Tanınmış aktyordan şok etiraf: “Arvadım dedi ki, sən o aktrisadan ötrü ölürsən”
Bizi izləyin

Tabloid.az

Tanınmış aktyordan şok etiraf: “Arvadım dedi ki, sən o aktrisadan ötrü ölürsən”

Həmsöhbətim Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Vahid Əliyevdir. Ad gününü qeyd edən sevilən aktyorumuzu biz də təbrik etdik.

Aktyor Publika.az-a sənətindən, uzun illər bərabər yaşadığı həyat yoldaşından və ailəsinin uzunömürlü olmasının sirlərindən danışdı. Sən demə, aktyor evlənərkən həyat yoldaşının qarşısında şərt də kəsibmiş.

- Uzun illərin sənətkarısınız…

- Xahiş edirəm sənətkar sözünü işlətməyəsiniz. İnsan özünə sənətkar deyirsə, deməli, zamanı dayandırır. Sənət adamı qəbir evinə qədər axtarmalı, araşdırmalıdır.

- Amma dünən sənətə gələnlər bu gün özünə “ulduz”, “sənətkar” deyir…

- Qoy desinlər, təki ulduz olsunlar. Ulduzumuz çox olsa, yaxşıdır.

- Bu gün də eyni həvəslə səhnəyə çıxırsınız?

- Böyük sənətkarlardan birinə efirdə sual vermişdilər ki, həyata ikinci dəfə gəlsəydiniz, aktyor olardınızmı? O cavab vermişdi ki, qətiyyən olmazdım. O zaman bu cavab məni təəccübləndirmişdi. Amma indi mən də bu suala eyni cavabı verərdim.

- Niyə bu qədər pessimist düşünürsünüz, səbəb nədir?

- Mənə elə gəlir ki, bu gün aktyor kimi teatra lazım deyiləm. Artıq məni kütləvi səhnələrdə teatra çıxarırlar. Mən bunun əleyhinə deyiləm, aktyor hər ampluada özünü yoxlamalıdır. Söz yox ki, mən ampluasız aktyoram, faciədə də oynayıram, komik tamaşada da. Hətta 42 yaşım olanda 9 yaşlı uşaq obrazında da oynamışam.

- Rejissorlardan heç soruşmursunuz ki, niyə sizə arzuladığınız rolları vermirlər?

- Mən niyə soruşmalıyam ki? Mənlik, qürur deyilən bir şey var. Hansısa rejissora ağız açıb desəm ki, mənə rol ver, o an mənliyimi itirərəm. İndiyə qədər yaratdığım rollar da bir heçə dönər. O aktyoram ki, 1975-ci ildə məni Odessa Teatrında saxlamaq istədilər. Anamın “qayıt gəl” kəlməsi arzularımın üstündən xətt çəkdi. 1978-ci ildə məni “Teatr Sovremennik”də saxlayırdılar, yenə də anamın çağırışı məni Azərbaycana gətirdi. Bu günə qədər rollarımın çoxunu dublyorsuz oynadım. Sənətimə görə ailəmə, uşaqlarıma da çox əziyyət vermişəm, buna görə çox peşmanam.

- Deyirsiniz ki, ananız sizi Rusiyadan geri qaytardı. Bəlkə, rus qızı ilə ailə quracağınızdan qorxurdu, buna görə?

- Hə, elə buna görə qorxurdu. Amma mən anama dedim ki, ana, Azərbaycanda o qədər gözəl qızlar ola-ola niyə rus qızıyla evlənməliydim? Gəldim Bakıya.

- Ananızın seçimi ilə evləndiniz?

- Bəli, mənə qızı anam tapdı. Anamın üstümdə çox əziyyəti olub, atam tez rəhmətə getdiyi üçün 7 uşaq onun öhdəsində qalıb. Mənim o vaxt qız dostlarım yox idi, hətta qadınlarla söhbət etməyi bacarmırdım. Mənə elə gəlirdi ki, qızlara layiq deyiləm.

- Niyə belə hesab edirdiniz?

- Bilmirəm. Anam hər dəfə işdən gələndə məni qarşısında oturdub soruşurdu ki, de görüm kimi sevirsən? And içirdim ki, istədiyim qız yoxdur. Belə olanda anam başladı mənə qızların adını sadalamağa. Məhəllədəki bütün qızların adını çəkdi. İndiki həyat yoldaşımı da bir-iki dəfə avtobusda görmüşdüm, onlar bizim məhəlləyə yeni köçmüşdülər. Nə isə, anam o qızın adını deyəndə hiss elədim ki, ondan xoşum gəlir. Təsadüfə baxın ki, mənim bibimlə qızın ana nənəsi rəfiqəymiş. Bunu onlara elçi gedəndə biliblər. Elə nənənin hesabına elçilik baş tutdu və qızı mənə verdilər. Amma elçi gedəndə heç mənim razılığımı da gözləməmişdilər. Çiskinli noyabr ayıydı, gördüm xalamgil evdə xonça hazırlayır. Anamdan soruşdum ki, hara gedirsiniz? Qayıtdı ki, necə yəni, hara gedirik, elçiliyə. Bəs hazırlaş, sən də bizimlə gecədəksən. Razı olmadım və dedim ki, siz gedin, ünvanı verərsiniz, başqa vaxt gedərəm. Mən onda Moskvada oxumaq arzusundaydım, bunu anama da demişdim. Anam da qıza elə xəlvəti elçi getmək istəyirdi ki, ayağımı “kəndirləsin”. Anamgilin arxasınca mən də elçiliyə getdim.

- Sonradan peşman olmadınız ki?

- Heç vaxt. Anam da gəlinini çox istəyib. Özü aldığına görə yox, sadəcə, həyat yoldaşım çox gözəl insandır.

- Aktyor xanımı olmaq da asan iş deyil, yəqin əziyyətinizi çox çəkib?

- Çox. Bax mənim xasiyyətim çox dözülməzdir. Yəni bir dəqiqə beləyəm, bir dəqiqə elə. Başqa qadın mənə dözməzdi. O qadın mənə dözüb, bunu itirsəm, burnumdan gələr. Elə vaxtlar olurdu, bütün günüm teatrda keçirdi. Xanımım evin bütün məişət qayğılarını özü çəkirdi ki, mənə əziyyət verməsin. Bəlkə də, Allahın mənə yazığı gəldiyi üçün o qızı mənə qismət edib.

- Adətən, aktyorların xanımları onları səhnədəki tərəf-müqabillərinə qısqanır. Sizdə belə hallar yaşanıb?

- Olub. O vaxtlar Əli Kərimin “Pillələr” əsərində oynayırdım, Nübar Novruzova da tərəf müqabilim idi. Həmin vaxt həyat yoldaşım dərzilik kursuna gedirdi. Premyera keçiriləndə xanımıma dəvətnamə apardım ki, rəfiqələri ilə birgə gəlib tamaşaya baxsınlar. Qızlar gəlib birinci sırada oturdular. Mən də tərəf müqabilim Nübarla beş ay idi ki, küsülü idik və elə səhnəyə də küsülü çıxdıq. Məhəbbət səhnəsi oynayırdıq. Qucaqlaşma olmasa da, mənim əlim bu qızın sifətində gəzir, atəşli baxışlarımız olur və sair. Bir yer də var, onu qucağıma götürüb qarın altında fırladıram. Sadəcə, səhnədir və öz rolumuzu oynayırıq. Birdən qızı səhnədə fırladanda gözüm səhnədə xanımımın gözünə sataşdı. Qız səhnədə əlimdən düşdü. Yaxşı ki, o an pərdə bağlandı. Evə gələndə həyat yoldaşım qayıtdı ki, sən Nübar üçün ölürsən. Mən də ona dedim ki, Əliyeva, mən Nübar üçün ölmürəm.

- Xanımınıza soyadı ilə müraciət edirsiniz?

- Zarafatla belə deyirəm. Hətta təzə evləndiyimiz vaxtlarda mən ona zarafatla “qızım” deyə müraciət edirdim. Qayıtdım ki, Əliyeva, mən Nübarla beş aydır danışmıram, sadəcə, səhnə texnikasından istifadə edirəm. Qarşımda Nübar olsa da, gözümün önünə həyat yoldaşımı gətirirdim. Təxəyyüllə işləyirdim, bu da aktyor üçün çətin nömrədir. And-aman etdim, inanmadı. Dedi ki, yox e, sən qızı gözünlə yeyirdin... Qısqanclıqlar olub. Məsələn, mən evdə eyvana çıxıb siqaret çəkəndə qonşu qız-gəlinlər çıxıb mənə baxırdılar. Aktyor olduğum üçün onlara maraqlı gəlirdi. Heç qonşularımın çoxunu tanımırdım da. Çünki bir xasiyyətim var, heç vaxt qız-gəlinin üzünə baxmıram. Xanımım eyvandan qonşuların mənə baxdığını görəndə narahat olur, məni içəri çağırırdı. Mən də deyirdim ki, axı uşaqlara görə evdə siqaret çəkə bilmirəm. Bir dəfə də metroda başıma iş gəldi. Ayaq üstə dayanıb yoldaşımla söhbət edirdik. Bir də gördüm arxamda bir qız dayanıb, həyat yoldaşımın arxasında da başqa bir qız. Bunlar başımızın üstündən bir-birinə baxır, danışır. Bir qız da aramızda dayanıb. Yoldaşım əsəbiləşdi ki, bu qız kimdir, sənə baxır. Mən də qaş-gözlə işarə etdim ki, tanımıram, sən Allah, məni biabır etmə. Qayıtdı ki, necə tanımırsan, o sənin gözünün içinə baxır. Axırda hirsləndim ki, ay qız, meymuna baxarlar də. Qız da gözünü çəkmir e məndən. Yoldaşım dedi ki, bu qızın cavabını verəcəyəm. Mən ona hirsləndim ki, Əliyeva, əgər o qıza nəsə desən, qapı açılan kimi gedəcəyəm, bir-birinizi nə qədər istəsəniz, boğarsınız. Birtəhər vəziyyətdən çıxdım.

- Heç evə zənglər olurdu?

- Yox, belə şeylər olmayıb. Bəlkə də, olub, həyat yoldaşım üzümə vurmayıb.

- Amma bu qədər qısqanc olsa da, hər zaman sizə dəstək olub?

- Hər şeyə görə yoldaşıma borcluyam.

- Xanımınızda hansı xüsusiyyəti dəyərləndirirsiniz?

- Mən çox çılğın adamam, bəzi məqamlarda özümə cavabdeh ola bilmirəm.

- Yəni o məqamda xanımınızı vura da bilərsiniz?

- Vurmaram, amma sözlə incidərəm. Xanımım da emosional adamdır, amma odun üstünə su tökməyi bacarır.

- Evdə daha çox hansınızın sözü keçir?

- Qoy bunun tarixçəsini sənə danışım. Nişanlı vaxtımızda qıza xəbər yolladım ki, bizə gəl. Gəldi, anama dedim ki, nişanlımla söhbətim var. Onu qarşımda oturtdum və şərtlərimi söylədim. Dedim ki, bizim aramızda sevgi olmayıb, səni bir dəfə avtobusda görmüşəm, sən də məni televizordan tanımısan. Qızlarda bir xasiyyət var, nişanlanıb, ərə gedəndən sonra, deyirlər, burda mənəm, Bağdadda kor xəlifə. Bil və agah ol, sən heç vaxt mənim evimdə “xəlifə” olmayacaqsan. Mən buna icazə verməyəcəyəm. Sənin uduzmağın mənim uduzmağımdan daha çox olacaq. Sən xəlifəlik eşqinə düşsən, mən səni saxlamayacağam, hətta on uşağımız olsa da belə. Dilənəcəyəm, o uşaqların alimentini verəcəyəm, amma səni saxlamayacağam. Gəl ikimiz də oturub şərt kəsək. Mən oğlanam, ailəmiz dağılsa, evlənəcəyəm. Başqa şəhərdə pasportumu itirib, evliliyi yox edib, subay oğlan kimi ailə quracağam. Amma sən ərə gedə bilməyəcəksən. Qayıtdım ki, ola bilər, evə əsəbi gəlim, o məqamda mənə cavab vermə, on beş dəqiqədən sonra özüm səndən üzr istəyəcəyəm. Bir ricam da oldu. Dedim ki, anamı bərkə-boşa salma, anamdan brilyant-qızıl istəmə, nəyi var, ona razılaş. Axırda da dedim ki, bacılarıma, anama həmişə hörmət göstərəcəksən. Bütün bu şərtlərimi söyləyəndən sonra ona bir həftə vaxt verdim ki, düşünüb-daşınıb son sözünü desin. Bir həftədən sonra gəldi ki, şərtlərinə razıyam. Mən də ona dedim ki, indən belə canım da sənə qurbandır. Hələ bu günə qədər şərtimi pozmayıb.

- Bəs xanımınızın sizdə dəyər verdiyi xüsusiyyət hansıdır?

- İçimin saflığı. Bilirsən mən xanımımı özümə nəylə bağladım? Yoldaşımın atası çox sərt adam olub. Amma mən xanımımın hər sözünə “can” deymişəm. Dörd baldızımın toyunu mən eləmişəm. Demək istəyirəm ki, xanımımın ailəsi də mənə həmişə hörmətlə yanaşıb, mənimlə məsləhətləşiblər.

- Xanımınızı sözlə çoxmu “vurmuşunuz”?

- Olub. Bir gün televizora baxırdım, məndən icazəsiz kanalı çevirdi və seriala baxmağa başladı. Çox pis oldum, amma söz də deyə bilmədim. Siqaretimi götürüb keçdim mətbəxə. Bir də gördüm, bədahətən mənə bayatı üstündə şeir gəlir. Gəldim, qapının ağzında dayanıb ona baxdım. Soruşdu ki, nə olub, sözlü adama oxşayırsan. Dedim ki, heç bayaq xətrimə dəydin, mən də istəyirəm, sənin xətrinə dəyim. Başladım şeir söyləməyə:

Əzizinəm qara bax,

Yazda yağan qara bax,

Gözəl keçələ qismət,

Mənə düşən yara bax.
Səhvini başa düşdü. Mənim üçün həyat yoldaşı həm də anadır, bacıdır. Onu da deyim ki, bizim ailədə söz-söhbət, küsülülük on beş dəqiqədən artıq çəkməyib.

- İlk addımı kim atıb?

- Həmişə mən atmışam, çünki qadınla mübahisə etmək olmaz. Qadının verdiyi cəza Allahın verdiyi cəza qədər ağırdır.

- Bəs xanımınızda xoşlamadığınız xasiyyət varmı?

- Cavan vaxtlarımız yadıma düşdü. O vaxtlar evli olsam da, anam məni həmişə uşaq kimi danlayır, hətta lazım olanda döyürdü də. Yoldaşım dünyasını dəyişəndən sonra yoldaşım anamın elədiyi analıq missiyasını öz üzərinə götürməyə çalışdı. Bir də görürdün nəyəsə görə danlayır, bu, mənim xoşuma gəlmirdi. Deyirdim ay qız, mən anamın uşağıyam e, sənin yox...

- Ailənin uzunömürlü olmasının sirrini nədə görürsünüz?

- Sənə bir sirr açım. Xanımım Şir, mənsə Dolça bürcündə doğulmuşuq. Dolça ilə Şir bir damın altında yola gedə bilməzlər. Mən evlənəndə bilirdim ki, Şirlər hegemondurlar, onlarla yola getmək olmaz. Yoldaşımın “şirliyi” tutanda mən mətbəxə keçmişəm və hirsinin soyumasını gözləmişəm. Mən qadını yüksəkdə tutmuşam həmişə. Bir-birinə güzəşt etmək mütləqdir, amma baxır nədə. Heç vaxt istər kişi, istərsə də qadın bu güzəştdən sui-istifadə etməməlidir. Bəzən deyirlər ki, filan kişi yoldaşına kömək edir və buna pis baxırlar. Amma mən lazım olanda evdə yemək də bişirirəm. Bazar günü olanda deyirəm ki, Əliyeva, bu gün xörəyi mən bişirəcəyəm.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm