Baloğlan Əşrəfov: “Bunu ilk dəfə sizə deyirəm...” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Baloğlan Əşrəfov: “Bunu ilk dəfə sizə deyirəm...” – FOTOLAR

Respublikanın əməkdar artisti, tanınmış müğənni Baloğlan Əşrəfovun Publika.az-a müsahibəsi

- Baloğlan müəllim yaradıcılığınızda hansı yeniliklər var?

- Mən hər dəfə jurnalistlərə müsahibəmdə deyirəm ki, müğənninin yaradıcılığında yenilik olmasa, xalqın yaddaşından silinib gedər. Mənim yaradıcılıq istiqamətim bir qədər fərqli olsa da, yeni mahnılar üzərində işləyirəm. İnşallah, yaz aylarında bir-iki mahnını lentə aldıracağam.

- Öz bəstələrinizdir?

- Öz bəstələdiyim də var, dost bəstəkarların əsərləri də. Rauf Məmmədovun mahnısını da ifa etmişəm. Bir də çox böyük bir layihə gözlənilir.

- Yəqin ki, solo konserti nəzərdə tutursunuz?

- Yox, solo konsertdən də qiymətli bir şey olmalıdır. Konsert-tamaşa verməyi düşünürəm. Tutaq ki, mən hansısa mahnını ifa edirəm və həmin əsər canlı klip formasında səhnədə göstərilir.

- Bu layihəni Heydər Əliyev adına Sarayda həyata keçirməyi düşünürsünüz?

- Dəqiq yer hələ müəyyən olunmayıb. Digər böyük şəhərlərimizdə də ola bilər. Bu, Azərbaycanda bir ilk olacaq və birinci dəfə bunu sizə deyirəm. Hazırda bunun üzərində iş gedir, yaxşı olmalıdır.

- Layihənin rejissoru kimdir?

- Layihənin ssenari müəllifi Əhməd Orucoğludur. Rejissorunun kim olduğunu bilmirəm.

- Təklif kimdən gəlib?

- Təklif Əhməd Orucoğlunundur. Mən ancaq mahnılarımla məşğulam.

- Hər gün efirdəsiniz...

- Bəli, hər gün efirdəyəm. Hətta iş o yerə çatıb ki, özümə qadağa qoymaq istəyirəm. Artıq bu, heç nəyə sığışmır, beynim pozulur. Həftənin yeddi günü efirdə olmazlar. Efirə çıxmağın da qaydası var. Heç vaxt belə olmamışdı.

- Bəlkə, hər dəvəti qəbul edirsiniz?

- Hər dəvəti də qəbul etmirəm. Amma bəzən görürəm ki, geriyə yol yoxdur, razılaşıram. Məcburən də olsa, efirə çıxıram.

- Masallıda son dəfə nə vaxt olmusunuz?

- Arabir oradakı evimə gedirəm.

- “Xəzər Lənkəran”ın oyunlarına baxırsınız?

- Son zamanlar “Xəzər Lənkəran”da islahatlar həyata keçirildi. Hazırda komanda ürəkaçan səviyyədə oyun nümayiş etdirmir deyə, adam daxilən həvəsdən düşür. Heç istəməzdim belə olsun.

- Son oyunlarına baxmısınız?

- “İnter”lə oyuna baxdım.

- Lənkəran azarkeşləri deyirdilər ki, komandada yerli uşaqlar oynasınlar. İndi əsas heyətdəki bir çox oyunçular yerlilərdir, amma nəticə yoxdur...

- Deyirlər guya olacaq da.

- Siz necə düşünürsünüz?

- Olsa da, bu, tezliklə olmayacaq.

- Sizcə, legionersiz iş keçməz?

- Keçər e, amma burada tamaşaçı faktoru da var. Azarkeş başa düşməlidir ki, iş gedir, hövsələli olmaq lazımdır. Lənkəran azarkeşləriylə digər bölgələrin tamaşaçısı arasında bir az fərq var. Onlar daha çılğındırlar, belə islahatlara hazır deyillər, ürəkləri dözmür.

- Deyirdilər ki, yerlilər oynasın, yerlilər də oynayır...

- Cənub azarkeşləri səbirli deyillər. Dünyanın harasından məşqçi gətirsən də, iki oyun nəticə verməsə, etiraz edirlər. Onları da qınamıram. Hər zonanın bir xarakterik xüsusiyyəti var. Lənkəranlılar futbola qəlbən bağlıdırlar. Ona görə də eksperiment-meksperimeti gözləməyə hövsələləri çatmır.

- Peşəkar futbol azarkeşisiniz. Sizə elə gəlmirmi ki, “Xəzər Lənkəran” tarixində Mirça Rednik və Ağasəlim Mircavadovdan uğurlu məşqçi olmayıb. Sizcə, onlardan birini yenidən komandanın sükanı arxasına gətirmək olarmı?

- O komandanın ilk təməl daşını Nazim Süleymanov qoyub. Nazim Süleymanovu üç-dörd oyundan sonra dəyişdirdilər. Ancaq Nazim indi də deyir ki, komandanın inkişafına başımla cavabdehəm. Qəribədir ki, kimlərəsə, nələrəsə görə bu məsələ həyata keçmir. Komandada bir qeyri-müəyyənlik var. Hansısa uğursuzluğa görə komandadan uzaqlaşdırılmaq ola bilər, ancaq Nazimin getməyininin səbəbi məlum deyil. Fikrimcə, Lənkərana gələn məşqçi ilk növbədə yerli azarkeşin xarakterini öyrənməlidir. Dünyanın bir nömrəli məşqçisi də gəlsə, lənkəranlıların psixologiyasını bilməsə, heç cür mümkün deyil. Toşak “Makkabi”yə 0:8 uduzdu. Mən təsadüfən həmin vaxt o tərəflərdə idim. Məğlubiyyətin səhəri günün bir dənə pivəni vurdu qoltuğuna, çıxdı getdi dənizə çimməyə. Lənkərana elə adam baş məşqçi gətirilməlidir ki, məğlub olanda xəcalətdən gizlənsin.

- Nəzərə alın ki, Toşak komandaya öz başına gəlməmişdi...

- Kim gəlir gəlsin, insanları tanımalıdır. Elə məşqçilər var ki, uduzsa da, oturub siqaret püləyir. Lənkəranda belə deyil. Şəraitə görə hərəkət etmək lazımdır. Mənim yadıma bir şey düşür. “Mazandaran pələngi” adlı bir İran filmi var idi. Həbib gedib uduzur, kəndə gələndə hamı çayxananın qabağında bunu ələ salır, nalayiq sözlər deyir... Amma indiki məqamda bizim hövsələmiz olmalıdır.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm