Tabloid.az
Prezident İlham Əliyev: Novruz milli sərvətimizdir - FOTOLAR
Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı -
Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı
Mehriban Əliyeva, ailə üzvləri, dövlət və hökumət nümayəndələri
şənlikdə iştirak ediblər.
Dövlətimizin başçısı, xanımı və ailə üzvləri əvvəlcə Qız qalasının
qarşısındakı meydana gəldilər.
Milli geyimli qızlar və oğlanlar Prezident İlham Əliyevi və xanımı
Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik etdilər.
Bahar qız dövlətimizin başçısına səməni təqdim etdi.
İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi
xatırladan qılınc və qalxanlı döyüşçülər dayanmışdılar.
Ulu Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza
ruzi-bərəkət gətirməsini arzuladı.
Milli geyimli qızlar və oğlanlar meydanda rəqs edirdilər. Musiqi
sədası ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat
doğururdu.
Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı.
Dövlətimizin başçısı bayram şənliyində nitq söylədi: “Əziz dostlar,
mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı
münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Hər bir Azərbaycan
vətəndaşına yeni uğurlar, xoşbəxtlik arzulayıram.
Novruz bizim əziz, sevimli bayramımızdır, milli sərvətimizdir.
Xalqımız əsrlər boyu Novruzu əziz bayram kimi qeyd edir. Ancaq
müstəqillik dövründə biz bu bayramı rəsmi bayram kimi qeyd etməyə
başlamışıq və sabahdan 9 gün istirahət günüdür. Bizim
müstəqilliyimiz də milli dəyərlər, ənənələr üzərində qurulubdur.
Müstəqilliyimizin möhkəmləndirilməsi üçün çox böyük işlər
görülübdür. İyirmi dörd ilə yaxındır ki, Azərbaycan müstəqil dövlət
kimi yaşayır və inkişaf edir”.
İlham Əliyev bildirib ki, müstəqilliyimizin ilk illəri ölkəmiz,
xalqımız üçün çox ağır keçmişdir: “Vətəndaş qarşıdurması, vətəndaş
müharibəsi, torpaqlarımızın işğal altına düşməsi, iqtisadi və
siyasi böhran əlbəttə ki, müstəqilliyimizə çox böyük zərbə
vurmuşdu. Ancaq ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə
qayıdışından sonra vəziyyət sabitləşdi. Azərbaycanda siyasi və
iqtisadi islahatlar aparılmağa başlanmış və ölkəmiz inkişaf yoluna
qədəm qoymuşdur. O vaxtdan – 1990-cı illərin ortalarından bu günə
qədər 20 il ərzində Azərbaycan sürətli inkişaf dövrünü yaşayır,
müstəqilliyimiz möhkəmlənir, güclənir və Azərbaycan bu gün dünya
miqyasında çox dəyərli ölkə, tərəfdaş kimi tanınır.
Biz müstəqil siyasət aparırıq. Müstəqillik bizim üçün ən böyük
sərvətdir, ən böyük dəyərdir. Əsrlər boyu xalqımız başqa
dövlətlərin, imperiyaların tərkibində yaşamışdır. Ancaq öz milli
xüsusiyyətlərini qoruyub saxlaya bilmişdir. İlk növbədə, biz milli
dəyərlərimizi, bayramlarımızı, ədəbiyyatımızı, incəsənətimizi,
doğma ana dilimizi, xalq kimi özümüzü qoruya bilmişik. Bu gün isə
biz azadıq. Azərbaycan xalqı öz taleyinin sahibidir. Bu günün
reallıqları göstərir ki, ancaq müstəqillik dövründə bizim xalqımız
yüksək zirvələrə çata bilər. Bugünkü dövr əgər bizim bütün
tariximizi nəzərə alsaq, ən sürətli inkişaf dövrüdür. Biz bundan
sonra da müstəqil həyatımızı təmin edəcəyik. Xalqımızın rahat
yaşamasını təmin edəcəyik”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda şəhərlərimiz
abadlaşır, insanların rifah halı yaxşılaşır: “Azərbaycan bu gün
dünya miqyasında nümunəvi ölkə kimi tanınır. Bakımız gözəlləşir.
Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bakının qədim tarixi,
bizim milli sərvətimiz olan Qız qalası, Şirvanşahlar sarayı,
İçərişəhər - bu, dünya miqyaslı sərvətdir. Eyni zamanda, Bakının
yeni simvolları, yeni rəmzləri yaradılır - Bayraq Meydanı, Heydər
Əliyev Mərkəzi, Alov qüllələri, Ağ şəhər, Xalça Muzeyi, bu
yaxınlarda açılan bulvar. Onun uzunluğu artıq 16 kilometrə çatır.
Yəni, budur bu gün bizim ölkəmiz. Azərbaycana gələn hər bir qonaq
əgər o, qərəzli deyilsə, bunu görür, etiraf edir. Dostlarımız
sevinir, düşmənlərimiz peşman olurlar.
Biz öz yolumuzla gedəcəyik, Azərbaycan xalqının xoşbəxt
gələcəyini təmin edəcəyik və ölkəmizi daha da gücləndirəcəyik.
Bayramınız mübarək olsun!”
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri
Dənizkənarı Milli Parka gəldilər.
Burada Azərbaycanın müxtəlif bölgələrindən gələn özfəaliyyət
dərnəklərinin üzvləri, rəqs və mahnı qrupları çıxış edirdilər.
Dövlətimizin başçısını və xanımını Novruz bayramının əsas
personajları olan Kosa və Keçəl qarşıladılar.
Kosa və Keçəl Prezidenti və ailə üzvlərini bayram münasibətilə
təbrik etdilər, dövlətimizin başçısı ilə yumurta
döyüşdürdülər.
Xalqımızın qədim ənənələrini, dəyərlərini, mətbəxini, məişətini
əks etdirən stendlər Milli Parkda təşkil olunan bayram şənliyinə
xüsusi çalar qatırdı. Burada ölkəmizin müxtəlif bölgələrini təmsil
edən özfəaliyyət kollektivlərinin çıxışları və hazırlanmış
sənətkarlıq nümunələri maraqla qarşılandı. Bir tərəfdə isə gənc
pəhləvanlar qurşaq tutur, idmançılar məharətlərini
göstərirdilər.
Dövlətimizin başçısı və ailə üzvləri bərəkətli Azərbaycan
torpağında yetişdirilən məhsulların bayram şənliyi çərçivəsində
təşkil edilmiş sərgisi ilə tanış oldular. Müxtəlif rayonlardan
gətirilmiş Novruz mətbəxinin nümunələri şənlik iştirakçılarında
maraq doğururdu.
Ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el
sənətlərinin nümayiş olunduğu şənlikdə, həmçinin Novruz bayramının
rəmzi olan müxtəlif şirniyyat nümunələri də yer almışdı.
Xatırladaq ki, 2010-cu ildə BMT-nin qərarı ilə martın 21-i
Beynəlxalq Novruz Günü elan olunub. Bu, böyük bir arealda yaşayan
200 milyondan çox insanın milli mənəvi yaddaşına dünyanın ən
mötəbər qurumu səviyyəsində verilən dəyərin təzahürüdür. Qədim
tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan
qalan mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin
formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar
çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə
paklığı, mühüm insani dəyərləri tərənnüm edir. Varlığın yenidən
canlanmasını müjdələyən Novruz əsrlər boyu həm də insanlarımızı
işıqlı sabaha, xoşbəxt gələcəyə aparıb. Bu bayram insanlar arasında
birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə
mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb.
Prezident İlham Əliyev və ailə üzvləri pəhləvanların, güləşçilərin
çıxışlarını izlədilər, aşıqların ifalarını dinlədilər.
Burada çay süfrəsinə qonaq olan dövlətimizin başçısı və ailə
üzvləri daha sonra Azərbaycan xalçalarının nümunələrinə və
kəlağayılara baxdılar.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya bayram hədiyyəsi
edildi.
