“Onun üçün fərqi yox idi, həmin aktrisa kimin sevgilisidir” – GİZLİNLƏR – FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Onun üçün fərqi yox idi, həmin aktrisa kimin sevgilisidir” – GİZLİNLƏR – FOTOLAR

Azərbaycan milli teatrına bir-birindən gözəl televiziya tamaşaları bəxş edən görkəmli rejissor, aktyor və özündən sonra məktəb qoyub gedən bir ustad, müəllim haqqında danışacağıq – xalq artisti Lütfi Məmmədbəyovdan.

Bu gün onun ad günüdür. “Lütfi müəllim” deyəndə gözümün qabağına ilk olaraq, onun yaradıcısı olduğu xalq teatrı düşür. Bu xalq teatrı Azərbaycan milli teatr və kinosuna Həsən Turabov, Həsən Əbluc, Şahmar Ələkbərzadə, Rasim Balayev, Tariyel Qasımov kimi aktyor nəsli bəxş edib. Sonra “Qızmar günəş altında” filmində oynadığı Xəlil obrazını xatırlayıram. Ən nəhayət, “Lütfi Məmmədbəyov” deyəndə Azərbaycanda çəkilən ilk milli serial “İtkin gəlin” yadıma düşür. Sevinirəm ki, onunla həmsöhbət olmaq jurnalist kimi mənim də qismətimə düşüb.

Publika.az olaraq mərhum sənətkarımızı yetirmələrindən biri olan xalq artisti Tariyel Qasımovun xatirələri ilə yad edib, daha yaxından tanımağa çalışacağıq.

“Mən Bakıya gələndə Lütfi Məmmədbəyovun xalq teatrı çox məşhur idi. Həmin teatr o vaxtlar 26-lar adına klubda fəaliyyət göstərirdi. Yadımdadır ki, Lütfi müəllimin məktəbinə hər adam yaxın düşə bilməzdi. Çünki rejissor istedadına inanmadığı gəncləri o teatra buraxmazdı. Mən də o vaxtlar Bədən Tərbiyəsi Texnikumunda oxuyurdum və soraqlaşa-soraqlaşa Lütfi müəllimin yanına gəldim. Məni təpədən-dırnağa süzdü və qabiliyyətimi yoxladı. Xoşuna gəlmişdim, mənə qayıtdı ki, yaraşıqlısan, boyun-buxunun da yerindədir, səndən yaxşı aktyor çıxacaq. Amma onu da deyim ki, Lütfi müəllim nizam-intizamı sevən və həm də mülayim olduğu qədər də sərt, zabitəli, hirsli adam idi. Bu da onun tələbkarlığından irəli gəlirdi. Mən İdman Texnikumunda oxuyanda yarışlara gedirdim, bir dəfə yarışa getdiyim üçün onun dərnəyinə gələ bilmədim. Səhəri gün məndən soruşdu ki, dünən hardaydın? Mənə də yarışa getdiyimi bildirdim. Hirslə qayıtdı ki, get idmanınla məşğul ol, səndən artist çıxmayacaq. Özü də məni dərnəkdən çıxardı. Hərçənd, bir-iki həftə bundan qabaq özü məni tərifləmişdi. Mən dəhlizə çıxdım və gözlədim ki, məşqdən sonra ona yaxınlaşım. Onda Şahmar Ələkbərovla Həsən Əbluc da mənimlə dərnəyə gəlirdilər. Bir qədər keçmiş gördüm Şahmarla Həsən otaqdan çıxıb mənə tərəf gəldilər ki, narahat olma, sabah dərnəyə gəl. Sən demə, onlar Lütfi müəllimdən xahiş ediblər ki, Tariyeli bağışla, bir də belə səhv etməz. Demək istəyirəm ki, Lütfi müəllim çox ürəyiyuxa, xeyirxah insan idi. Pulu olmayan cavanlara pul da verirdi. O vaxt dərnəyə xəlvət getdiyim üçün, atam məndən küsmüşdü və pul yollamırdı. Lütfi müəllim bunu uşaqlardan öyrənmişdi. Bir gün məşqdən sonra mənə 50 manat pul verdi və dedi ki, birdən pulun olmaz, xərcləyərsən. Geri qaytarsam da, götürmədi. Xeyli vaxtdan sonra o pulu qaytarmaq istədim, amma nə illah elədim, götürmədi. Təkcə mənə qarşı yox, bütün tələbələrinə qarşı çox həssas idi. Köhnə kişilərdən idi, özünə hörmət edən adam idi.

Bunları, yəqin ki, heç kim bilmir, amma mən bilirəm ki, Lütfi müəllim üçün önəmli deyildi, bu aktyor, ya aktrisa kimin qohumudur, kimin adamıdır, ya kimin sevgilisidir. O, istedadına əmin olmadığı adama rol verməzdi. Əlbəttə, o dövrdə hansısa məmur, rəhbər ona zəng edib, xahiş də edirdi ki, filan aktrisaya rol ver. Amma belə şeylər onun üçün keçərli deyildi. O, sənətinə vurğun insan idi və sənət aləmində heç kimə güzəşt etməzdi. Hətta dərnəkdən getməyə razı olardı, inciyərdi, küsərdi, amma bunu eləməzdi. Aktrisa lap dünya gözəli də ola bilərdi, amma istedadı yox idisə, Lütfi Məmmədbəyovun teatrına yaxın buraxılmazdı. Onu da deyim ki, o vaxt Lütfi müəllimin xalq teatrı paytaxt teatrlarından da məşhur idi, buna görə orada oynayan adam tez tanınırdı. Hər kəs istəyirdi ki, yolu bu teatrdan keçsin. Bu gün hamımızın tanıyıb, sevdiyimiz bir çox sənət fədailəri - Həsən Turabov, Yaşar Nuri, Şahmar Ələkbərov, Həsən Əbluc, Rafiq Əzimov, Həsən Məmmədov, Hamlet Xanızadə və adını çəkmədiyim digər sənətkarlar onun yetirmələridir. Onlar Azərbaycan teatrının bel sütunları sayılır. Mən xoşbəxtəm ki, xalq artisti adına biz eyni vaxtda, eyni gündə layiq görüldük...

Lütfi müəllimin məktəbindən çıxan bütün aktyorlara yaşıl işıq yandırılırdı, çünki onlar artıq peşəkar aktyorlar sayılırdılar. Biz ali məktəbdə yalnız savad alırdıq, amma teatr sənətinin incəliklərini, mizanları, plastikanı bizə Lütfi müəllim öyrədirdi.

Lütfi müəllim həm də gözəl ailə başçısı idi. Xanımı ilə nişanlı vaxtları idi, onda da telefon-zad çətin tapılırdı axı. Lütfi müəllim nişanlısına sözü mənim vasitəmlə göndərirdi. Yəni yetirmələrinə belə etibar edirdi. O, dostluqda da sədaqətli insan olub. Yaşlı vaxtlarında da çox enerjili idi. Bir dəqiqə boş vaxtı olmazdı. Həyatını yaradıcılığa sərf edirdi. Əsl şəxsiyyət idi. Hələ bir dəfə eşitməmişdik ki, Lütfi Məmmədbəyov hansısa həmkarı ilə küsülüdür, ya düşmənçilik edir. Yox, o başını aşağı salıb, öz işi ilə məşğul olurdu, dedi-qodulara zamanı yox idi.

Allah ona rəhmət eləsin, onunla bağlı o qədər gözəl xatirələrim var ki… Onun bizə qoyub getdiyi tamaşalar, filmlər milli teatr və kino sənətimiz durduqca yaşayacaq. Belə sənətkarları həmişə yad etmək lazımdır. Mən çox arzulayardım ki, adi günlərdə olmasa da, heç olmasa, doğum və xatirə günlərində telekanallarımız onun hazırladığı tamaşaları nümayiş etdirsin, oynadığı filmləri göstərsin. Belə sənətkarlar unudulmamalıdır, həmişə onu yaşatmalıyıq”.

Qeyd edək ki, Lütfü Məmmədbəyov 1927-ci il fevralın 6-da Ağdaşda anadan olub. Əvvəl Teatr Texnikumunda, M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1947-ci ildə bir müddət Musiqili Komediya Teatrında fəaliyyət göstərib, 40-cı illərin sonunda bu teatr müvəqqəti olaraq bağlanandA Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. 1961-ci ildə Dram Teatrına dəvət olunub və ömrünün sonunadək orada çalışıb. Böyük aktyorluq məktəbi keçmiş Lütfi Məmmədbəyov Akademik Milli Dram Teatrının səhnəsində uğurlu tamaşaların quruluşçu rejissoru, televiziyada 60-dan çox televiziya tamaşasının rejissoru olub. Respublikada ilk çoxseriyalı televiziya filminin rejissoru da Lütfi Məmmədbəyov olub. Yazıçı Əlibala Hacızadənin əsəri əsasında 12 seriyalı “İtkin gəlin” telefilmi ilə milli serialın əsasını qoyub. Lütfi Məmmədbəyov 2004-cü ildə, fevralın 1-də vəfat edib.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm