Televizor uşağın dostudur, yoxsa düşməni?
Bizi izləyin

Tabloid.az

Televizor uşağın dostudur, yoxsa düşməni?

Müasir ailəni, evi televizorsuz təsəvvür etmək çətindir. Televizoru da rəfdə gizlətmək mümkün deyil. Lakin onu bütün günü işlətmək, televizora yaxşı köməkçi gözüylə baxmaq da yersizdir.

Müasir ailəni, evi televizorsuz təsəvvür etmək çətindir. Televizoru da rəfdə gizlətmək mümkün deyil. Lakin onu bütün günü işlətmək, televizora yaxşı köməkçi gözüylə baxmaq da yersizdir. Məktəbəqədər uşaqlar televizorla o qədər də maraqlanmasa da, ibtidai məktəb şagirdləri gün ərzində ən azı 3-4 saat "mavi ekran" qarşısında əyləşirlər. Televizorun uşağın inkişafına ancaq mənfi təsir etdiyini deməklə yanlışlığa yol vermiş olarıq. Təbii ki, uşaqlar televizorla müəyyən dozada təmas etməlidir. Ancaq uşaq üçün hərəki aktivlik valideynlərlə, ətraf aləmlə canlı ünsiyyətdir. Uşaq valideynləri, yaşıdları ilə canlı ünsiyyət quraraq insan kimi formalaşır, sosial münasibətləri, əlaqələri qurmağı öyrənir. Həmçinin onun xasiyyəti formalaşır.

Bir tərəfdən uşaq televiziya proqramlarından maraqlı informasiyalar ala bilər. Bununla o, dünyagörüşünü artırmaqla yanaşı, müəyyən davranış qaydalarını da öyrənir. Bir də ki, yaşıdlarıyla dil tapa bilməyən uşaqlar üçün televizor əvəzedilməz "yoldaşdır". Ancaq etiraf etmək lazım gəlir ki, televizora aludə olan uşaq reallıqdan uzaq düşür. Ona görə ki, televizora sərf olunan müddət ərzində uşaq maraqlı oyun oynaya, yaşıdlarıyla təmas qura bilər.

Bir sıra sosioloji tədqiqatların nəticələrinə görə, müasir uşaqlar valideynlərindən daha çox televizorla təmasda olur.

Unutmaq lazım deyil ki, televizorla "ünsiyyət" birtərəflidir, bu prosesdə uşaq həqiqi həmsöhbət qismində çıxış etmir.

Maraqlıdır ki, televizor qarşısında çox vaxt keçirən uşaqlar yaxşı oxuya və fikirlərini aydın ifadə edə bilmirlər. Bundan başqa, bəlli olmuşdur ki, uşaqlar daha çox əyləncəli verilişlərə baxırlar. Bu həm də onunla əlaqədardır ki, valideynlər hansı proqramlara baxmağı uşaqlarına məsləhət görmürlər. Amma inkişafa kömək edən proqrama baxmağı məsləhət görməklə, valideynlər uşaqlarında yaxşı zövq formalaşdıra bilərlər. Təəssüf ki, valideynlərin əksəriyyəti baxılmış proqramları uşaqlarıyla müzakirə etmir, onlara elə gəlir ki, diktor və ya verilişin aparıcısı hər şeyi yaxşı başa saldı. Lakin böyüklər unudurlar ki, maarifləndirici verilişlər uşaqlardan diqqəti cəmləşdirməyi və fikirləşmək qabiliyyətini gücləndirməyi tələb etmir. Belə gərginliyi isə uşaqlar sevmir və buna görə də onlar daha çox əyləncəli proqramlara baxmağa üstünlük verirlər. Sonunda uşaqlar qiymətli vaxtlarını boş yerə sərf edirlər.

Bəzilərini televizor yorur və nəticədə uşaqlar əzgin və əsəbi olurlar. Həssas uşaqlar isə döyüş filmlərinə baxdıqdan sonra çox hallarda əsəbiləşirlər. "Dəhşət" filmləri daha mənfi təsir göstərir. Belə filmlər uşaqlarda mövcud qorxu hissini gücləndirməklə yanaşı, yeni qorxuların da yaranmasına şərait yarada bilər. Bundan başqa, döyüş və dəhşət səhnələri uşaqların psixikasını da pozur. Zorakılıq və dəhşət filmlərini seyr edən uşaq real həyatda aqressiv olmağa hazır olur. Aqressiv olmayan uşaqlar isə reallıqdan qorxaraq həyatdan daim fəlakətlər gözləyirlər. Buna görə də valideyn uşaqlarını "sehrli qutu"nun qarşısında oturdarkən yaxşı-yaxşı fikirləşməlidir.

Uşağın emosional inkişafı üçün canlı ünsiyyət lazımdır və bu şəraiti uşaq üçün yaratmaq lazımdır. Psixoloq Mehriban Rzayevanın fikrincə, uşaqları texnikadan uzaqlaşdırmağın yolu ona alternativ yaratmaqdır. Uşağa canlı həyatla ünsiyyəti qurmaq lazımdır. Əgər uşaq aktivdirsə, sosial uşaqdırsa, problemi olmayacaq. O özünə qapanırsa, televizor və kompüterə meyillidirsə, cəmiyyətdən qaçmağa çalışacaq və televizor və internet onun yuvası olacaq. Belə uşaqların ətrafında canlı komanda qurmaq lazımdır.

Deməli, valideynlər uşaqlarının hərtərəfli - intellektual, mənəvi və fiziki inkişafını təmin etmək üçün şərait yaratmalıdırlar. Uşağın fiziki inkişafı, hərəkəti, bədənin böyüməsi çox vacibdir. İnsanın fundamenti uşaqlıqda qoyulur. Burada söhbət həm fiziki sağlamlıqdan, xasiyyətinin formalaşmasından, intellektdən və dünyagörüşündən gedir. Psixoloqun qənaətincə, belə mərhələdə valideynlər övladlarının inkişafına və tərbiyəsinə həssas yanaşmalıdırlar.

Mehriban Rzayeva: "Müasir valideyn bu dünyada mürəkkəb proseslərin və kəskin rəqabətin getdiyini, dinamikanı yaddan çıxarmamalıdır.

Odur ki, böyük məsuliyyətlə övladlarının tərbiyəsinə yanaşmalıdır. Hər bir valideyn istəyir ki, övladı xoşbəxt və sağlam olsun. Onda bəs sağlam və xoşbəxt uşağa hansı keyfiyyətlər aşılanmalıdır? Ən əsası televizorun bu prosesdə rolu və təsiri əhəmiyyətlidir. Axı hər bir məsələdə olduğu kimi, televizorun da ancaq mənfi xüsusiyyətini vurğulamaq düzgün olmazdı".

Pediatrlar televizora çox baxan uşaqlarda diqqət dağınıqlığı, ünsiyyətə girməyə marağının az olması kimi hallar müşahidə ediblər. M.Rzayeva deyir:

"Televizor əyləncə növlərinin arasında ən passividir. Televizora baxanlar heç nəyin məsuliyyətini daşımır, qərar qəbul etmir. O, passiv seyrçidir. Müəyyən çərçivədə bunun yetkin insan üçün təhlükəsi yoxdursa, inkişafda olan uşaq beyni üçün təhlükəlidir. Çünki passiv mövqe, münasibət uşağın vərdişinə çevrilə bilər. Çünki uşaq televizoru seyr edərkən hərəkətsiz, məsuliyyətsiz, heç bir qərar qəbul etmədən, bəzən heç düşünmədən saatlarla mavi ekrana zilləyir. Əlbəttə, bu zaman diqqət konsentrasiyası yoxdur, intellekt bilavasitə işləmir. İradi olaraq müəyyən konsentrasiya yaratmaq lazım gəlmir".

Psixoloq "televizor uşağın inkişafını ləngidir" fikrinə də aydınlıq gətirdi. Demə, televizoru seyr edən uşaqlarda televizora görə deyil, sadəcə, digər məşğuliyyətlərin aparılmasına vaxtın az qalması sayəsində ortaya problem çıxır. Uşaq inkişaf etməlidir, diqqəti toplamaq vərdişləri yaranmalıdır. Bunun üçün uşaq aktiv oyunlarda iştirak etməli, yaşıdları ilə oynamalıdır.

Domino, şahmat, şaşki kimi oyunlar oynamalıdır ki, düşünsün, qərar qəbul etsin. Uzun müddət televizoru seyr edən uşaqlar diqqəti toplamaqda çətinlik çəkir.

Uşaq sosiallaşmaq üçün ünsiyyətdə olmalıdır. Uşaq sosial əlaqələri yaratmağı öyrənməlidir. Uşaq evdə valideynləri, bacı, qardaşı, həyətdə yaşıdları, bağçada uşaqlarla ünsiyyət yaradaraq öyrənməlidir. Sosial əlaqələr insanın sosial varlıq kimi formalaşmasına, sosial davranış qaydalarını mənimsəməsinə kömək edir. Amma bəzən valideynlər uşaqlarını həyətə qoymur, bunu onlar üçün təhlükəli sayır, tərbiyələrinin pozulmasından narahat olurlar. Uşağı tək buraxmaq valideyn üçün qorxulu görünür. Çıxış yolunu psixoloq təklif edir:

"Əgər həyət, küçə təhlükəli hesab edilirsə, valideynlər uşağın mikrososial qrupunu özləri yarada bilərlər. Övladının layiq bildiyi, tərbiyəli ailənin uşaqları ilə ünsiyyətini təşkil etsinlər. Özləri uşaqları ilə çox vaxt keçirsinlər, birgə istirahət etsinlər, gəzintiyə çıxsınlar".

Maraqlıdır, psixoloqlar neçə yaşdan uşaqların televizora baxmasını tövsiyə edir. Mehriban Rzayeva söyləyir ki, 3 yaşdan aşağı uşağın televizora çox baxması onun gözlərinə ziyandır. Əvvəla, uşaq televizora baxıb onu qavramır. Ona görə də valideynlə birgə baxmalıdır ki, qorxmasın, gördüyündən yanlış nəticə çıxarmasın. Uşağa gördüklərini izah etməyə ehtiyacı var. 3 yaşa qədər uşaqlar cizgi filmlərinə, digər verilişlərə gün ərzində 15-30 dəqiqə baxa bilərlər.

3 yaşdan 6 yaşa qədər uşaqlarda yamsılama davranışları güclü olur və 3 yaşdan sonra özünü dərketmə başlayır. Uşaq özünü dərk edərək özünü kiməsə oxşatmağa, yamsılamağa başlayır. Seyr etdiyi filmlərdəki qəhrəmanlarla özünü eyniləşdirir. Özünü onun yerinə qoyur, onu təqlid etməyə başlayır, davranış formalarını özünə seçir, onun emosiyaları ilə yaşayır. Filmdəki uşaq tək qalırsa, uşaq da valideynlərini itirməkdən qorxur. Çünki bu yaşdakı uşaq tək qalmaqdan, əzizlərini itirməkdən çox qorxur. Bu yaş arasındakı filmlər uşağın inkişafına uyğun olmalı, məzmunca diqqətlə seçilməli və ona emosional zərbə yaratmamalıdır.

Uşaqlar uşaq verilişlərini, cizgi filmlərini seyr etməlidirlər. Zorakılıq olan filmlər uşaqlara pis təsir edir. Uşaq anlaya bildiyi qədər anlayır. Bəzən uşaq filmə baxır, qəhrəman yaralanır, ölür. Uşaqda suallar yaranır.

Uşağın başa düşəcəyi səviyyədən kənara çıxan məqamlarda valideynin uşağa kömək etməsi, onun suallarına cavab verməsi vacibdir. Uşağa olduğu kimi sadə dildə demək lazımdır. Filmdirsə, onun aktyor olduğunu, əslində həyatda ölmədiyini söyləmək lazımdır ki, emosional zərbə almasın. Uşaq erkən yaşlarından filmin və cizgi filminin nə olduğunu anlamalıdır. 3 yaşa qədər uşağın filmlərdən emosional zərbə alması mümkündür. Hətta valideyn baş verənləri izah etsə də, 3 yaşdan sonra uşaqlar cizginin və filmin nə olduğunu anlayırlar.

Müsahibim deyir ki, kiçik yaşlı uşaqların tamamilə televizordan məhrum edilməsi düzgün deyil. Hər halda indi zaman 15-20 il əvvəlki deyil. Belə məhrumiyyətlərə ehtiyac yoxdur. Çünki uşağı zövq yaradan məqamlardan məhrum etmək düzgün deyildir. Əksinə, öyrədici, maarifləndirici, dünyagörüşü artıran, zövqü yaxşılaşdıran məqamlarından istifadə etmək lazımdır. Uşaqlara klassikaya, gözəlliyə zövq yaratmaq lazımdır. Uşağın intellektinin, biliyinin, artması üçün maraqlı proqramlar var. Psixoloq deyir ki, uşaq seyr etdikcə ona düzgün məlumat verilərsə, televizordan faydalanmaq olar. Sadəcə, vaxt məhdudiyyəti olmalıdır. Çünki uşaq təmiz havada olmalı, qaçmalı, oynamalı, yaşıdları ilə ünsiyyət qurmağı bacarmalıdır. Valideynlə ünsiyyətdə olmalıdır ki, onu narahat edən sualları ona versin.

Erkən yaşda uşaqlar seçimsiz, dalbadal müxtəlif verilişlərə, şou- proqramlara baxırsa, onların tərbiyəsində televiziyanın rolu valideyn rolundan yüksək olacaq. Uşağın zövqü korlanır. Böyüklər üçün nəzərdə tutulmuş proqramlara uşaqlar həvəslə baxır. Bu, uşağın zövqünün formalaşmasına, mənəvi dəyərlərinə təsir edir. Bəzən uşaqlar valideynləri ilə bərabər seriallara baxırlar. Mehriban Rzayeva deyir:

"Bizə yad mənəvi dəyərləri olan seriallardır. Pis demirik, bizim mənəvi dəyərlərlə üst-üstə düşmür. Bu, mənəviyyata təsir etməyə bilərmi? Ailə insanın formalaşmasında mühüm rol oynayır. Uşaq doğulduğu, böyüdüyü ailəni norma kimi qəbul edir. Ailədə hər şey normaldırsa, heç bir film, kənar qüvvə təsir edə bilməz. Əgər ailədə valideynlər arasında münaqişə varsa və uşaq bunu görürsə, televizorla ailə arasında seçim edir. Uşaqlara yaxşını pisdən seçməyi valideynlər öyrətməlidir"..

Oxumağa davam et
Reklam
Reklam

Gündəm