camayka”nı oxuyur və alqışlarla qarşılanır.

Məhz bu hadisədən sonra Rəşid Behbudovun qəhrəmanımıza qarşı münasibəti dəyişir. Konsertdən sonra SSRİ-nin mədəniyyət naziri xanım Furtsova gənc müğənni ilə görüşür və ifasını bəyəndiyini deyir. Görüşün sonunda nazir ifaçıya Moskvada qalmağı və yaradıcılığının sovet paytaxtında davam etdirməyi təklif edir. Bu həmin vaxtlar idi ki, Müslüm Maqomayev Rusiya səhnəsində yenicə parlamağa başlayırdı. Amma Ağayev nazirin təklifini qəbul etmir və Bakısız, ailəsiz yaşaya bilməyəcəyini deyir.

Ancaq bir müddət sonra - 1972-ci ildə Rəşid Behbudov onu öz teatrına dəvət edir. Söhbət əsnasında Behbudov Ağayevdən estrada orkestrinin solisti kimi nə qədər məvacib aldığını soruşur. Ağayev bildirir ki, 200 rubl alır. R.Behbudov ona daha çox əməkhaqqı vəd etsə də, təklifi qəbul olunmur. Bundan sonra isə sənətkarların münasibəti bir qədər də gərginləşir.

Bu arada qeyd etmək yerinə düşər ki, Oqtay Ağayev Müslüm Maqomayevlə çox yaxın dost olublar...

Son günləri

2006-c ilin əvvəlindən başlayaraq Oqtay Ağayevin səhhəti günbəgün ağırlaşır. Fuad Novruzov dayısının son günlərini belə xatırlayır:

“Dayımın son gününə qədər onun yanında olmuşam. Efirdə onun haqqında veriliş gedirdi. Verilişə baxanda gözlərim yaşardı. Götürdüm ona zəng elədim. Yoldaşı Nadejda xanım dedi ki, vəziyyəti yaxşı deyil. Dedim səhər danışmışam, yaxşı idi. Dedi ki, indi vəziyyəti pisləşib, oksigen yastığı lazımdır. Rəhmətlik anama da dedim ki, get, qardaşına baş çək. Ara-sıra danışırdıq, hiss edirdim ki, halı yoxdur. Mənə deyirdi ki, heç nə istəmirəm, artıq gedirəm. Dedim, hara gedirsən, nə danışırsan? Hirsləndi və bildirdi ki, axı niyə inanmırsınız ki, mən ölürəm?..

Ova getmişdim, təzəcə qayıtmışdım ki, zəng vurub dedilər, halı pisləşib. Ov paltarında maşına oturub onlara çatanda Qurd qapısının yanında bir də zəng gəldi ki, keçinib. Bu ilin payızında Nadejda xanım rəhmətə getdi. Nadejda xanımın qəbri Qurd Qapısı yaxınlığındakı qəbristanlıqdadır. Oqtay Ağayev isə Yasamal qəbristanlığında, anasının yanında dəfn olunub. Onun Fəxri Xiyabanda dəfn olunmağı bizdən asılı məsələ deyildi. Amma o, birbaşa xalq artisti adını alan üç nəfərdən biridir. 2000-ci ilin yanvarında Heydər Əliyev ona bu adı verdi. İndi onun ailəsindən bircə nəvəsi qalıb - Rəşidin qızı”...

Qeyd edək ki, Oqtay Ağayev 2006-cı ilin 13 noyabrında vəfat edib. Allah rəhmət eləsin!

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm