Dahi bəstəkara həsr olunmuş festival keçiriləcək
Bizi izləyin

Tabloid.az

Dahi bəstəkara həsr olunmuş festival keçiriləcək

Martın 30-dan aprelin 4-dək Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” birinci respublika festivalı keçiriləcək.

Publika.az xəbər verir ki, festivalın musiqi və incəsənət məktəblərinin şagirdləri arasında bəstəkarlıq, instrumental ifaçılıq, xor və solo oxuma nominasiyaları üzrə keçirilməsi nəzərdə tutulub. Yarışmanın təşkilində məqsəd böyüməkdə olan nəslin mənəvi simasının formalaşmasında mühüm rolu olan milli musiqi gen yaddaşının fəallaşdırılması, musiqi və incəsənət məktəbləri şagirdlərində öz milli köklərinə, Azərbaycan xalq sənətinin əsaslarına marağın artırılmasıdır.

Festivalın şərtlərinə əsasən, iştirakçılar xalq musiqisi işləmələri və Azərbaycan ladları əsasında yazılmış bəstəkar pyesləri ifa etməlidirlər. Hər pyesin ifasından əvvəl iştirakçı əsərdə istifadə olunan ladın səs qatarı və kadanslarını səsləndirməlidir.

Qaliblər münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək. Mükafat yerlərini tutanlar “Festivalın laureatı” adına layiq görüləcəklər. Festivalın son günündə isə qaliblərin iştirakı ilə konsert keçiriləcək.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm