Elnarə: “Ərim danışmağıma qadağa qoyub” - Müsahibə, Fotolar
Bizi izləyin

Tabloid.az

Elnarə: “Ərim danışmağıma qadağa qoyub” - Müsahibə, Fotolar

Yerli şou biznesimizdə ideal ailə tapmaq bir qədər çətindir.

Yerli şou biznesimizdə ideal ailə tapmaq bir qədər çətindir. İdeal dedikdə mən bura həm həyat yoldaşı, qayınana-qayınata ilə yola gedən, uşaqlı, eyni zamanda da sənətdə sevilən müğənni olmağı nəzərdə tuturam. Həqiqətən də xoşbəxtlik üçün bütün bunlar əsas amildir. Az olsa da, Azərbaycan şou biznesində belə xanımlar var. Onlardan biri də müğənni Elnarə Xəlilovadır.

Müğənni tabloid.az-a müsahibəsində ailə xoşbəxtliyinin reseptindən tutmuş, 3 uşaq anası olmağına baxmayaraq, formada qalmasının sirlərindən söhbət açıb.

- Elnarə xanım, 3 uşaq anası olmağınıza baxmayaraq, əvvəlki kimi gözəlsiniz, cazibədarsınız. Sənət fəaliyyətini davam etdirirsiniz və eyni zamanda həyat yoldaşınız sizə dəstək olur... Bu xoşbəxt ailə reseptinin sirri nədədir?

- Ooooo maraqlıdır (gülür). Düsturum var: Sədaqət, məhəbbət, dəyanət, ləyaqət, vəfa, eşq, məhəbbət.... Hamısı da qonşularımın adıdır (gülür). Mənim düsturuma bunlar aiddir.

- Sənətdə olan bir xanım üçün ailəsini qorumaq çox çətindir. Siz xanımlara öz ailələrini qoruya bilməsi üçün nə məsləhət görürsünüz?

- İlk növbədə özlərini sevsinlər. Özlərinə diqqət etsinlər, qulluq etsinlər, baxımlı olsunlar. Məncə hər şey bundan qaynaqlanır. Əyin başı təmiz olmalıdır. Dığ-dığ olmamalıdır. Qadın paltarından borş, bozbaş iyi gəlməməlidir. Qadın çox böyük qüvvədir. Kişi başdırsa, qadın da boyundur. Boyun hansı tərəfə çönsə, baş da ö tərəfə çevrilir. Hər şey öz yerində olsa, kişi də evdən çayxanaya və ya ayrı yerə getməyəcək.

- Əksər tamaşaçılar əvvəlki çılğın, dəlisov, rəngarəng Elnarə üçün darıxıb. Bəs siz necə?

- Yox, mən ümumiyyətlə özüm-özümü təkrarlamağı sevmirəm. Yerimdə addımlamağı qətiyyən xoşlamıram. Mənimlə böyük heyət çalışır. Heç onlar da qoymazlar ki, mənim hansısa işim əvvəlki işimi təkrarlasın.

Bir də mən o vaxt 23 yaşında cavan qız idim və cavan qız obrazını canlandırırdım. İndi isə 35 yaşım var. Özümü 15 yaşlı qız kimi aparmağım, qısa ətəklər geyinməyim ayıb olar.

- Amma belə müğənnilərimiz var....

- Doğrudur, amma bu hərənin öz işidir. Mən bunu edə bilmərəm. Yaş həddimə görə o vaxt yaratdığım obraz o zamanda qaldı. İndi mənim statusum, yaşım ayrıdır, mən artıq 3 uşaq anasıyam. Bu möhür mənim üstümdədir və ölənədək mənimlə gedəcək. Özü də hələ ki, 3 uşaqdır... (gülür)

- Böyük uşağınızın 8 yaşı var. O, anasının ulduz statusundan istifadə edib?

- Heç vaxt. Elə ötən həftə baş vermiş bir hadisəni danışım. Yuxarı sinifdə oxuyan bir qız yaxınlaşıb qızıma deyib ki, mən Aygün Kazımovanın xalası qızıyam. Bəlkə də, uşaqdır, birinin üstünə beşini qoyur. Amma tapşırdım ki, yad adamlar sənə yaxınlaşanda ya az danış, ya da heç danışma. Tapşırdım ki, məktəbdə hamı bilir sən Elnarənin qızısan. Sənə müğənnilərlə hələ çox adam yaxınlaşacaq, onlarla az danış, “hə-yox, bilmirəm” səviyyəsində. Qızım ona heç bir cavab verməyib. Bəlkə də bilərəkdən qızımdan məlumat almaq istəyib, qıcıqlandırmaq istəyib.

- Sizin Aygün xanımla münasibətini pisdir?

- Yox, əladır. Mənim Aygün xanımla münasibətim heç vaxt pis olmayıb. Onun hər zaman mənə münasibəti yaxşı olub. Nə vaxt ondan müsahibə alıblarsa mənim haqqımda ən yaxşı sözləri deyib. Elə mən özüm də.

- Elnarə xanım, qadınların ən böyük problemi arıqlamaq və ya formada qalmaqdır. 3 uşaq anası olan Elnarə buna necə müvəffəq olur?

- Buğa verilmiş tərəvəzlər, balqabaq, kök, gül kələmi, heyva, soyutma yumurta, soyutma ət, qatıq, pomidor, xiyar, az kalorisi olan feyxua (gülür). Telefonumda kalorini ölçən 1 proqram var. Hətta feyxoanı yeməzdən öncə ölçürəm. 5 qram feyxoada 4 kalori var. Belə hesablaya-hesablaya qalmışam.

- Elnarə xanım, ailədə hər hansı qadağa ilə rastlaşmısınız?

- Həyat yoldaşım mənə tapşırır ki, az danış. Mənə deyir ki, verilişə niyə gedirsən? Deyirəm mahnı oxumağa. Deyir ki, get mahnını oxu gəl. Danışma. Çünki, bilir ki, emosionalam və sözü üzə deyənəm. Boğazdan yuxarı danışan deyiləm. Nə varsa deyirəm. Bunlar da sonradan başıma bəla olur. Ona görə də Rövşən (müğənninin həyat yoldaşı- red.) danışmağı mənə qadağan edib. Həqiqətən belə qadağamız var (gülür). Hətta deyib ki, hər şeyi at Ümidənin (müğənninin mətbuat katibi.-red) üstünə. Qoy o danışsın (gülür).

- “W-trio” qrupunun bərpa olunmasını istəyərdiniz?

- Yox, istəmirəm. Onun üçün zaman hələ yetişməyib. Hazırda nə onun yeridir, nə də vaxtdır. Hərəmizin öz planı var.

- Artıq 3 layihədir ki, türklərlə həyata keçirirsiniz. Aygün Kazımova və Röya kimi Türkiyənin şou biznesinə qatılmaq iddianız var?

- Mən belə bir prinsiplə yaşayıram. Əgər bir şey alınmırsa, mən ona heç vaxt üzülmürəm. Bilirəm ki, zamanı gələcək və mən deyəcəyəm ki, nə yaxşı ki, olmadı, şükür ki, olmadı. Ona görə də varımı-yoxumu satım və mütləq Türkiyə şou biznesinə qatılacaq kimi iddiam yoxdur. Yalan nə deyim. Belə bir iddiam yoxdur. Amma mən də sənətçiyəm. İstəyirəm ki, gördüyüm işlər qiymətləndirilsin. İstər Türkiyədə, istər Rusiyada, istər də Avropada. Məsələn, Eminin axırıncı “Naçistotu” albomu superdir. Mən Emini çox bəyənirəm, ifasını da sevirəm. Mən onun yaradıcılığı ilə fəxr edirəm. Fəxr edirəm ki, bizim belə azərbaycanlımız var. Əlbəttə bunlar üçün imkanlar və əlaqələr olmalıdır. Hamıda eyni cür ola bilməz. Nə edirsə Azərbaycan naminə edir. Hər uğurunda Azərbaycan deyilir. Mən fəxr edirəm. Sağ əli mənim başıma (gülür). Əgər mənə Türkiyədən, Rusiyadan, Amerikadan gözəl təklif gəlsə, mən ailəmi də götürüb gedib orada yaşayaram. Alınmırsa da, bunun üçün kədərlənmirəm. Özümü öldürən deyiləm. Mən Azərbaycanda brendəm, Elnarəyəm. Bu, mənə bəs edir. Min şükür...

- Elnarə xanım, gözəllik salonlarına orta hesabla ayda nə qədər pul xərcləyirsiniz?

- Sıfır manat! Çünki, mənim siması olduğum gözəllik salonu var. Estetik mərkəzdir. Mən onların siması olduğum üçün bütün proseduraları pulsuz edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm