“Pop-art”ın əfsanəsi Yayoi Kusamanın əsəri Heydər Əliyev Mərkəzində - FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Pop-art”ın əfsanəsi Yayoi Kusamanın əsəri Heydər Əliyev Mərkəzində - FOTOLAR

2014-cü ildə rekord sayda izləyicisi olan yapon rəssam, müasir “pop-art”ın əfsanəsi xanım Yayoi Kusamanın “Sabahın çiçəkləyən gülləri” əsəri Heydər Əliyev Mərkəzinin daimi ekspozisiyasında nümayiş olunur.


Mərkəzdən bildirilib ki, əsər Azərbaycanda ilk dəfə təqdim edilir.


Müasir qloballaşan incəsənətin rəmzi sayılan Yayoi Kusama Kioto İncəsənət Məktəbində təhsil aldıqdan sonra abstrakt incəsənət janrında fəaliyyət göstərib və 1957-ci ildən yaradıcılığına Nyu-Yorkda davam edib. Xanım Kusama al-əlvan rəsmləri, heykəltəraşlıq nümunələri, “xallı” kollaj və installyasiyaları ilə tanınır. “Xal” Kusama markasının simvoluna çevrilib və rəssam bu seriyada geyimlər, aksesuarlar istehsal edib. O, ekstravaqant nümunələri ilə fərqlənən “Kusama Fashion” şirkətini yaradıb.


Həmçinin yazıçı-şairə olan Yayoi Kusama sürrealist və fantastik əsərlər müəllifidir. О, kino sahəsində də çalışıb.


Yayoi Kusama 1973-cü ildə yenidən Yaponiyaya qayıdıb.


Rəssamın “Abstraksiya N2” (1959-cu il) əsəri Kristis (Christie’s) hərracında 5 794 500 ABŞ dollarına satılıb və bununla da o, müasir incəsənətin ən bahalı rəssamı kimi tanınıb. Kusama bu günədək 50 mindən çox əsər yaradıb. 2014-cü ilin statistik nəticələrinə görə, 86 yaşlı Yayoi Kusama dünyada sərgiləri daha çox izlənilən rəssamdır. Onun rəsmləri, heykəl və installyasiyaları təkcə Cənubi və Mərkəzi Amerikada 2 milyondan çox ziyarətçinin marağına səbəb olub. Dünyanın bir sıra ölkələrində sərgiləri təşkil olunan Yayoi Kusama 1993-cü, 1998-ci və 1999-cu illərdə Venesiya Biennalesində Yaponiyanı təmsil edib.

AZƏRTAC

Oxumağa davam et
Reklam
Reklam

Gündəm