İlahə İbadova keçmiş əri ilə münasibətindən danışdı - Fotolar
Bizi izləyin

Tabloid.az

İlahə İbadova keçmiş əri ilə münasibətindən danışdı - Fotolar

İlahə İbadova: "Bu yükü qaldıra bilmərəm".

Xalq və bəstəkar mahnılarının peşəkar ifaçısı İlahə İbadova məlahətli səsi ilə tanınır. Şəxsi həyatında uğursuzluğu olsa da, bundan sənətinə pay düşmədi. Tabloid.az-a müsahibəsində müğənni özünü şanslı insan adlandırdı. Şəxsi həyatındakı qara səhifəni isə çoxdan bağlayıb. Sevib, sevildiyini deyir:

“Özümü səsimlə, sənətimlə ictimaiyyətə yetərincə tanıda bildiyimi düşünürəm. Büdcəm yetərincə olsa, sənətimdə bundan artıq işlər görə bilərəm. Bizim sənət aləmində qazancın toylardan olduğunu nəzərə alsaq, piarımızı da bu qazanca uyğunlaşdırırıq. Hər şeydən öncə özümü şanslı hesab edirəm. Qalmaqallardan qaçmışam. Bəlkə də sevilməyimdə sülhsevər olmağımın da rolu var. Ötən günlərdə radiolardan birində qonaq oldum. Aparıcı məndən çəkindiyini etiraf etdi. Cavabı əslində, xoşuma gəldi. İnsanlarla aramda sərhədin olmağına sevinirəm. Deməli həm də hörmət var.

- Toylara getməsəniz ehtiyaclarını ödəmək üçün alternativ yolunuz var?

- Dövlət işində də çalışıram. Amma maaş cüzidir. Elə bilirsiniz toydan yetərincə pul qazanmaq mümkündür? Toydan evə gələnə kimi pulu xərcləyib qurtarıram. Toydan qazandığımın bərəkəti də qalmayıb. Hər təbəqənin toyunda iştirak edirəm. Amma hərdən elə səhnələr görürəm ki, toy həyatıma nifrət edirəm.

- Hörmətsizlik görürsən?

- Oxuduğum zaman gəlib yeni mahnı sifarış edirlər. Sona qədər dinləmək səbri olmayan nə qədər insan var ki... Bəzən bir toyda 30-40 dəfə dayandırıblar məni. Axırda bezib bütün ansamblı dayandırıb soruşmuşam ki, nə istəyirsən, de. Amma sonra get oyna. Üstümə qayıtma! Bir də gəlsən mikrofonu götür, özün oxu. Mən toy mahnıların yaxşı bilirəm, publikanı da yaxşı tanıyıram. Bilirəm ki, kimi hansı mahnı ilə oynatmaq olar. Bu günlərdə bir sanballı toyu əvvəldən sona qədər oxudum. 400 nəfərlik zalda hamı ayrı-ayrılıqda təşəkkürünü bildirdi. Hamı da mahnıları sevgi ilə dinləyib oynadı. Mən bu publikanı sevirəm. Gəlirim tək toylardan olmasaydı, seçib, ancaq məni dinləyə bilən insanların toyunda oxuyardım.

- Yarım saata yüksək qonorara gedən müğənnilərlə xalq üslubunda oxuyan sənətçilərin toy qiymətləri arasında fərqli rəqəmlər var. Hətta fonoqrama ilə oxuyanlar da var.

- Repertuar çoxunda demək olar ki, eynidir. Hər dövrün öz məşhur mahnıları olur. Ona görə də, kimin repertuarı tələb olunursa, məşhur, qeyri məşhur hamı eyni mahnını oxuyur. Sadəcə, hər müğənninin öz çevrəsi var. Bir toydan neçə toy tuta bilir. Hamısı da yüksək səviyyədə. Mən dostların toyunu pulsuz oxuyuram. Bəzi dostlardan heç yarımamışam (gülür)... Mən dostdan təmənna güdmürəm. Amma güdənlər var. Bilirsiniz, müğənninin yaxşı çevrəsinin olması yaxşıdır. 10 min manat qonorarı da elə yaxşı dostların sayəsində qazana bilənlər var.

- Həmkarlarınızdan toy bazarınızı bağlamaq istəyənlər olub?

- Məndən hansısa müğənninin nömrəsini istəyəndə vermişəm. Kimin necə toy apardığını soruşublar, sənətinə görə, tərifləmişəm. Amma İlahənin nömrəsini istəyən bəzi sənət dostlarımın “bilmirəm” dediyini artıq neçə dəfə toy sahibindən eşitmişəm. Halbuki həmin insanla dəfələrlə bir süfrədə çörək kəsmişik. Mənim yerimə başqa müğənni göndərən həmkarlarım da var.

- Kimdir?

- İctimaiyyətin qarşısında kimisə utandırmaq insanlıqdan deyil. Çörəyi verən Allahdır. Şükür ac qalmıram.

- Bəzi qadınlara “kişi kimi xasiyyəti var” deyirlər. Səni də belə hesab edirlər. Yüksək vəzifədə olan insanlarla dostluğun var? Söhbət əks cinsdən gedir.

- Hər təbəqədən çoxlu dostlarım var. Yaxşı da dostlardır. Qadınla kişinin dostluğu deyirlər tutmur. Amma ən səmimi dostlar elə onlardır. Mən elə bir şərait yaradıram ki, onlar mənə qardaş gözü ilə baxırlar.

- Bir az əvvəl dedin ki, toydan aldığın qonorar evə çatanda qurtarır. Toyların dayandığı aylarda, imkanlı dostlara ağız açırsan?

- Hansı dostuma zəng vurub, hansısa işim üçün yardım istəsəm, can-başla köməyimə çatacaqlar. Amma mən özümü sındıran insan deyiləm. Zəng vurub, hal-xoş edəndə, soruşanlar olur ki, nəyə ehtiyacın var. Ehtiyac olsa belə, özümü olmamış kimi göstərirəm. Amma olub ki, hədiyyə verənlər olur. Əgər dəyər verdiyim, ərkim çatan insan olanda, geri çevirmirəm.

- Kişi dostlarının xanımları sizi qısqanmırlar ki?

- Əsla. Çünki əksəriyyəti ilə ailəvi dostuq. Elə bir şərait yaratmaram ki, qısqanclıq hissi yaransın. Birdəki mən sözümü qadınlardan çox kişilərə etibar edə bilərəm. Hülqumları var, bilirəm ki, ağızlarından çıxmayacaq. Kim mənim dostlarımla münasibətimi başqa tərzə yozursa, bu, məni əsla narahat eləmir. Belə insanların dedi-qodusu heç vaxt bitib tükənmir.

- Amma həyatını birləşdirdiyin insanla münasibətiniz uzun sürmədi. Düzgün seçim etməmişdiniz?

- Heç kim başına nə gələcəklərdən sığortalana bilməz. Mənim bu addımım uğursuz oldu, ayrıldıq. Amma həyatımdan narazı deyiləm.

- Qız övladını böyüdürsən. Amma özün subay xanımsan. Ətrafında bu qədər dostlarının olduğu təqdirdə, evlilik təklifi almıram desən, yalan olar.

- Əlbəttə alıram. Amma məni müğənni İlahə İbadova kimi yox, İlahə kimi sevən olsun istəyirəm. Şəxsi həyatda bəxtin ilk dəfə gətirməyəndə, ikinci dəfə yüz ölçüb-biçmək məcburiyyətində qalırsan. İnsanı kənardan bütöv şəkildə tanımaq olmur. Əgər ikinci dəfə ailə həyatı qurub, yenidən eyni situasiyaya düşsəm, günahı tərəddüdsüz məndə görəcəklər. Bu yükü qaldıra bilmərəm. Düzünü desəm, o barədə düşünmək istəmirəm. Övladım məktəbə hazırlaşır. Onu özümdən daha çox düşünürəm. Amma qadın kimi sevildiyimi də boynuma alıram.

- Bəs sevdiyin insana qarşılıq göstərirsən?

- Sevirəm və sevilirəm. Hər bir qadının həyatında sevginin olmağı vacibdir. Sadəcə heç nəyə tələsmirəm. Hər şeyi zamanın ixtiyarına buraxıram. İntuisiyam güclüdür. Nəyi dərindən düşünürəmsə, həyata keçir.

- Gələcəyinlə bağlı nə düşünürsən?

- Yaxşı şeylər düşünürəm. Karyeramla bağlı onu deyə bilərəm ki, yaxşı iş xanımı olacağam. Buna mənən özümü indidən hazırlayıram. Qızım böyüyür, ehtiyacları çoxalır. Bunların hamısını qarşılamalıyam.

- Övladının gələcəyini tək düşünürsən? Qızın Ayan atasından qayğı görmür?

- Ayan artıq 5 yaşındadı. Ona ata da özüm olmuşam, ana da. Bu günlərdə atası bir neçə dəfə maraqlandı. Sonradan öyrəndim ki, bunun səbəbi var. Amma açıqlamayacam. Ayan həssas uşaqdır. Başqa uşağı atası ilə görəndə rəngi dəyişir. Bilirəm ki, atasını düşünür. Bu boşluğu yaradan atası olub. Mən heç vaxt onun atası ilə görüşünə qadağa qoymamışam. Əgər ata övladını istəmirsə, uşağı ona məcbur sevdirə bilmərəm. Bu günlərdə avtomobildə gedirdik. Sakit dayanmışdı. Üzümə baxıb “Ana, Mirsaleh pisdir” cümləsini işlətdi. Qızıma atasını pisləməmişəm. Öz ixtiyarlarına buraxmışam. Sadəcə, qızım yaşından böyük düşünə bilir. Atasının ona qarşı münasibətini anlayır, boşluğu hiss edir. Mənim də atam olmayıb. Güclü olmuşam. Ayanı da güclü olmağa öyrədirəm. Həyatdır, heç kim gələcəyini görə və yaza bilməz. Həyatımızda atanın və həyat yoldaşının olmamasını arzulayan insana normal yanaşmırlar. İkinci dəfə ailə həyatı qurmağı ən birinci Ayana görə istiyərəm. Amma məndən öncə Ayanı övladı kimi sevməlidir. Bu güman ki, uzaq gələcəyin gerçəyi ola bilər. Hələ ki ana-bala bir-birimizə hayanıq...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm