Əməkdar artistdən şok etiraf: “Qadın mənə dedi ki, ərim səndən ötrü ölür” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Əməkdar artistdən şok etiraf: “Qadın mənə dedi ki, ərim səndən ötrü ölür” – FOTOLAR

“Ulduzlu axşam”da Publika.az-ın qonağı əməkdar artist, Opera Teatrının cazibədar “Leyli"si Gülüstan Əliyevadır.

- Maşallah, günü-gündən gözəlləşirsiniz, bunun sirri nədədir?

- Azərbaycan xanımları yaşa dolduqca həmişə gözəlləşirlər. İnsanın daxilində səmimiyyət, uşaqlıq varsa, bu saflıq illər ötdükcə zahirinə vuracaq.

- Fransızların bir deyimi var: “Qadın şərab kimidir, yaşı artdıqca qiyməti artır”. Amma bizim qadınlar nədənsə yaşlanmaqdan yaman qorxurlar. Yaşları 40-ı ötməmiş başlayırlar cürbəcür plastik əməliyyatlar etdirməyə. Sizcə, niyə?

- Mən yaşlanmaqdan qorxmuram. Allah bizə o qədər ömür versin ki, yaşlanaq, həyatı doya-doya yaşayaq. O qədər insanlar var ki, ömrünün ən gözəl çağında dünyadan köçürlər. Qoy Allah elə bizə yaşlanmaq xoşbəxtliyini versin. Sənət adamları daima səhnədə olduqlarından özlərinə fikir verirlər. Adi bir qırışı üzlərində görmək istəmirlər, bu, heyranları tərəfindən sevilmək arzusundan doğur. Buna görə nələrəsə məcburuq. Bir də onu deyim ki, insanı gözəl göstərən həm də sevgidir. Vallah, sevgi üçün də çox şey lazım deyil. Kiçik bir diqqət, nəzakət, bir dəstə gül qadını sevindirə bilir.

- Sevginin sevincini çox yaşamısınız, yoxsa, əzabını?

- Məncə, sevginin əzabı daha çoxdur. Sevgi çox zərifdir, adi bir diqqətsizlikdən boynubükük qala bilər. Buna görə bir balaca diqqətsizlik qadına əzab verir. Mənim üçün sevgidə ən önəmli məqam hörmət hissidir. Hörmət olan yerdə sevgini də qorumaq olur.

- Siz həm də sükan arxasında olan xanımsınız. Maraqlıdır, necə sürücüsünüz?

- Deyilənə görə, pis sürücü deyiləm. Amma aradabir yol hərəkət qaydalarını pozduğum vaxtlarda cərimələr də yazılır. Amma radarlara düşdüyüm vaxtlar olur, o radarların da atası yox, anası yox, hər şeyi özləri yazır, özləri müəyyən edir.(gülür)

- Sürət sevirsiniz?

- Sevirəm, amma çalışıram maşını aşağı sürətlə idarə edim.

- İndiyə qədər ən yüksək sürətiniz nə qədər olub?

- 180-i keçmişəm. Amma magistral yolda. Harasa tələsmişəm, buna görə məcburən sürəti artırmışam.

- Qayda pozanda heç yol polisləri güzəştə gedir?

- Sağ olsunlar, həmişə onlardan hörmət görmüşəm. Amma prinsipial qayda pozuntularında cərimələrimi ödəmişəm.

- Heç qəza keçirmisiniz?

- Bir neçə dəfə, yeni-yeni sürdüyüm vaxtlarda olub. 2005-ci ildə oğlumla birgə ağır bir qəza keçirdim. Qayınatamgilə gedirdik, Saatlı yolunda dəhşətli qəza keçirdim. Maşın ələ gəlmədi, amma özümüz yüngül yaralarla xilas ola bildik.

- Günah sizdə olmuşdu, yoxsa qarşı tərəfdə?

- Kəndarası yol idi, qarşıdan gələn köhnə bir “Jiquli” sürətlə üstümə gəldi. Mən kənara çəkdikcə, o, sürəti artırırdı. Torpaq yola çıxmaq məcburiyyətində qaldım. Torpaq yol da belədir ki, maşını sürütləyib aparır.

- Yəqin ki, o hadisə sizi bərk qorxutdu?

- Mən şok vəziyyətində idim, oğlum məni maşından çıxarıb. Təzə-təzə vaxtlarda heç sən deyən həyəcan keçirmədim, amma üstündən zaman keçdikcə anladım ki, böyük bir qəzadan qurtarmışıq. O qəzada həyatımızı itirə də bilərdik, Allah qorudu.

- Ekstrimləri, riskə getməyi xoşlayırsınız?

- Dəhşətli dərəcədə. Hər bir işimdə, hətta həyati məsələlərdə risk etmişəm. Heç buna görə peşman da olmamışam. Onu da deyim ki, risk etdiyim zaman fəsadları da gözümün önünə gətirmişəm, amma bu, məni risk etməkdən saxlaya bilməyib.

- Sizi buna nə məcbur edib ki?

- Mənim özümə inamım çox güclüdür. Əgər deyirəmsə ki, bunu bacaracağam, deməli, o addımı atıram. Özgüvəni olmayan insan həyatda heç nə əldə edə bilməz. İstər maddi, istərsə də mənəvi qazanclardan söhbət gedir. Özünə güvəni olan insan cəmiyyətdə də uğur qazanır.

- Adam var, bəxti üzdədir, əlini ağdan-qaraya vurmasa da, həmişə uğur onunladır. Adam da var, əksinə, min bir zəhmət hesabına arzularına nail olur. İndi siz hansındansınız - bəxti üzdə olanlardan, yoxsa?

- Mən dişimlə-dırnağımla bu yerlərə gəlib çatmışam. Qarşımı kəsənlər də olub, elə bu gün də var.

- Belə deyək də, əl-ayağınıza dolaşanlara qarşı münasibətiniz necə olub, onlarla mübarizə aparmısınız?

- Mübarizə bu olub ki, özümə demişəm, sən bu çətinliklərə, bu zərbələrə duruş gətirməlisən. Demişəm ki, duruş gətirə bilsən, həyatda çox uğur qazanacaqsan, duruş gətirməsən, yıxılacaqsan və heç nəyə nail ola bilməyəcəksən. Onlara öz gücümlə, duruş gətirməyimlə cavab vermişəm.

- Adam var birbaşa qisas yolunu seçir.

- Mən qisasçı insan deyiləm və elə insanları da sevmirəm. Düşünürəm ki, qisas almaq zəif insanların işidir. Qaçılmaz bir mövqe varsa, orada sözünü deməlisən. Amma o, mənə pislik etdi, mən ondan qisas alım – bu, mənlik deyil. Elə hər sahədə pislik etmək arzusu ilə yaşayan adamlar var. İstər sənət adamları olsun, istər müəllim, həkim, ya jurnalist. Sən işinlə onları qabaqlamalısan, enerjini buna yönəltməlisən. Əgər qarşındakı insan adamdırsa, bundan nəticə çıxaracaq və peşman olacaq.

- Amma insan adam pislik də etmir axı… Gülüstan xanım, həyatda hansı səhvlərinizin cəzasını çəkmisiniz?

- Biz bəzən çox şeylərə görə peşman oluruq, amma insan xasiyyəti ilə doğulur. Mən ikinci dəfə doğulsaydım, yəqin ki, başqa xasiyyətdə insan olmaq istərdim.

- Məsələn?

- İnsanlara çox inanıram. Öz mənafeyimi belə düşünmədən insana özümü fəda edirəm, ona inanıram, aldanıram. Əksər hallarda da bu yaxşılığımın əvəzində pislik görmüşəm. Ətrafımdakılar da çox vaxt mənə deyiblər ki, filankəs yaxşı adam deyil ha, evinin qapısını ona açdın, ona kömək etdin, bu insan sənə layiq deyil, bunu bil! Amma başım əhlət daşına dəyməyincə özümə gəlmirəm. Olub, çox olub ki, dost bildiyim insanlardan da, işdə hörmət etdiyim, rəfiqə saydığım adamlardan da zərbələr almışam.

- İstər-istəməz onlarla eyni iş yerində, eyni məkanlarda qarşılaşmısınız…

- Elələrindən uzaqlaşmışam. Zaman keçdikcə onlarla elə öz dillərində danışmışam. Onlar mənə necə münasibət bəsləyibsə, qarşılığını da eyni cür alıblar. Düzdür, bu, məndə bir o qədər də yaxşı alınmayıb, amma yalandan üzlərinə gülümsəmişəm. İllərlə bunu öyrənməyə çalışmışam…

- Heç olmasa, öyrənə bilmisinizmi?

- Belə, az-maz.

- Adətən, xoşbəxt görüntünün arxasında bir kədər gizlənir. Belə bir deyim də var, gülənin min dərdi, ağlayanın bir dərdi... Gülümsər çöhrənizin arxasında bir kədər gizlənmir ki? Yəni əslində necə birisiniz?

- Gözlərimə baxanlar bunu bilir. Həmişə də mənə deyirlər ki, gözlərin qəmlidir. Göz qəlbin aynasıdır. Üzüm gülə, dişlərim görünə bilər, amma gözlərim nadir hallar gülər. Barmaqla sayılacaq qədər xoş anlarım olub. Dost-tanışlar arasında həmişə deyən-gülən, şən, pozitiv bir xanım kimi tanınmışam. Amma əslində gözlər içimdəki nisgili gizlədə bilməyib.

- İçinizdəki kədəri necə unutmağa çalışırsınız?

- Övladımla. Ən çətin məqamlarda oğlumu bağrıma basıb ovunmuşam.

- Heç gəlininiz oğlunuzu sizə qısqanmır ki?

- Heç vaxt. Bilirsən bu nə vaxt baş verir? Ana oğlundan bədgüman olanda, onun sevgisinə əmin olmayanda bu, siz deyən kimi olur. Valideyn biləndə ki, övladı ürəyinin dərinliyində ona nə qədər bağlıdır, onda belə şeylər baş vermir. Məndə belədir.

- Oğlunuz, məsələn, adi hədiyyə alanda sizinlə xanımı arasında fərq qoyur?

- Mən hiss etməmişəm. Təbii ki, mən də istəyərəm ki, oğlum ən gözəl hədiyyəni həyat yoldaşına alsın. Bu, məni sevindirir ki, o, sevdiyi qadına belə dəyər verir.

- Nəvəniz sizə “nənə” deyir?

- Hələ danışmır, çox balacadır.

- Paltarlarınızı hazır alırsınız, yoxsa tikdirirsiniz?

- Həm alıram, həm də tikdirirəm.

- Qarderobunuzda ən bahalı paltarınızın qiymətini deməzsiniz?

- Beş minə qədər var.

- Geyinmədiyiniz paltarların aqibəti necə olur bəs?

- Bu, mənim üçün çətin məsələdir. Üç-beş dəfə hansısa paltarı geyinirsən, sonra məcburən qoyursan qırağa ki, bir müddət keçsin, geyinəsən. Onda da dəb dəyişir. Belə olanda da xalaqızına, əmiqızına verməli olursan.

- Ən səmimi etiraf insanın özünə etdiyi etirafdır. Etiraflarınız çoxalıb, yoxsa?

- Tək qaldığım məqamlarda düşünməyə zamanım çox olur. O anlarda özümlə haqq-hesab edirəm.

- Daha çox özünüzü məzəmmət edirsiniz, yoxsa haqq qazandırırsınız?

- Məzəmmət edirəm. Hətta o qədər özümü qınayıram ki, yuxum da qaçır, yata bilmirəm.

- Adətən, nə üstündə özünüzü belə danlayırsınız?

- Elə xasiyyətimə görə. Deyirəm, niyə filan vaxtı bu sözü yerində demədim. Axı həyat anlardan ibarətdir. Sözün də deyilmə məqamı var, o anda yubansan, ya deməsən, heç vaxt o anı yaşamayacaqsan.

- Başqasına necə, etiraf etməyi xoşlayırsınız?

- Olub.

- Daha çox kiminlə paylaşırsınız?

- Desəm ki, paylaşdığım insan yoxdur, inanmazsan.

- Bəs sevdiyiniz insan?

- Yox, paylaşmıram...

- Etibar etmirsiniz?

- Etibar məsələsi deyil. Qarşındakı insan səni nə dərəcədə anlayacaq, əsas məsələ budur. İnsanla səni qavrayacağı qədər səmimi ola bilirsən. Son illər, demək olar ki, ümumiyyətlə, heç kimlə bölüşmürəm.

- Bu, sizə ağırlıq vermir?

- Verir, tənha qalanda onları yavaş-yavaş xərcləyirəm. Son zamanlar göz yaşlarına daha çox güc verirəm. Düşünürəm ki, bu, yəqin ki, yaşa dolmaqla bağlıdır. Əslində, belə deyil. İnsanı hər zaman düşündürən və onu sızıldadan məqamlar var. Ona toxunduğun zaman səni sızıldadır.

- Həyatda çoxmu yanmısan?

- Çox olub, heç kəsə bunu arzulamıram ki, sevgidə yansın, ya da yanılsın.

- Mənə bilirsiniz nə maraqlıdır, qadın bilir ki, qarşı tərəf onun sevgisinə layiq deyil, amma yenə də münasibətə davam edir...

- Çox vaxt belə olur.

- Buna dəyərmi?

- Dəyməz. Amma bəzən qadın özünü zorlayaraq buna məcbur olur.

- Nə vacibdir ki?

- Ola bilsin, düşüncələriniz fərqli olsun, amma o insanın hansısa məqamda sənə yaxşılıqları dəyibsə, sənə mənəvi dayaq olubsa, onda ayrılmaq çətin olur. İstər qadın, istərsə də kişi üçün. Mən heç sevdiyim insanı atmaq fikrində də deyiləm. İnsan çatışmazlığı, qüsurları ilə birgə tamlıq təşkil edir.

- Sevgi bitən yerdə nə başlanır?

- Sevginin bitdiyi yerdə hər şeyi bitirmək lazımdır. Baxmayaraq ki, bu, çox çətin addımdır. Mən hələ bitirməmişəm və heç kimə də bunu arzulamıram.

- Belə gözəl qadını kiməsə dəyişən kişi yalnız axmaq ola bilər. Camaat öz həyat yoldaşını sizə qısqanır…

- Çox olub belə şeylər. Hətta qadın gəlib deyib ki, ərim səndən ötrü ölür. Hər məclisdə, hər toyda, hər konsertdə qadınlar mənə bu etirafı edir. Hətta eşitdiyimə görə, bəzi qadınlar məni ərinə qısqandığı üçün övladının toyuna çağırmayıb. Gözəllik şərt deyil, əsas olan bəxtdir. Mən gözəlliyimdən istifadə etməyi də bacarmamışam. Oğlum da məni qısqanır. Bir də görürsən mənə deyir ki, ana, filan məclisə getmə, filan geyimi geyinmə, sənə yaraşmır. Bilirəm ki, məni qısqandığı üçün belə deyir.

- Oğlunuz telefonunuza müdaxilə edirmi?

- Heç vaxt. Hətta oğlumun da telefonuna baxmamışam. Bunu tərbiyəsizlik sayıram.

- Fobiyanız varmı?

- Saatlarla liftdə qalaram, qorxmaram, amma gözüyumulu qala bilmirəm. Hətta kosmetoloq yanında da nə eləsələr, gözüaçıq olduğum halda edirlər.

- Pəhriz saxlayırsınız?

- Mütləq. Çəkimi artıran yeməklərdən uzaq dururam. Toyuq və ya hind toyuğunun əti məni kökəldir, ona görə də bunları menyudan çıxarmışam.

Cəvahir Səlimqızı

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm