“1001 gecə” baleti Belarusda – Premyera - Foto
Bizi izləyin

Tabloid.az

“1001 gecə” baleti Belarusda – Premyera - Foto

“1001 gecə” baleti Belarusda

Azərbaycan bəstəkarı Fikrət Əmirovun “1001 gecə” baletinin Belarus Dövlət Akademik Musiqili Teatrında premyerası olub. Publika.az-ın məlumatına görə, premyera üç gün - 14-15-16 fevralda keçirilib.

Uzun illərdir ki, bu balet dünya ölkələrinin səhnələrində böyük uğurla nümayiş etdirilir. Lakin Belarus Dövlət Musiqili Teatrında “1001 gecə”nin səhnələşdirilməsi bu məşhur sənət əsərinin Belarusda ilk ifası olduğu üçün xüsusi olaraq əlamətdardır. Quruluşçu-baletmeyster, Azərbaycanın xalq artisti Mədinə Əliyevanın yeni xoreoqrafiyası, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin rəhbərlik etdiyi simfonik orkestrin parlaq ifası, quruluşçu-rəssam İnarə Aslanovanın yaratdığı, Şərq dünyasının ruhunu təcəssüm etdirən rəngarəng dekorasiya və geyimləri, Belarus tamaşaçıları tərəfindən böyük coşqu və heyranlıqla qarşılanıb.

Tamaşanın quruluşunda həmçinin teatrın baş baletmeystri, Belarus Respublikasının xalq artisti Vladimir İvanov, eləcə də assistentləri – Belarus Respublikasının əməkdar artistləri Janna Lebedeva və Olqa Serko, rəssam - Lyubov Sidelnikova, musiqi redaktoru – Azərbaycanın əməkdar artisti Samir Səmədov (Azərbaycan) iştirak ediblər. Tamaşada aparıcı partiyaları Belarus Dövlət Akademik Musiqili Teatrının solistləri, beynəlxalq müsabiqələr laureatları Sergey Qlux (Şəhriyar), İrina Voytekunas (Şəhrizad), Polina Qarunoviç (Zibeydə), İqor Qonçarik (dənizçi Sindbad), Dmitriy Lazovik (Ələddin), Mika Suzuki (şahzadə Budur), Vitaliy Borovnev (Cin), Mayk Partuş (Quldurların başçısı), Aleksandra Krasnoqlazova (Mərcanə) və Nikolay Umerenkov (Əlibaba) ifa ediblər.

«1001 gecə» baletinin ifaçıları müxtəlif ölkələri və qitələri təmsil edirdilər – Mayk Partuş (Fransa), Ririko İto, Mayuoko Ono və Mika Suzuki (Yaponiya), İrina Voytekunas isə Litva balet məktəbinin yetirmələridir. 3 gün ərzində keçirilən bütün tamaşalar anşlaqla keçmiş və baletin hər bir nömrəsi sürəkli alqışlarla müşayiət olunub.

“1001 gecə” baletinin premyerası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Dövlət Opera və Balet Teatrının dəstəyi ilə baş tutub. Tamaşanın premyerasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyeva, Belarus Respublikasının Mədəniyyət Nazirliyinin rəhbərliyi, Azərbaycanın Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri İsfəndiyar Vahabzadə iştirak ediblər.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm