Əsədovanın kişi axtarışı, əkizlərdən daha bir “quş”, halallıqla çəkilən yataq səhnəsi... - HƏFTƏBECƏR
Bizi izləyin

Tabloid.az

Əsədovanın kişi axtarışı, əkizlərdən daha bir “quş”, halallıqla çəkilən yataq səhnəsi... - HƏFTƏBECƏR

“Həftəbecər” böyüdü, böyüdü, tənqid olundu, bəyənildi, paylaşıldı və nəhayət, gəlib 16-cı həftəsinə çatdı. Hər həftə olduğu kimi, bu həftənin də olduqca maraqlı şou və mədəniyyət gündəmi olub. Hətta deyərdim ki, məsələyə siyasətçilər də qarışıb...

Yanvarın 26-da xalq artisti Aygün Kazımova 44 yaşını qeyd etdi. Azərbaycan ordusunun üç şəhid verdiyi gündə! Allah şəhidlərə rəhmət eləsin! Xalq artistiylə bağlı isə deməyə sözümüz yoxdur. Çünki bu sözü təkcə jurnalistlər yox, həm də ölkənin mədəniyyətinə, incəsənətinə məsul olan qurumlar deməlidirlər...

Azərbaycan göbək rəqsi sənəti çox ağır itkiylə üzləşə bilər. Rəqqasə Aytən Azərbaycandan getmək istəyir. Özü deyib ki, buradakı populyarlığı onu qane etmir, futbolçular demişkən, legioner həyatı yaşamaq istəyir:

“Bir müddətdir ki, Türkiyəyə gedib-gəlirəm. Artıq Azərbaycanda tanındım, kifayət qədər sevildim. İndi isə Türkiyə şou-biznesinə qatılmaq niyyətindəyəm. Bir-iki ilə ailəmlə birlikdə Türkiyəyə köçürəm. Artıq, hazırlıq işləri gedir. Azərbaycanda məni sevənlərə demək istəyirəm ki, Türkiyəyə köçsəm də, Azərbaycana gəlib-gedəcəyəm. Xeyir işlərdə, şou-proqramlarda yenə məni görə biləcəklər. Sadəcə, artıq Türkiyədə yaşayacağam. İnanıram ki, Azərbaycanı Türkiyədə də layiqincə təmsil edəcəyəm”.

Təklif edirəm ki, peşəkar rəqqaslar, sözükeçən qələm adamları yığışıb minnətçi düşsünlər. Bəlkə, Aytəni fikrindən döndərmək mümkün oldu. Çünki özü demişkən, göbək rəqsini - yəni oriyentalı Azərbaycanda ondan yaxşı bilən yoxdur. Mən bir azdan “Facebook” adresinə yazıb, getməməsini xahiş edəcəyəm. Elə siz də sınayın, bəlkə, fikrindən döndü...

Əməkdar artist Firəngiz Babayevanın qızı, gənc aktrisa Vəfa Babayeva sosial şəbəkədə fotolarını paylaşmışdı. Biz də həmin fotoların yetərincə maraq doğura biləcəyini nəzərə alıb, xəbərə çevirdik. Xəbərin oxunma sayı vurdu kəllə-çarxa, hətta bəzi saytlarda iyirmi mini keçdi. Sonra Vəfa xanım mesaj yazdı ki, bəs fotolara qeyri-etik şərhlər yazıblar, hətta onun rəfiqələriylə bağlı problem də yaranıb. Görünür, Vəfa Babayeva aktrisa və aktrisa qızı olsa da, həddən artıq təcrübəsizdir. Ümumiyyətlə, bu, Azərbaycanda ilk belə hal deyil. Aktyor, aktrisa, aparıcı hansısa fotosunu sosial şəbəkədə paylaşır və fotonun altında kimin ağlına nə gəlirsə, yazır. Ancaq həmin şəxs susur. Ta o vaxta qədər ki, hansısa jurnalist həmin fotodan bir xəbər düzəldir. Bütün günah, təqsir, səhv – hamısı qalır jurnalistin boynunda. Amma mediatik sima olan hər kəs anlamalıdır ki, sosial şəbəkədə etdiyi paylaşım hər an xəbərə çevrilə bilər. Hər halda, bunu anlamaq o qədər də çətin deyil...

Müğənni Nazənin sosial şəbəkədə bir cüt ayaqqabı şəkli paylaşıb. Altından da yazıb ki, ay camaat, ağlınıza başqa şey gəlməsin, öz halal zəhmətimlə almışam. Axırda da məlum olub ki, bu bir cüt ayaqqabının qiyməti 3700 manat imiş. Yəni bir müəllimin təxminən iki illik məvacibi qədər. Sağlıqla geyinin, Nazənin xanım!..

Müğənni Rüfət Axundov “şedevrlərini” sıralamaqda davam edir. Sənətçi bu dəfə bir verilişdə dünyaca məşhur azərbaycanlı cazmen Vaqif Mustafazadəni, aktyorlar Fazil Salayev və Muxtar Avşarovu tanımayıb. Yox, bir balaca yalan danışdım. Vaqif Mustafazadəni “tanıyıb”. Deyib ki, bu, Rafiq Babayevdir. Yaxın vaxtlarda R.Axundov da fəxri ad alsa, təəccüblənməyin...

Teleaparıcı Elnarə Təhməzovanın geyimləri təkcə sosial mediada və saytlarda müzakirə mövzusu deyilmiş. Sən demə, çox vaxt qardaşı da onun geyimlərinə irad bildirirmiş:
“Bizim evdə də qınaq var. Çox vaxt qardaşım geyimlərimə görə danışır. Mən başa düşə bilmirəm ki, dənizə gedəndə çimərlik geyimi geyinmək qədər normal nə ola bilər ki? Belə getsə, xəzlə dənizə girəcəyəm. Amma bizimkilər məclislərində iştirak etmələri üçün açıq-saçıq geyinən xarici ulduzlara ətək-ətək pullar tökürlər”...

Bildiyimə görə, Mətanət Əsədovanın bir dənə də olsun klipi yoxdur, heç vaxt da solo konsert verməyib. Amma bu xanım özünü istənilən formada gündəmdə saxlamağı bacarır. Gah Albert Eynşteynə “Yoxuşteyn” deməklə, gah özünü sənətkar adlandırmaqla, indi də həmkarı Manaf Ağayevdən etdiyi xahişlə. Sitat:

“Keçmiş həyat yoldaşımla toydan qabaq heç görüşüb-eləmirdik, utanırdım. Aramızda pis hərəkət olmayıb. 3-4 gün idi ailə qurmuşduq, mənə dedi ki, məndən də yaşca böyüksən, sən nə yaxşı mənə ərə gəldin, utanmadın? Düz də dedi. Onun sözlərindən sonra boşandıq. Ailəm dağılandan 7 ay sonra o, ikinci dəfə ailə qurdu. Bu gündən gərək Manaf Ağayev mənim toyumu, cehizimi, yaraşıqlı oğlanla tanışlığımı boynuna götürsün. Manafın ətrafı böyükdür. Əsl kişini mənə Manaf tapa bilər”.

Müğənni Manaf Ağayev isə deyib ki, o, Mətanət Əsədovanın kişi axtarışına heç bir töhfə verə bilməyəcək. Sonra da əlavə edib ki, Əsədova onun çevrəsinin dəyərli insanlardan ibarət olduğunu bildiyi üçün belə bir ifadə işlədib...

Sən demə, Azərbaycanda həyat yoldaşının halallığı ilə yataq səhnəsinə çəkilən aktyor varmış. Sonra da Rəşid Mahmudov aktyorları bəyənmir, barələrində xoşagəlməz ifadələr səsləndirir. Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Elşən Cəbrayılov deyib ki, o, yataq səhnəsinə həyat yoldaşının halallığı ilə çəkilib:

“İlk gündən mənə dedi ki, çalış, ürəyimə xal salma. Bir-birimizə inansaq, hər şey gözəl olacaq. Sənətimi də başa düşür. Bir dəfə italyan rejissorunun filmində rol alırdım. Orada yataq səhnəsi var idi. Həyat yoldaşımın halallığı ilə o səhnədə çəkildim”...

“Azdrama”dan söz düşmüşkən, bu həftə teatrda “Vaxtsız zəng” tamaşasının premyerası oldu.Tamaşa barədə müşahidələrimi yazdım.Təvazökarlıqdan uzaq olsa da, deyim ki, bildiyimə görə, sözügedən yazı teatr daxilində müzakirələrə səbəb olub. Amma mənim ən çox diqqətimi çəkən tamaşanın rejissoru Ərtoğrul Kərimovun davranışı oldu. O, tamaşayla bağlı tənqidi fikirlərin yer aldığı yazımı paylaşaraq təşəkkürünü bildirdi. Bu isə insandan böyük mədəniyyət və cəsarət tələb edir. Yeri gəlmişkən, müsahibə verən aktrisaları pusan teatr işçilərinə örnək olacaq addımdır...

Ötən həftə xalq artisti Rafael Dadaşovun qızı Səidə Dadaşova üçün heç də düşərli olmadı deyə bilərik. Əvvəlcə sənətçinin açıq-saçıq fotosu sosial şəbəkələrdə yayıldı və sonradan məlum oldu ki, sözügedən foto altı il əvvəl çəkilib. Ardınca Səidənin xalası, xalq artisti Brilliant Dadaşova sənətçi barədə tənqidi fikirlər səsləndirdi:

“Səidə həm mənim bacım qızı, həm də əmioğlumun qızıdır. Çox istedadlıdır. Əfsuslar olsun ki, onun bir az təmiz xislətindən bir çoxları istifadə edirlər. Səidə mənim xoşuma gəlməyən insanlarla oturub-durur. Mən də, atası da, anası da yüz dəfə demişik ki, sənətlə məşğul ol. Yanımızda ol. Ona dəfələrlə demişəm ki, səsini qoru, pis vərdişlərdən uzaq ol. Məsələn, siqaret çəkir. Mənim Səidəyə ilk narazılığım siqaret üstündə olub. Demişəm ki, Səidə, sən müğənnisən, siqaretdən uzaq ol. İndi bir çox müğənnilər siqaret çəkir, amma boyunlarına almırlar. Burada ayıb heç nə yoxdur. Sadəcə, bu, insanın səhhətinə ziyandır. Bir sözlə, biz bu Səidəni öz yanımıza çəkə bilməmişik”...

Mətanət Əliverdiyeva bu dəfə daha çətin “rəqibə” rast gəlib. Aparıcı verilişinə gecikən rejissor Aqil M.Quliyevə “Aqil necə klip çəkir, elə də efirə gəlir” deyərək irad bildirib. Elə rejissorun da cavabı özünü çox gözlətməyib. Hazırcavablığı ilə seçilən Aqil teleaparıcıya qısa cavab verib:

“Bağışla, mən sənin kimi efirdə şpaqat açmıram”...

Prodüser Toliklə Müasir Müsavat Partiyasının sədri arasındakı qalmaqal isə səngimək bilmir. Bu qalmaqalı Publika.az yaratmasa da, maraqlıdır ki, Tolik məhz bizi təqsirkar görürdü. Ancaq əslində, hər şey Sevil-Sevinc bacılarının canlı yayımda pul cırmasından sonra başlamışdı. Sonra isə hadisələr belə bir ardıcıllıqla davam etdi.

Tolik sosial şəbəkədə partiya sədrini qınadı, sonra Hafiz Hacıyev saytımıza açıqlamasında Toliki “Azadlıq prospekti” metrostansiyası yaxınlığında əxlaqsız hərəkətlər etməkdə suçladı. Hətta partiya sədri Tolikə “təklifdə” də bulunmuşdu. Hazırda məsələnin nə yerdə olduğu isə qaranlıqdır...

Tanınmış ilahiyyatçı Hacı Surxay Məmmədli teleaparıcı Zaur Baxşəliyevə etirazını bildirib və verilişi yarımçıq tərk edib. Buna səbəb ilahiyyatçının təbirincə desək, Baxşəliyevin məsələləri şoulaşdırması olub...

Prodüser Vəfa Vaqifqızı həbs edilib. Deyilənə görə, o, qadınları fahişəliyə cəlb edirmiş. İndi əksər saytlar reytinq naminə bu qadını məşhur prodüser kimi təqdim etsələr də, şəxsən mən bu adı ilk dəfədir eşidirdim. Bütün hallarda qadının həbsxana həyatı yaşaması xoş deyil. Amma doğrudan da, belə bir işlə məşğul olurmuşsa…

Sonda Sevil-Sevinc bacıları barədə də bir neçə kəlmə. “Xəzər” televiziyasının “Hər şey daxil” verilişinin bu aparıcıları iki həftə öncə canlı yayımda milli valyutamız olan manatı cırmışdılar. Sonra məsələ ictimailəşdi və telekanal açıqlama yaydı ki, guya əkizlərin bir tayı və verilişin rejissoru cəzalandırılıb. Amma cəza necə “effektiv” olubsa, əkizlər bu həftə daha bir “quş” buraxıblar. Belə ki, verilişdə qonaq olan müğənni Tural Everestdən Azərbaycanın hansı bölgəsindən olduğunu soruşublar. Tural da deyib ki, Balakən rayonundandır. Həmin əkizlərdən biri də deyib ki, Balakən Naxçıvandadır. Deyirəm, aparıcını cəzalandıranda da belə cəzalandırasan - Balakənlə Naxçıvanı səhv salsın…Zarafat bir yana, amma çox ayıbdır, vallah!

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm