UNESCO-da Novruz bayramı ilə əlaqədar möhtəşəm tədbir keçirilib
Bizi izləyin

Tabloid.az

UNESCO-da Novruz bayramı ilə əlaqədar möhtəşəm tədbir keçirilib

Azərbaycan, Türkiyə və Qazaxstanın UNESCO yanındakı daimi nümayəndəliklərinin təşkilatçılığı və TÜRKSOY-un dəstəyi ilə qurumun mənzil iqamətgahında Novruz bayramına və UNESCO-nun 70 illiyinə həsr olunan tədbir keçirilib.

Tədbirdən əvvəl martın 24-də Barselona-Düsseldorf istiqamətində uçan Almaniya hava yollarına məxsus Airbus A320 təyyarəsinin Fransa ərazisində qəzaya uğraması nəticəsində halak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən UNESCO Dünya İrs Mərkəzinin direktoru Kişore Rao bildirib ki, millətlərarası birgə anlaşmanı, tolerantlıq və dialoq kimi dəyərləri təşviq edən Novruz bayramı xalqları sülhə, əmin-amanlığa, birliyə və dostluğa çağırış kimi humanitar ideyalarını özündə təzhür etdirən mühüm hadisədir.

Dünyada 300 milyon insan tərəfindən bayram edildiyini xatırladan direktor 2010-cu ildə BMT Baş Məclisinin qərarı əsasında Novruzun UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini və hər il martın 21-nin Beynəlxalq Novruz Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb.

K. Rao Novruz bayramının xalqların zəngin milli dəyərlərini, tarixi adət-ənələrini özündə qoruyub saxladığını, onun Azərbaycan, İran, Türkiyə, Özbəkstan, Əfqanstan, Pakistan, Hindistan, Qazaxıstan, Qırğızıstan və bir çox digər ölkələrdə yüksək səviyyədə qeyd edildiyini, bu bayramın digərlərindən təbiətin oyanışından, yazın gəlişindən xəbər verdiyinə, bol məhsulun əsasının qoyulduğuna görə fərqləndiyini xüsusi vurğulayıb.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verərək bildirib ki, dünyanın türkdilli xalqlarını öz ətrafında birləşdirən təşkilatın əsas məqsədi həmin xalqların mədəni dəyərlərinin təbliğidir. Baş katib türkdilli xalqların həyatında və mədəniyyətində Novruz bayramının xüsusi yeri olduğunu vurğulayıb, Novruz bayramını türkdilli millətləri birləşdirən önəmli dəyər kimi qiymətləndirib.

Sonra türkdilli xalqların incəsənət ustalarının iştirakı ilə möhtəşəm konsert verilib. Konsertdə türkdilli xaqqların 100-dən artıq incəsənət ustası xalq mahnıları və milli rəqslər ifa ediblər. Ölkəmizi təmsil edən aşıq Əli Quliyevin və “Cəngi“ folklor rəqs ansamblının çıxışı tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.

Tədbirin sonunda bəzi türkdilli xalqların, o cümlədən Azərbaycan mətbəxindən nümunələr təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm