Tanınmış ədəbiyyatşünas: “Dedim, hansı qız evlənmək təklif etsə, onu alacam”
Bizi izləyin

Tabloid.az

Tanınmış ədəbiyyatşünas: “Dedim, hansı qız evlənmək təklif etsə, onu alacam”

“Uşaqlıqdan reportaj”da tanınmış ədəbiyyatşünas Rüstəm Kamaldır. Uşaqlıq illərindən ürəklə danışsa da, o illərə qayıtmağın mümkünsüz olduğunu etiraf etdi. Həmsöhbətim uşaqlıq illərini nə vaxtsa görülən şirin bir yuxuya bənzətdi. “Yuxuya qayıda bilmədiyin

“Uşaqlıqdan reportaj”da tanınmış ədəbiyyatşünas Rüstəm Kamaldır. Uşaqlıq illərindən ürəklə danışsa da, o illərə qayıtmağın mümkünsüz olduğunu etiraf etdi. Həmsöhbətim uşaqlıq illərini nə vaxtsa görülən şirin bir yuxuya bənzətdi. “Yuxuya qayıda bilmədiyin kimi, uşaqlığına da qayıda bilməzsən”, - deyib kövrəldi. Nə gizlədim, Rüstəm Kamalın səmimiyyəti məni çox təsirləndirdi.

Bir fotoşəkildən başlanan tale yolu…

Qazaxın Şıxlı kəndində anadan olmuşam - sadə, zəhmətkeş, halal çörəklə dolanan fəhlə ailəsində. Maraqlı bir məqamı qeyd edim ki, baba yurdumla yazıçı Mehdi Hüseynin ata yurdu qonşu olub. Orta məktəbdə oxuyanda ədəbiyyat kitabımızda Mehdi Hüseynin bir şəkli vardı və altında tərcümeyi-halı yazılmışdı. Onda hələ balacaydım, amma o tərcümeyi-halı oxuyub ədəbiyyatçı olmağa qərar vermişdim. Nə gizlədim, ədəbi mühitə gəlməyimin əsas səbəbkarı da elə Mehdi Hüseynin ədəbiyyat kitabındakı o fotoşəkil olub. Mehdi Hüseyn mənim üçün uzun müddət mistik bir varlıq olub. Ali təhsilimi Azərbaycandan kənarda alsam da, düşünürəm ki, o mistik obraz həyatımda mühüm rol oynayıb.

“Adımı kor gəlin qoymuşdular”

Nə gizlədim, uşaqlıqda işə-gücə, yəni kənd işlərinə yaramayan bir uşaq olmuşam, hətta adımı kor gəlin qoymuşdular. Bir də görürdün çağırırdılar ki, ay kor gəlin, çıx çölə sənin üzünü görək. Bir otağın içində bir dəst yorğan-döşəyi əzik-üzük edənə qədər kitablarla əlləşirdim. Təsəvvür edin, kənd uşağı olasan, amma öz quzularımızı otarmağa aparanda onları başqa quzulardan seçə bilməyəsən. Bunun üçün gözləyirdim ki, hamı öz quzularını seçib aparsın, bilim ki, yerdə qalanlar bizimkidir. Bax, bu dərəcədə işə-gücə yarıtmaz uşaq olmuşam.

“Babam deyirdi ki, görən səndən adam olacaq?”

Onu da deyim ki, uşaqlıqda çox kök, toppuş uşaq olmuşam. Babamla bağlı çoxlu xatirələrim var. Babam müharibə adımı idi və elə ayağının birini də müharibədə qoyub gəlmişdi. Bilirdi ki, kitabları çox sevirəm və vaxtımın çoxunu kitab oxumağa sərf edirəm. Mənim bir əmoğlum vardı, babamgildə qalırdı. Əslində, babamgil onu oğulluğa götürmüşdülər. O, orta məktəbdə oxuyurdu. Gözləyirdim ki, o, məktəbə getsin, xəlvətcə gedib aynanın arxasında yığılan kitablarını oxuyam. O vaxtlar kənd evlərində kitablar adətən pəncərənin qabağına yığılırdı axı. Babam kənardan mənim bu hərəkətimi izləyirdi və hər dəfə kitablara yaxınlaşıb acgözlüklə onları oxuyanda bığının altında gülümsəyirdi. Yaxınlaşıb deyirdi ki, görən səndən adam olacaqmı? Mən də uşaq idim və babamın dediyi bu sözlərin mənasını anlamırdım. Hətta adam olmaq sözünün mənasını bilmədiyim üçün babama deyirdim ki, adamam də, bu əlim, bu ayağım. Babam həmişə atamgilə deyirdi ki, bu uşaq oxusa, çox böyük adam olacaq, oxumasa, acından ölənin biri.

Babamın ölümü və fəlsəfi sual

Babamın ölümü məni çox sarsıtmışdı. Mən altıncı sinfə gedəndə o, rəhmətə getdi. Cənazə hələ ortalıqda idi, amma məni bir fəlsəfi sual maraqlandırırdı ki, babam qalxıb desə ki, görən səndən adam olacaqmı, ona nə cavab verərdim. Yəni məndən adam olubmu görəsən? Hər halda, o mənə fərqli gözlə baxırdı.

“Oxuduğum məktəbin direktoru Səməd Vurğun olub”

Uşaqlıq illərindən danışırıqsa, qoy müəllimlərimi də yada salım. Orta məktəbdə gözəl müəllimlərim olub. Xalq artisti Həmidə Ömərovanın atası mənim fransız dili müəllimim idi. “Dəli kür” filmində “Rus Əhmədin” oğlu mənim rus dili müəllimim idi. Həmişə qürur duyurdum ki, 1924-cü ildə mənim oxuduğum məktəbin direktoru Səməd Vurğun olub. Oxuduğum məktəbdə vaxtilə Osman Sarıvəlli, İsmayıl Şıxlı təhsil almışdı və mən bununla qürur duyurdum. Ola bilsin ki, elə həmin qürur hissi məni ədəbiyyata gətirib çıxardı.

“Evdə bir ütünü təmir edə bilmirəm”

Çox romantik uşaq olmuşam, həddən artıq. Açığı zaman keçib, amma elə indinin özündə də xəyalpərvərəm. Maddi şeyləri qazanmamağım indi də ömür-gün yoldaşımın qınağına səbəb olub. Mənə deyir ki, bu qədər nüfuzlu, hörmətli adamsan, amma hələ də ikiotaqlı evdə yaşayırsan. Tam səmimi deyirəm ki, heç çox şeylərdən başım da çıxmır. Evdə bir ütünü təmir edə, adi bir lampanı bağlaya bilmirəm. Hamısını həyat yoldaşım edir. O, mühəndisdir. Mənə elə bu qalır ki, stulun qırağından tutum ki, lampanı salanda yıxılmasın. Yəni, sözümün canı budur ki, duyğusal insanam, maddiyyat, məişət mənlik olmayıb.

“İlk məhəbbətim - latış qızı İnka”

(İlk baxışdan sərt və mühafizəkar təsiri bağışlayan həmsöhbətimdən ilk məhəbbət barədə soruşmaq istəyirəm, amma cürət etmirəm. Amma ürəklənib soruşdum, gözlədiyimin tam əksinə, Rüstəm müəllim bu barədə çox həvəslə danışdı – C.S)

İlk məhəbbətim universitetdə oxuduğum vaxtlarda olub. Onu da deyim ki, Kant adına Rusiya Dövlət Universitetinin filologia fakultəsində oxuyurdum. Axırıncı kursu Estoniyada Tartu Universtitetində oxudum. Böyük alim Yuri Mixayloviç Lotmanın tələbəsi idim. Nə isə, İnka adlı bir latış qızına vurulmuşdum, mənimlə eyni kursda oxuyurdu. Universitet qəzetində ona həsr etdiyim bir poetik hekayə də dərc olunmuşdu. Hətta qıza bir ithaf da yazmışdım. O, Latviyanın tanınmış rəssamının yeganə qızı idi.

“Evlənəndə qızlarla şərt kəsdim ki…”

“Gənclik” jurnalında mənim yazdığım çoxlu şeir dərc olunmuşdu. O vaxt jurnalın redaktoru Məmməd İsmayıl idi. Tələbə vaxtı yazdığım şeirlərə görə qızlar mənə xeyli məktub yazırdı. Yox, o qızlardan biri ilə evlənmədim.

Sevimli həyat yoldaşımla təsadüfən rastlaşmışıq. Qoy danışım də. Məni o vaxt heç cürə evləndirə bilmirdilər, yaşım da otuzu keçmişdi. Şərt qoymuşdum: hansı qız desə ki, Rüstəm, mən səni sevirəm, məni alarsanmı, o qızla da evlənəcəyəm. Bir dəfə bir məclisdə qəşəng qızlar yığışmışdı. Onların yanında bu şərti səsləndirdim, qız da Texniki Universitin məzunu idi. Sualımın ardınca mənə qayıtdı ki, Rüstəm məni alarsanmı? O dəqiqə cavab verdim ki, alıram.

“Orta məktəbdə oxuduğum vaxtlarda yaraşıqlı oğlan olmamışam”

Yalan nə deyim, orta məktəbdə oxuduğum vaxtlarda yaraşıqlı oğlan olmamışam. Etiraf edim ki, mən zahirən indi gözəgəlimli deyiləm. Orta məktəbdə çox utancaq olmuşam, hətta rayon mərkəzinə pasportuma şəkil çəkdirmək üçün anamla getmişəm. O dərəcədə utancaq idim. Hətta bir dəfə Salahlı kəndində poeziya evində tədbir olacaqdı, anama dedim ki, məni ora apar. Deyirdilər ki, bu ev uşağıdır, xaricdə oxuya bilməyəcək. Amma tam tərsi oldu - oxudum da, dilli-dalavər də oldum. Hətta birinci kursda o qədər utanırdım ki, rus dilində danışmağa ürək eləmirdim.

“Utandığımdan dərsə cavab vermirdim”

Qrupda 19 qız, 6 oğlan idik. Uşaqlar arasında yeganə qeyri-rus da mən idim. Ləhcəylə danışırdım. Utandığımdan seminarlarda cavab vermirdim. Ona görə utanırdım ki, qəşəng qızlar mənə güləcək. Sevdiyim o latış qızı da məndən bir parta qabaqda otururdu. Gözümü ondan çəkmirdim, fikirləşirdim ki, qalxıb cavab versəm, qız mənə güləcək. Müəllim də soruşurdu ki, Rusik – adamı qısaldıb belə deyirdilər – dərsə hazırsanmı? Cavab verirdim ki, yox.

“Anama dedim ki, üç qızdan birini seç”

Evin ən böyük uşağı olsam da, axırda evlənmişəm. Anam gəlib görürdü ki, Bakıda əziyyət çəkirəm. Xörək də bişirə bilmirəm. Yalvarırdı ki, ay oğul evlən, yaşın da keçir. Nəhayət ki, onun arzusunu yerinə yetirmək qərarına gəldim. Gəldim kəndə və anamın yanında üç qızın adını çəkdim ki, bəs bunlardan biri ilə evlənmək istəyirəm. Birinci bu qızın, yəni, evlənəcəyim qızın adını çəkdim, Şəkidən olan alagöz, sarışın qızın. Anam dedi ki, gedək bu qıza baxaq. Mən də onları elçiliyə yox, qıza baxmağa göndərmişəm. Anamgil elə birbaşa gediblər qızgilə, yeyib-içib qızı da mənə alıblar. İki gözəl övladımız var – qızım Tansu, oğlum Qorqud. Qorqud tərcüməçilikdə, qızım konservatoriyada oxuyur.

“Qardaşım qatarın altında qaldı”

İndi məndən soruşursunuz ki, uşaqlıq illərinə geri dönmək istərdinizmi? Nə gizlədim, açıq deyəcəyəm, uşaqlıq illərimə bir də geri qayıtmaq istəməzdim. Bunun da təbii ki, öz səbəbləri var, deyəcəyəm niyə. Bəlkə uşaqlığımdan zərbə almışdım deyə bu barədə söz düşəndə kədərlənirəm. Atam tez rəhmətə getdi, qardaşım qatarın altında qalıb şikəst oldu. Bir müddətdən sonra o da dünyasını dəyişdi. Yaşca məndən kiçik idi. Həddən artıq çox istəyirdim onu, onun ölümü məni çox sarsıtmışdı. İnd idə yadıma salanda bu hadisə məni kövrəldir.

“Tələbəliyimə qayıdardım, amma...”

Onu da deyim ki, uşaqlıq illərimə qayıtmaq istəməsəm də, tələbəlik həyatımı yenidən yaşamaq istərdim. Çünki mənim üçün tələbəlik həyatı daha maraqlı, daha gözəl idi.

Çox kasıb idik, dolanışığımız ağır idi. Nə gizlədim, Rusiyada təhsil alırdım. Tətilə kəndimizə qayıdırdım. İnanın ki, məni geri qaytarmağa pul tapmırdı. Hər bir ana kimi mənim də anam istəyirdi, oğlu gözəl geyinsin, xərcləməyə cibində pulu olsun, amma imkansızlıq ucundan bu arzularını gerçəkləşdirə bilmirdi. Bütün bunları xatırlamaq indi məni məyus edir. Buna görə də uşaqlığıma qayıtmaq istəmirəm. Amma gənclik tamamən fərqli idi. Çox romantik idi, ümidlərim vardı, gələcək barədə planlar cızırdım, istirahət yerlərində çox olurduq, diskotekalarda əylənirdik, qız sevirdik, sevilirdik – çox maraqlı və mənalı yaşayırdıq.

“Uşaqlıq illərinə nə vaxtsa gördüyüm şirin bir yuxu kimi baxıram”

Birdə sizə bir söz deyim. Bu uşaqlıq məqamı ki var, insanın ən saf, təmiz, ülvi bir məqamıdır. Təsəvvür edin, insan birdən-birə bu dünyanın çirkabını görür və dəyişir. Və birdən-birə uşaqlığına, o təmizlik məqamına qayıtması çox çətin olur. Uşaqlığa qayıtmaq mümkünsüz bir şeydir, ən azı, zaman maşınında da mümkün deyil. Çünki əxlaq baxımından, ruhani baxımından çətindir bu. O məqam yuxu məqamıdır, yuxuya qayıda bilmədiyin kimi, uşaqlığına da qayıda bilməzsən. Tələbəliyinə xəyalən qayıda bilirsən, keçən günləri yadına salırsan. Amma uşaqlığını yuxu kimi yoza da bilmirsən, 14 yaşına kimi nə yadında qalırsa, qalır. Uşaqlıq illərinə nə vaxtsa görülən şirin bir yuxu kimi baxıram.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm