İtalyan aktrisa: “Azərbaycan dilini öyrənəcəyəm” - Fotolar, Video
Bizi izləyin

Tabloid.az

İtalyan aktrisa: “Azərbaycan dilini öyrənəcəyəm” - Fotolar, Video

Oktyabrın 20-dən 25-dək Bakıda İtaliya film festivalı keçiriləcək.

Oktyabrın 20-dən 25-dək Bakıda İtaliya film festivalı keçiriləcək.

Tabloid.az xəbər verir ki, dünən bütün dünyada keçirilən italyan dili həftəsi çərçivəsində İtaliya film festivalının açılışı olub. İlk dəfə Bakıda keçirilən İtaliya film festivalı miqyasına görə ən böyüyü və maraqlısıdır. Festival İtaliya cəmiyyəti olan “N.I.C.E”, İtaliya və İsveçrənin ölkəmizdəki səfirliklərinin dəstəyi ilə baş tutub.

Bununla əlaqədar keçirilən mətbuat konfransında çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov İtaliya film festivalının ölkəmizdə keçirilməsinin heç də təsadüfi olmadığını deyib:

“Azərbaycan-İtaliya münasibətləri hər sahədə - siyasi, iqtisadi, təhsil və mədəniyyət sahəsində ən yüksək səviyyədə inkişaf edir. Bizim universitetdə italyan dili uzun illərdir tədris olunur. İtaliya universitetləri ilə sıx əlaqələrimiz mövcuddur. Bu işlərin hamısı dövlətin dəstəyi və səfirliyin köməyi əsasında həyata keçirilib”.

Millət vəkilinin fikrincə, bu festivalın yüksək səviyyədə təşkil olunması Azərbaycan-İtaliya münasibətlərinə böyük təsir göstərəcək.

Daha sonra söz alan İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo İtaliya film festivalının bir həftə davam edəcəyini deyib:

“Festival müddətində 6 film nümayiş olunacaq. Festival İtaliyaya uğur gətirən, 2013-cü ildə xarici dildə ən yaxşı film nominasiyaları üzrə “Oskar” və “Qızıl Qlobus” kimi mükafatlarına layiq görülən “Böyük gözəllik” (“La grande belezza”) filmi ilə başlayacaq”.

Qeyd edək ki, adıçəkilən filmdə rol alan məşhur italyan aktrisası Anita Kravos da Bakıya təşrif buyurub. KİV nümayəndələrinin görüşünə gələn festivalın fəxri qonağı olan aktrisa “əgər Azərbaycanda İtaliya filmlərini sevirlərsə, mən də Azərbaycanı sevirəm” deyib:

“İtaliyaya “Oskar” mükafatı qazandıran filmin nümayişində iştirak etmək mənim üçün fəxrdir. 6 dildə danışıram. Bu bacarığım sayəsində bütün ölkələrdə italyan filmlərini təbliğ edirəm. Ümid edirəm ki, Azərbaycanda nümayiş olunacaq filmləri də çox bəyənəcəksiniz”.

Hələ ki, burada qalacağını söyləyən aktrisa “əgər mənə kömək etsəniz, Azərbaycan dilini də öyrənəcəyəm” – deyib.

Anita Kravos italyan rejissorların Azərbaycanda film çəkmək istədiklərini də söyləyib. “Mənim sevgilim qatildir” adlı filmdə baş rolda oynayacağını deyən aktrisa bu ekran əsərində həmçinin iki azərbaycanlı aktyorun da rol alacağını söyləyib.

Əsasən çətin obrazlar yaratdığını deyən aktrisa “başqa aktrisaların qəbul etmədiyi rolları mən oynayıram” – deyə, bildirib.

Bakıda qalacağı müddətdə Anita Kravos “Nargis Magazine” jurnalı ilə fotosessiya edəcək, ADA Universitetində tələbələrlə görüşəcək.

Mətbuat konfransından sonra festivalın açılışına “Böyük gözəllik” filmi ilə start verilib.

Rejissor Paolo Sorrentiononun 2014-cü ildə çəkdiyi bu ekran əsərində rolları Toni Servillo, Karlo Verdone, Sabrina Ferilli, Karlo Buççirosso, Yaya Forte, Anita Kravos yaradıb. İtaliya və Fransanın müştərək layihəsi olan filmdə bütün obrazlara rast gəlinir: aristokratlar, yeni imkanlılar, siyasətçilər, yüksək dərəcəli canilər, jurnalistlər, aktyorlar, alicənab ailələrin dekadent övladları, keşişlər, rəssamlar, yalançı və ya xəyali intellektuallar... Onlar köhnə sarayların, iri villaların və gözəl terrasların fonunda mənasız həyata qoşularaq, davamsız münasibətlər üçün kanva düzəltdikləri zaman müasir Babil onları udur.

Oktyabrın 25-dək davam edəcək festival çərçivəsində “Şahzadə və dilənçi” “Həyat gözəldir”, “İnsan kapitalı”, “Yeni “Paradizo” kinoteatrı” və “Roma qladiatorları 3D” filmləri nümayiş olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm