Tabloid.az
Qayınatası özündən kiçik olan xalq artisti haqqında bilmədikləriniz – FOTOLAR
Publika.az məşhur sənət adamlarının həyat və yaradıcılığı barədə silsilə araşdırmalarını davam etdirir. Növbəti “hədəf” Azərbaycanın xalq artisti, məşhur aktyor və müğənni Elxan Əhədzadədir.
Elxan Əhədzadə barədə danışarkən ilk yadıma düşən Dövlət Musiqili Teatrının səhnəsində “Nümunəvi qaraçı” tamaşasında oynadığı Pali Rac rolu olur. O əzəmətli səs, o xarizma, hər səhnəyə çıxanda qazandığı gur alqışlar… və bir də dörd il öncə vəfatından sonra ailəsinə baş çəkməyə gedəndə hələ o vaxt beş yaşı olan oğlu Rafaellə özündən 28 yaş kiçik həyat yoldaşı Səbinə Məmmədovayla etdiyimiz söhbət.
Elə bu gün də “Ədalət” qəzeti üçün etdiyimiz həmin söhbətlərdən bəzi nüansları xatırladacağam.
İlk addım
Elxan Əhədzadə 1948-ci ildə Bakıda musiqiçi ailəsində dünyaya gəlib. Elə gözünü açdığı mühit onun peşə seçimində böyük rol oynayıb və 1967-ci ildən C.Cabbarlı adına kinostudiyanın nəzdində açılan kinoaktyorluq kursunda əfsanəvi sənətkar Ədil İsgəndərovdan dərs almağa başlayıb. İki il sonra Rus Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və bir neçə tamaşada rəngarəng rollar oynayıb. R.İbrahimbəyovun “Kto pridyot v polnoç” əsərində Makedon, “Solovyinnaya noç”da serjant Atayev obrazları isə daha maraqlı və baxımlı alınıb.
İlk uğursuz evlilik
Elxan Əhədzadə ali məktəbə bir qədər gec - 24 yaşında daxil olur. 1972-77-ci illərdə İncəsənət İnstitutunun musiqili teatr aktyorluğu fakültəsində təhsil alır. Elə gələcək həyat yoldaşıyla da buradaca tanış olur. Amma bu evlilik cəmi iki il davam edir. Hətta Elxan Əhədzadənin ikinci həyat yoldaşı Səbinə Məmmədovanın dediyinə görə, sənətkarın ilk evliliyi, əslində, məcburiyyətdən baş tutub:
“1974-cü ildə oğlunun bir yaşı tamam olanda ayrılıblar. Sonradan bildim ki, sevib ailə qurmayıb. Elxan İncəsənət İnstitutunda həmin qızla oxuyurmuş. Bir müddət görüşüblər və günlərin birində qız deyib ki, səndən hamiləyəm. Məcbur olub, evlənib. Çünki işin üstü açılsaydı, institutdan qovula bilərdi”.
Yaradıcılığı
Ali məktəbi bitirəndən sonra Dövlət Musiqili Komediya teatrında aktyor kimi işə başlayır və bu müddət ərzində repertuardakı bir sıra tamaşalarda, o cümlədən “Mama, ya jenyus”, “Kavkazskaya plemyannitsa” və “Çelovek iz Lamançi” əsərlərində baş rolları ifa edir.
Bir müddət “Muskomediya”dan uzaqlaşır və Rəşid Behbudovun mahnı teatrında işləyir. Eyni zamanda “Çətirimiz buludlardır” və “Üzü küləyə” filmlərində baş rolları oynayır. Sənətkar səs imkanları üstünlüyünə görə Opera və Balet Teatrında da bir sıra obrazlar yaradır.
Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” əsərində Nofəl, C.Bizenin “Karmen” operasında Eskamin, R.Mustafayevin “Vaqif” operasında Şah Qacar, S.Ələsgərovun “Solğun çiçəklər”ində Bəhram, C.Verdinin “Riqoletto” operasında Riqoletto, C.Rossininin “Sevilya bərbəri”ndə Fiqaro onun opera sahəsində oynadığı uğurlu rollar sırasındadır.
Sənətkar son illərdə Dövlət Musiqili Komediya Teatrında İ.Kalmanın “Nümunəvi qaraçı” operettasında Pali Rac, F.Leqarın “Şən dul qadın” operettasında Danil, S.Fərəcov və Ə.Əmirlinin “Səhnədə məhəbbət” operettasında Rüstəm, Q.Qarayevin “Çılğın Qaskoniyalı” əsərində Sirano kim obrazlar oynayır.
Polad Bülbüloğlunun əvəzinə çəkilməliymiş
Elxan Əhədzadənin yaradıcılığı barədə danışarkən bir xüsusi məqam diqqət çəkir. Bu məqamı əksəriyyət bilmir. “Qorxma, mən səninləyəm" filmi çəkiləndə rejissor Yuli Qusman onu Teymur roluna dəvət edir və sınaq uğurlu alınır. Amma sonradan məlum olmayan səbəblərdən həmin rola Polad Bülbüloğlu təsdiqlənir. Bütün bunlar sənətkarın yaradıcılığı barədə olan məlumatlardır.
24 ildən sonra ikinci evlilik və 28 yaş fərq
Elxan Əhədzadənin həyatı isə yaradıcılığından daha təzadlı məqamlarla doludur. Zahirən çox sərt görünən sənətkarın, əslində, çox ürəyiyumşaq, gənclərə əl tutmağa həvəsli olduğu deyilir.
Ümumiyyətlə, bu insanın yaşından çox gənc göründüyünü demək olardı. Elə səhnədəki davranışlarında da bu şuxluq, bəzən də çılğınlıq hiss olunurdu. Bəlkə də, məhz buna görəydi ki, o, ikinci evliliyini özündən 28 yaş kiçik xanımla rəsmiləşdirmişdi. 1998-ci ildə Elxan Əhədzadə bəstəkar dostu Sərdar Fərəcova gənc bir xanımdan xoşlandığını deyir və sonra onların üçlükdə görüşü olur.
Səbinə Məmmədovanın dediklərindən:
“Mən o vaxt Üzeyir Hacıbəyovun ev muzeyində işləyirdim. İlk dəfə
onu avqustun axırlarında, muzeydə gördüm və sentyabrın 15-də Sərdar
müəllimin iştirakıyla ilk görüşümüz oldu. Amma ailə qurmaq fikri
əvvəldən var imiş. Heç bilmirdim ki, onun məndən xoşu gəlib. Sonra
ondan soruşdum ki, özün niyə yaxınlaşmadın? Dedi ki, yaş fərqimizin
böyük olmasına görə cəsarət eləmədim. Çünki məndən 28 yaş böyükdür.
Mən 1976-cı ildənəm, o 1948 təvəllüddür. O zaman mənim 22 yaşım var
idi, heç vaxt ailəli olmamışdım və Elxanın təklifini də çox normal
qarşıladım. Çünki o, yaşından çox cavan görünürdü. Sonra özü
evimizə gəldi və atamla tanış oldu, elçiliyi özü elədi. Ailəm də
normal qarşıladı. Çünki mənim onu qəbul etdiyimi, sevdiyimi
bilirdilər. Halbuki o, mənim atamdan da 11 ay böyükdür. Amma heç
vaxt o fərqi hiss etmədim. Çünki davranışında hiss etdirmirdi. Həm
də mən məktəbdə oxuyanda qızlarla söhbətimizdə deyirdim ki, həyat
yoldaşım yaşlı olacaq. Onu elə yaşda tanıdım ki, sevdiyim
olmamışdı”.
Cütlük 1998-ci ildə münasibətlərini rəsmiləşdirsə də, toy mərasimi keçirilmir. Buna səbəb isə Elxan Əhədzadənin ikinci dəfə ailə həyatı qurmasaydı:
“Bilirdim ki, ailəli olub, amma evliliyimizə qədər şəxsi tanışlığımız olmamışdı. Elxanla ailə qurandan sonra keçmiş həyat yoldaşından da heç bir reaksiya gəlmədi və əslində, gəlməməliydi də. Çünki onların evliliyi qarşılıqlı şəkildə pozulmuşdu. Mən sonradan öyrəndim ki, o, ilk ailəsindən 1974-cü ildə ayrılıb. Cəmi bir il evli olmuşdu. Mənimlə evlənənə qədər 28 il ailə qurmayıb, tək yaşayıb. Biz ailə quranda o, keçmiş Basin, indiki Füzuli küçəsində yaşayırdı. Sonradan pul yığıb, 11 min dollara özümüzə mənzil aldıq”.
Səbinə xanım deyir ki, Elxan Əhədzadə səhnədə nə qədər emosional və sərt idisə, ailəsinə qarşı tamam başqaydı:
“Bəzən soruşurdular ki, elə sərt insanla necə yola gedirsiniz”.
58 yaşında ikinci dəfə ata olur
2006-cı ildə cütlüyün oğul övladı dünyaya gəlir və Elxan Əhədzadənin arzusuna uyğun olaraq, uşağa ya Raul, ya da Rafael adı qoyulmalıydı. Yekunda Rafael adı seçilir.
Sənətkar nə qədər gümrah olsa da, tədricən səhhətində problemlər yaranmağa başlayır. Hər şeyə səbəb isə onu gözündən əməliyyat olunması olur. Göz əməliyyatından sonra həkim müayinəsindən keçən Əhədzadə müsbət cavab alır. Əslində isə onda hepatit C virusu varmış.
Son saatları
Günlər keçdikcə sənətkarın səhhəti daha da ağırlaşır. Səbinə xanım Elxan Əhədzadənin yaşadığı son saatları belə xatırlayır:
“2010-cu ilin oktyabrın 8-də səhərə yaxın – saat 4 idi, yatmayıb, onun yanında oturmuşdum. Huşu özündəydi. Düzü, onun ölümündə həkimləri günahkar bilirəm... Qızdırması düşmürdü, burnundan qan açıldı. Nə qədər dərmanlar alındısa, heç bir köməyi olmadı. Xəstəxanaya aparmaq istədik, razılaşmadı. Dedi ki, ürəyim bulanır, vedrəni gətirdim və o, vedrəylə bir qan qusdu. Dedi ki, həkimə səhər saat 9-da zəng vurarsan. Sonra məni qan üçün göndərdilər. Qayıdanda artıq nəfəs almırdı. Amma gözləri açıq idi. Yanında anam və oğlu idi. Anam deyir ki, Elxan həkimlərə dedi ki, mən artıq gedirəm, uşağımı yanıma qoymayın, qorxmasın. Artıq özü hiss edirmiş. Uşaq səhər durub, atasının şəkliylə salamlaşır. Deyir ki, məni atanın qəbri üstünə apar. Çox xalq artistləri onunla səhnəni paylaşmaq istəmirdilər, onun kölgəsində zəif görünəcəklərindən qorxurdular. Çünki beş kəlməlik kiçik bir rolu da yadda qalırdı. Paxıllıq edirdilər”.
Nazirlikdən və “Muskomediya”dan laqeydlik
Ən pisi odur ki, sənətkar dünyasını dəyişəndə birinci həyat
yoldaşı və böyük oğlu onun yas mərasimində iştirak etmirlər. Hər
halda, Səbinə Məmmədova belə deyir. Amma hələ beş il öncə bəzi
mətbu orqanlarda E.Əhədzadənin böyük oğlunun yas mərasimində
iştirak etdiyi yazılmışdı. Yas mərasimində iştirak etməyənlər
sırasında onun sənət yoldaşları da var idi. Səbinə Məmmədovanın
dediklərindən:
“Heç nəyi gizlətməyəcəyəm. Elxanla tərəf müqabili olmuş xalq
artistləri, əməkdar artistlərin heç biri gəlmədi. Bu barədə
özlərinə də demişəm. Amma adlarını çəkmək istəmirəm...”
Ailə Elxan Əhədzadənin Fəxri Xiyabanda dəfn olunması üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət etsə də, müsbət cavab almır:
“Nazirlikdən dedilər ki, hər xalq artistini orada basdırsaq, yer qalmaz. Biz də onu Xırdalanda - anasının ayağı altında dəfn elədik”.
Maraqlıdır ki, uzun illər çalışdığı Dövlət Musiqili Teatrı da Elxan Əhədzadə üçün vida mərasimi keçirməyi lazım bilmir və bu da ailəsinin, bəlkə də, haqlı narazılığına səbəb olur. Çünki 62 yaşlı bir sənətkar üçün vida mərasiminin keçirilməsi teatr üçün heç bir problem yarada bilməzdi.
İntiqam VALEHOĞLU
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...