İndi Azərbaycan dünya idman tarixində mühüm hadisə kimi qalacaq ilk
Avropa Oyunlarına hazırlaşır. Bununla bağlı builki Novruz
mərasiminin təşkil olunduğu Dənizkənarı Milli Parkda xüsusi guşələr
yaradılıb.
Burada Prezident İlham Əliyevə birinci Avropa Oyunlarına ilk onlayn
bilet təqdim olundu.
Avropa Oyunlarının Bakıda keçirilməsinə qərar verilməsi təbii ki,
ölkəmizin beynəlxalq nüfuzundan, dünyada formalaşdırdığı müsbət
imicdən qaynaqlanır. Prezident İlham Əliyevin Sərəncamı ilə
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın ilk Avropa Oyunlarının Təşkilat Komitəsinə sədr
təyin olunması ölkəmizin bu sınaqdan da uğurla çıxacağına əminlik
yaradır. Təbii ki, Avropa idman ailəsinin bu qərarı Azərbaycandakı
ictimai-siyasi sabitlikdən, son illərdə əldə olunan yüksək iqtisadi
nailiyyətlərdən irəli gəlir. Digər tərəfdən, ölkəmizin qədim
tarixi, zəngin mədəniyyəti, coğrafi mövqeyi, güclü idman
infrastrukturu, ən başlıcası beynəlxalq yarışları keçirmək
təcrübəsi Avropa Olimpiya Komitəsinin qərarını şərtləndirən mühüm
amillər sırasında olub.
Ötən dövrdə Təşkilat Komitəsi fəal iş aparıb. Avropa Oyunlarının
Koordinasiya Komissiyasının müxtəlif vaxtlarda keçirilən iclasları
da hazırlıq işlərinin yüksək səviyyədə aparılmasına geniş imkanlar
açıb, infrastruktur layihələrinin icrası təmin olunub. İlk Avropa
Oyunlarının keçiriləcəyi əsas arenada - Bakı Olimpiya Stadionunda
artıq tikinti işləri başa çatıb və Prezident İlham Əliyevin və
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə
açılışı olub. İlk Avropa Oyunlarının xaricdə təbliğinə də xüsusi
əhəmiyyət verilir. Bununla bağlı Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın iştirakı ilə Avropanın iri şəhərlərində
təntənəli təqdimat mərasimləri təşkil olunub. İyunun 12-dən 28-dək
keçiriləcək birinci Avropa Oyunları 20 idman növünü əhatə edəcək.
Buraya Olimpiya və qeyri-olimpiya idman növləri daxildir. 6 mindən
çox idmançının mübarizə aparacağı ilk Avropa Oyunlarının
əhəmiyyətini artıran mühüm amil onun 8 idman növü üzrə
Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri
daşımasıdır. Çox qısa müddətdə görülən işlər bir daha təsdiqləyir
ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizdə yaşanan
Olimpiya hərəkatına verilən dəyərin təzahürüdür. Bu hadisə həm də
Azərbaycanda idman sahəsində yaşanan inkişaf proseslərinə
beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir. Heç şübhəsiz
ki, bu mötəbər idman yarışı Azərbaycan idmançılarının parlaq
qələbəsi ilə yadda qalacaq və ölkəmizin idman tarixinə şanlı səhifə
kimi həkk olunacaq.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva bayram şənliyində “Bakı-2015” birinci Avropa Oyunlarına
həsr olunmuş stendlərin qarşısında idmançıların çıxışlarını
izlədilər.
“Bakı-2015” birinci Avropa Oyunlarının rəmzləri olan “Ceyran” və
“Nar” dövlətimizin başçısına və xanımına hədiyyələr təqdim
etdilər.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva ilk Avropa Oyunlarının könüllüləri ilə xatirə şəkli
çəkdirdilər.
Bayram şənliyi incəsənət ustalarının, el sənətkarlarının ifasında
rəngarəng konsert proqramı ilə davam etdi.
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO