Xalq artistindən etiraf: “Oteldə rus qadınlaydım, qəfildən arvadım zəng elədi” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Xalq artistindən etiraf: “Oteldə rus qadınlaydım, qəfildən arvadım zəng elədi” – FOTOLAR

Bu gün xalq artisti, sevilən aktyor Tariyel Qasımovun ad günüdür. 76 yaşı tamam olur.

Axtardıq, sorağı doğulub boya-başa çatdığı ata-baba yurdu Ağstafanın Köçəsgər kəndindən gəldi.

Ad günü təəssüratlarını Publika.az-la bölüşən sənətkarımız cavan qalmasının sirrini də bizə açıqladı…

- Yəqin, torpaq çəkir deyə ad gününüzü qeyd etmək üçün ata-baba yurduna getmisiniz?

- Anamın yanındayam. Övlad nə qədər yaşlı olsa da, anası üçün həmişə uşaqdır axı. 76 yaşımı anamın yanında, qohum-əqrəbamın əhatəsində qeyd edirəm. Anamın sevincdən uçmağa qanadı yoxdur. Gecədən yatmamışıq, xatirələrə dalmışıq, danışmışıq-gülmüşük. Çox sevincliyəm. Bir azdan qohum-qardaş yığışacaq, süfrə açacaqlar. Kənd yerində, uşaqlığımı yaşadığım qonum-qonşu arasında 76 yaşımı qeyd etməyin ayrı ləzzəti var. Bakıdakılar da məni unutmayıb, hamı təbrik edir, inan ki, ürəyim dağa dönür.

- Allah ananıza da can sağlığı versin ki, Azərbaycan teatrına sizin kimi aktyor bəxş edib…

- Çox sağ olun, üç aydan sonra anamın da 100 yaşını qeyd etmək üçün yenidən Köçəsgər kəndinə gələcəyəm.

- Tariyel müəllim, ad gününüzdə heç kövrəlmədiniz ki?

- Kövrəlmədim, bilirsən niyə? Mən rəhmətlik Şahmar Ələkbərov və Həsən Əblucla yaxın dost olmuşam, indi baxıb görürəm ki, onlar yanımda yoxdur. Çox cavankən dünyalarını dəyişiblər. Mən də cavan yaşımda dünyamı dəyişə bilərdim, amma Allah bu ömrü mənə verdi, buna görə Yaradanıma şükür edirəm. Allahın verdiyi hər yaşa görə şükür etmək lazımdır. Ömrü verən Allahdır. Niyə kövrəlim ki? Bir də axı, bu 76 yaşı heç mənə vermək də olmur. Özümü 50 yaşında hiss edirəm. Bir dostum var, həmişə mənə deyir ki, Tariyel, sənin yaşın 50-də dayanıb, keçib-gedənsə illərdir. Düz deyir, mən yaşımı 50-də dondurmuşam.

- Maşallah! Gözə gəlməkdən qorxmursunuz ki?

- Hərdən qorxuram. Çünki 75 illik yubileyimdə məni o qədər təriflədilər ki, xəstələndim. Hətta teatrımızın direktoru mənə dedi ki, evdə üzərlik yandırsınlar, sənə göz dəyib. Həyat yoldaşım da üzərlik yandırdı, başıma duz hərlədi, amma xeyri olmadı. Səhhətimdə ciddi problemlər yaşadım. Əsas odur ki, insanı Allah qorusun.

- Xanımınızdan söz düşmüşkən, belə cavan qalmağınızda, yəqin ki, onun da rolu olub?

- Yəqin ki, yox, mütləq şəkildə onun rolu böyükdür. Xanımım uşaq kimi mənim nazımı çəkir, qayğıma qalır. Geyimimdən tutmuş, yeməyimə qədər hər şey onun nəzarətindədir. Ona çox minnətdaram.

- Həmişə cavan qalmaları üçün kişilərə hansı məsləhətləri verərdiniz?

- Sözünə qüvvət, 70 illik yubileyimdə sevilən müğənnimiz Vasif Məhərrəmli camaatın qarşısında mənə dedi ki, belə cavan qalmağınızın sirrini açın, hamı bilsin. Mən də ona qayıtdım ki, heç vaxt paxıl olmamışam, həmişə yaxşılıq etmək istəmişəm. Başqalarının sevincinə sevinib, kədərinə məyus olmuşam. Sirr bundadır. Mən Dolça bürcündə doğulmuşam, bu bürcdə doğulan insanların hamısı belə olur. Hər halda, tanıdıqlarımın çoxu belədir. Heyif ki, ətrafımızda bizə stress yaşadan insanlar da olur. Onlar olmasa, daha da cavan qalardım. Hə, yadımdan çıxmamış, onu da deyim ki, kişinin cavan qalmasında qadının böyük rolu olur. Yaxşı qadın sərvətdir. Mən bu sarıdan yarımışam. Həmişə deyirəm ki, qadın qarpız kimidir, bazardan alıb gətirirsən, amma bilmirsən içi necə olacaq. Evdə necə olduğunu görürsən.

- Sizdə "qarpız" necə çıxıb?

- Qıpqırmızı. Heç vaxt dığ-dığ etməyib, nazımı çəkib, məni qısqanmayıb. Qısqanclıq da pis şeydir, xüsusən də aktyor üçün. Aktyorun xanımı olmaq hər qadının da işi deyil. Xanımım məni qısqanmayıb, sorğu-suala çəkməyib, həyat yoldaşı kimi yalnız öz missiyasını yerinə yetirib.

- Yəqin, qısqanclıq üçün də əsas verməmisiniz də...

- O da düzdür. Söz yox ki, tamaşalarda aktrisalarla qucaqlaşmışam da, öpüşmüşəm də.

- Bəs səhnədən kənarda, belə şeylər olmayıb?

- (gülür) Əlbəttə, olub. Kişilərin həyatında belə şeylər olur. Amma mən vəziyyətdən asanlıqla çıxmışam. Peşəmlə bağlı xarici ölkələrdə çox olmuşam, filmlərə çəkilmişəm. Qarşıma o qədər əcnəbi qadınlar çıxıb ki… Hətta bir dəfə xaricdə səfərdə olarkən az qala arvad duyuq düşəcəkdi. Oteldə bir rus qadınla gecələyəndə xanımım mənə zəng elədi. Dəstəyi həmin qadın götürdü. Həyat yoldaşım soruşdu ki, o qadın kimdir, inandırdım ki, araya kimsə düşübmüş. O da üstümə çox getmədi. Belə şeylər çox olub, amma hamısı müvəqqəti, keçici hisslərdir, hər kişinin həyatında ola bilər.

- Hələ deyin görək, xanımınız ad gününüzdə sizə nə hədiyyə etdi?

- Xanımım məni ilk təbrik edən insandır. Həmişə ad günümdə də, məni ilk olaraq o təbrik edir. Bu dəfə də mənə dedi ki, Tariyel, sənə avtomobil hədiyyə etmək istəyirəm. Bilir ki, mən avtomobil həvəskarıyam və azı iki ildən bir maşınlarımı dəyişdirirəm.

- İndiyə qədər neçə maşın dəyişmisiniz?

- 1970-ci ildən bu yana 20 maşın dəyişmişəm. Hazırda “Jeep” markalı avtomobil sürürəm. Xanımla getdik avtosalona, bir maşın qaraladım. Amma sonradan fikrimi dəyişdim. Çünki bu avtomobil mənim üçün çox düşərlidir. Dəyişmədim, dedim ki, qalsın başqa vaxta. O da razılaşdı.

- Yəni xanımınız belə varlıdır ki, sizə avtomobil hədiyyə edir?

- Onu varlı edən mən olmuşam. Evləndiyimiz gündən ta bu günə qədər büdcəm onda olub. Evimizdə bir qutu var, nə qədər pul qazanmışamsa, o qutaya atmışam. O qutunun sahibəsi də həyat yoldaşım olub.

- Bəs deyirlər, aktyorlar kasıb yaşayır, məvacibləri azdır?

- Mən neçə ilin aktyoruyam, dövlət mənə təqaüdlər, mükafatlar verir, hamısı üst-üstə gələndə ayda 1500-ü ötüb keçir. Mən də sən deyən israfçı deyiləm, elə xanımım da. Buna görə də istədiyimizi ala bilirik.

- Bəs Allahdan özünüzə nə arzulayırsınız?

- Ailəmə, özümə can sağlığı arzulayıram, qalan hər şey düzələndir.

- Tariyel müəllim, bir dəfə mənə demişdiniz ki, falçı sizin 86 il ömür sürəcəyinizi söyləyib. Vaxt yaxınlaşdıqca həyəcanınız artmır ki?

- Təbii ki, həyəcan olur. Bu sözü mənə bir yox, üç falçı söyləyib. Hamısı da xarici ölkələrdə olduğum vaxt əcnəbi insanlar tərəfindən deyilib. Amma içimdə bir inam var ki, 86 yaşı da ötüb keçəcəyəm. Anam 100 yaşına gəlib çatıbsa, deməli, uzunömürlü olmaq bizdə genetikdir. Yəqin ki, 86 yaşımda da məni elə belə gənc, şux görəcəksiniz. Əsas olan insanın içi, mənəvi dünyasıdır. Mənəvi dünyamı həmişə saf saxlamışam ki, çirkaba bulaşmasın. Bunu hamıya arzulayıram. Əgər belə etsələr, cavan qalacaqlar, həyatın da dadını çıxara biləcəklər.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm