Küləyin də ətəyini sevdiyi krallığın gözəl gəlini - Fotolar
Bizi izləyin

Tabloid.az

Küləyin də ətəyini sevdiyi krallığın gözəl gəlini - Fotolar

Küləyin də ətəyini sevdiyi kral gəlini - Fotolar

Adı tez-tez külək nəticəsində donunun ətəyinin qalxması ilə hallansa da, o, kübarlar aləminə daxil olandan sonra tez bir zamanda dünyanın ən zövqlü geyinən qadınları arasına daxil olur. O, müasir dövrün ən yaxşı stil ikonalarından biri sayılır. Nümunəvi britaniyalı, gözəl həyat yoldaşı və sadəcə xoşagəlimli qız... İngiltərə və Avropa mətbuatı onun obrazını məhz belə təsvir edirlər. O, bütün çıxışlarında ləyaqət, alicənablıq və qadın müdrikliyini nümayiş etdirir. Onu bəzən müasir dövrümüzün unikal qadını, həm də hersoginya olmasına baxmayaraq, "xalqın şahzadəsi" adlandırırlar. Çünki o, həqiqətən də çox nəcib xanımdır... Söhbət Kembric şahzadəsi Keyt Middletondan gedir.

Keyt Midletonun həyat hekayəsi müasir şahzadə haqqında nağıl deməkdir. Mən isə bu nağıla inanmaq istəyirəm. Axı real həyatda belə möcüzələrə çox az rast gəlinir. Lakin Keyt Middletonun tərcümeyi-halı nağılların bəzən gerçək olduğunu sübut edir. Tabloid.az-ın “9 don” layihəsi çərçivəsində bu həftə Keyt Middletonun ağ atlı şahzadəsi ilə necə tanış olduğunu, həyatı, əsas da çoxlarının yaxından izlədiyi qüsursuz və təkrarolunmaz stili haqqında bəhs edəcəyəm.

Keyt birinci ledi olmasa da, öz ölkəsinin ən sevilən xanımıdır. Mətbuatın da həvəslə izlədiyi stil ikonası siyahısına daxildir. Hersoginya təkcə stil ikonası kimi deyil, ümumiyyətlə, davranış və ləyaqəti ilə krallığın nümunəvi xanımı kimi tanınır.

Mətbuat onun haqqında xəbər yazmağı nə qədər çox sevsə də, Keyt media mənsublarına heç bir açıqlama, heç bir şərh vermir. Deyilənlərə görə, Keytin bu hərəkəti mənasız və gülünc görünmək qorxusundan qaynaqlanır. Lakin həmişə qüsursuz davranışı və xarici görünüşü, ən əsası isə sakit və xeyirxah üzünün ifadəsi ilə diqqət çəkir. Anadangəlmə olmasa da, xasiyyətcə Keyt - əsl aristokratdır.

Tərcümeyi-halı və uşaqlıq illəri

O, 1982-ci ildə yanvarın 9-da Redinq şəhərində yerləşən Berkşir qraflığında sadə bir ingilis ailəsində dünyaya göz açıb. Yeri gəlmişkən, Keyt mənim təbrikimdən heç vaxt xəbər tutmasa da, ən çox bəyəndiyim stil ikonasını indidən doğum günü münasibəti ilə təbrik edirəm. Gələcəyin şahzadəsi və stil ikonası məktəbdə dərslərini həmişə yaxşı oxuyub, institutu isə əla qiymətlərlə başa vurub. Boyu 175 sm, çəkisi 65 kq-dır. Ən əsası onun adı heç bir zaman xoşagəlməz qalmaqallarda hallanmayıb. Ailənin ilk övladıdır. Özündən başqa bir kiçik bacısı və bir qardaşı var.

Həmin dövrdə Keytin ailəsi zəngin deyildi, təxminən orta təbəqəyə aid etmək olardı. Valideynləri aviasiyada işləyirdi: Anası stüardessa, atası isə "Buludlar" adlı hava gəmisinin kapitanı idi. Beləliklə, lap uşaq vaxtlarından Keytin bütün taleyi Britaniya üçün əsl qürur hissi olan əfsanəvi şirkət “British Airways” (Britaniya hava yolları) ilə bağlı idi.

Lakin gələcək şahzadə özü uçuşlar və uzaq səfərlər haqqında heç nə arzulamırdı. Kiçik bacısı və qardaşına nümunə olmağa çalışaraq o, məktəbdə səylə oxuyur və karyerası barədə planlar qururdu.

1987-ci ildə onun valideynləri ailəsinin rifahı naminə özəl "Party Pieces" firmasını açır. Balaca qızcığaz isə öz gücü daxilində valideynlərinə kömək edir, işlərin öhdəsindən gəlməyə çalışırdı. Şirkət müxtəlif suvenirlərin, bəzək əşyalarının satışı ilə və əlamətdar - toy, doğum günlərində məkanların bəzədilməsi ilə məşğul olurdu. Keyt uşaqlıqdan ən həqiqi uşaq xəyalları içində böyüyüb. Erkən yaşlarından gələcək şahzadənin həyatını oyuncaq mələklər, şarlar, toy gülləri və minlərlə zərlər əhatə edirdi.

Qeyd etmək lazımdır ki, şirkət tezliklə böyüyərək bütün İngiltərədə populyar olur. Bayram suvenirləri (yeri gəlmişkən çox yüksək keyfiyyətli) görünməmiş sürətlə satılır. Və çox tezliklə bütün ailə yeni, dəbdəbəli, əsl kral evinə köçürlər.

Keyt Middletonun gənclik illəri

Keyt məktəbi bitirdikdən sonra özəl Malboro kollecində təhsilini davam etdirir. Burada o, kimya, biologiya və sənətşünaslıq üzrə imtahanı uğurla verərək təhsil proqramını bitirir. Bundan əlavə, təhsil zamanı kollecdə Keyt yüngül atletika, tennis və hətta hokkeylə məşğul olmağa macal tapırdı.

2000-ci ildə kollec diplomunu alan gələcək şahzadə bir az fasilə vermək və istirahət etmək istədiyini elan edir. Lakin qaynar Mayami çimərliklərində dincəlmək əvəzinə, İtaliyaya sonra isə Çiliyə yollanır. Çox maraqlıdır ki, onun səfərinin məqsədi hər iki halda istər-istəməz öz təhsili ilə bağlı olurdu. Florensiyada o, Britaniya institutunun yerli bölməsinə daxil olur, Çilidə isə o, dünyanın kasıb regionlarında təhsilin səviyyəsinin yaxşılaşdırılmasına yönəlmiş “Raleigh International” xeyriyyə tədbiri proqramında iştirak etmişdi.

Bir il sonra o, Birləşmiş Krallığa yenidən qayıdıb orada böyük nüfuz qazanmış Sent-Endryüs universitetinə daxil olur. Məhz burada o, iki il sonra gələcək həyat yoldaşı və Britaniya taxt-tacı varislərindən biri olan şahzadə Uilyamla tanış olur.

Keyt Middletonla şahzadə Uilyamın sevgi hekayəsi

Cütlük 2003-cü ildən görüşməyə başlayıb. Lakin əvvəldən onların münasibətləri elə də çox rəvan deyildi. Keyt münasibətlərini açıq şəkildə yaşamaqda və bu yükü daşımaqda çətinlik çəkirdi. Paparassilərin yeni görüşməyə başlayan cütlüyə ac qarğa kimi daimi hücumları vəziyyəti daha da çətinləşdirirdi. Bu halda həmişə ideal davranışlar sərgiləmək özü və onun boy-friendi üçün mümkün çətin idi. Təmtərağına adət etmiş Uilyam bu xoşagəlməz vəziyyətə tez-tez düşürdü və onun düşdüyü vəziyyətlərdə verdiyi reaksiyaları fəxr mənbəyi hesab etmək olmazdı.

Bu vəziyyət işləri ona gətirib çıxardı ki, 2007-ci ildə Keyt şahzadə ilə münasibətləri pozmaq qərarı qəbul edir. Amma aşiqlərin ayrılıq qərarı çox uzun çəkmir. Bir müddət sonra şahzadə öz sevimlisindən üzr istəyir və cütlük yenidən birləşir.

Bu epizoddan sonra sevgililərin münasibətləri yaxşılığa doğru gedir. Şahzadə sevgilisinə qulaq asaraq onu gözdən salan müxtəlif vəziyyətlərdən qaçmağa çalışırdı. 2010-ci ildə Britaniya KİV-ində şahzadə Uilyam və Keyt Middletonun toy xəbərləri bomba kimi partlayır. Bu andan etibarən Britaniya mətbuatında dəbdəbəli mərasimin hazırlanması ilə bağlı xəbərlər bütün baş məqalələrin əsas mövzusuna çevrilir.

Keyt Middleton 2011-ci il aprelin 29-da Britaniya taxtının varisi şahzadə Uilyam ilə qanuni nikaha daxil olur. Cütlüyün nikah mərasimi Vestminster kilsəsinin təmtəraqla bəzədilmiş salonlarında keçirilir. Hətta toy mərasiminin gedişatı planetimizin bir çox kanallarında canlı şəkildə yayımlanır. Britaniyanın ən məşhur və hörmətli adamları dəvətlilər sırasında idilər. "Mister Bin" Rouen Atkinson, Elton Con, Qay Riçi, Devid və Viktoriya Bekhem...

Bəzi məlumatlara görə, toyun büdcəsi 32 milyon dollar təşkil edir. Toyda 1900 nəfər iştirak edib.

Hersoginyanın "Alexander McQueen"dən eksklüziv olan gəlinliyi isə 434 min dollar dəyərində idi. Tort 80 min, çiçəklər isə 800 min dollara başa gəlib. Keytə qayınanasından miras qalan üzüyünün qiyməti isə 136 min dollardır.

2012-ci ilin sonunda mətbuatda şahzadənin hamiləliyi barədə şayiələr yayılır və tezliklə xəbər öz təsdiqini tapır. 2013-cü ildə Keytin oğul anası olduğu barədə məlumat çıxan kimi paparassilər klinikanın divarları yanında gecə-gündüz növbə çəkir, Kembric hersoginiyasının xəstəxananın qapısında peyda olacağı və doğulan uşağın qucağında tutduğu həmin məqam gözləyirdi.

Britaniya və Avropanın bukmeker kontorları uşağın cinsini, çəkisini və adını araşdırıb tapan şəxsə böyük məbləğdə qonorar vəd edirdi. 2012-ci ilin iyulun 22-də məlum oldu ki, taxtın yeni varisi doğulub. Bu uşaq indi kral taxtına namizəd olan üçüncü şəxsdir. O, Böyük Britaniya tarixində ilk Kembric şahzadəsi titulunu alıb.

2014-cü ilin ortalarında Kembric şahzadəsinin növbəti hamiləliyi haqqında xəbərlər çıxır. Onun dünyaya gətirməyə hazırlaşdığı körpə 2015-ci ildə maraqla gözlənilən körpələr siyahısa daxildir.

Bu cütlük çox sevimli və ideal görünsələr də, xəyanət mövzusu onlardan da yan keçməyib. Belə ki, Britaniya kral ailəsinə yaxın mənbələrdən daxil olan məlumata görə, şahzadə Uilyam da Keyt Middletona xəyanət edib. Bu hadisə 2011-ci ildə baş verib. Üstəlik, elə-belə adamla deyil, Keytin doğma bacısı Pippa ilə xəyanət etdiyi deyilir. Yayılan şayiələr görə, kral ailəsi Pippanı Milad bayramına dəvət ediblər. Güman edilirdi ki, qız orada şahzadə Harrini müşayiət etmək üçün dəvət edilib. Amma sonra məlum oldu ki, onu əslində Uilyam görmək istəyib. Deyilənlərə görə, şahzadə həyat yoldaşının valehedici bacısından gözünü çəkə bilməyib və bəlkə də seçimini düzgün etmədiyi barədə indi fikirləşməyə başlayıb. Əgər bu gözlənilməz söz-söhbətlər tamamilə təsdiq olunsaydı, Uilyam və Middletonun boşanması kral sarayının tarixində ən gurultulu qalmaqallardan biri kimi düşə bilərdi. Amma, görünür ki, qorxulu heç nə yoxdur. Çünki cütlük ayrılmayıb, hazırda isə ikinci körpələrini dünyaya gəlməsini gözləyirlər.

Krallığın gəlini kimi geyinməyin qaydaları

Keyt Middletonu insanlara sevdirən bir xüsusiyyəti də zövqlü olmasıdır. Qadınlar onun atdığı hər bir addımı yaxından izləyir və onun stilini təqlid etməyə çalışırlar. Çünki Keytin adı eleqantlıqla sinonimdir. Onun üslubu sadəliyi və zərifliyi təbliğ etsə də, hər çıxışı insanlarda heyrət doğurmaq gücünə malikdir. Elə buna görə də Kembric hersoginyası öz ideallığı və toyunda geyindiyi sadə gəlinliyi ilə dəb tənqidçilərinin də müsbət rəyini alaraq stil ikonası titulunu qazanır. Hətta yeni gəlinlik dəbinin əsasını qoyur. Keytin toyundan sonra krujevalı, sadə gəlinlikliklərə tələbat inanılmaz dərəcədə artır.

Keyt üslubunun ən birinci qaydası donunun ətəyinin uzunluğu ilə bağlıdır. Belə ki, o, heç zaman dizdən yuxarı donlar geyinmir. Ən sevimli modeli isə qələm ətəklərdir ki, bu zərif klassik modellər Keytin əynində heç zaman darıxdırıcı görünmür. Onu seksual və açıq geyimlərdə də görə bilməzsiniz. Çünki bu, krallığın protokol qaydalarına da ziddir. Bu qaydalardan kənara çıxmayan Keytin üslubunu zərif klassika adlandırmaq olar. Buna baxmayaraq, hersoginya geyim tərzində özünə kəskin rənglərlə eksperiment etməyə icazə verir. Onun sevimli brendləri arasında zərif klassikanı təmsil edən "Burberry" və qeyri-adi geyimləri ilə ilk baxışda heyrət yarada bilən "Alexander McQueen" moda evi yer alır.

Dəb ikonasının maraqlı bir cəhəti də ondan ibarətdir ki, o heç zaman dəbin tez ötüşən trendləri ilə ayaqlaşmır. Əksinə bu gün mövcud olan bir çox trendlərin əsasını məhz Keytin özü qoyub. O, ancaq özü üçün geyinir. Keyt krallığın sevimli gəlini olsa da, bəzi ulduzlar kimi bir paltarı bir dəfə geyindikdən sonra ondan üz çevirmir. O, sevimli sadə paltarlarını aksessuarlarla uyğunlaşdıraraq onu bir neçə dəfə istifadə edir və öz ustalığını nümayiş etdirir. Köhnə geyimlərinə incə zərgərlik məmulatları və maraqlı papaqlar əlavə edərək onu yeni kimi göstərə bilir.

Keyt Middletonun zərif və ilham verən stilinin ən önəmli detallarından biri də şübhəsiz ki, qüsursuz şəkildə istifadə etdiyi papaqlar və şlyapalardır. O, krujevalı, lələkli, güllü şlyapa və papaq pərəstişkarıdır. Gəlin etiraf edək ki, bu aksessuarı hər qadın məharətlə daşıya bilmir. Keyt isə bunun öhdəsindən layiqincə gəlir. Elə buna görə də, moda təqibçiləri onun papaqlarının geyimləri ilə uyğunluğuna heyran qaldığını hər fürsətdə ifadə edirlər. Palto, plaş və manto ilə kombinə etdiyi papaqlar onun stilini müəyyənləşdirən və fərqləndirən əsas cəhətdir. Bu cür papaqların gündəmə gəlməsi yenə də Keytin adı bağlıdır. Onun baş aksessuarları modapərəstlərin də diqqətindən yayınmır. Yəni, hersoginya kimi geyinmək istəyirsinizsə, onlara xüsusi diqqət göstərməlisiniz. Əlbəttə ki, işə belə bir şlyapa ilə işə getmək olmaz, amma görüşə və ya dəbdəbəli axşamlarda çox münasib olacaq.

Qadın zərif və qüsursuz olmaq istəyirsə, bütün bədənini bahalı daş-qaşlarla doldurmalı deyil. Keyt də adətən sırğa, saat və nişan üzüyü taxmaqla kifayətlənir. Bundan başqa, Keyt kəmər taxmağı da çox xoşlayır. Ümumiyyətlə, zinət əşyaları Keytin obrazında xüsusi rol oynamırlar.

Açıq rəngli kostyumlara Keyt xüsusi rəğbət bəsləyir, onlar sayəsində xarakterinə uyğun sakit və həlim obraz yaradır. Açıq tonlardan başqa zümrüd, mavi, qırmızı, zoğalı və yaşıl rənglər də Keytə təkrarolunmaz obraza nail olmaqda kömək edir.

Keyti nadir hallarda şalvarlarda görə bilərik. Görəndə isə cinslərlə qarşımıza çıxır. O, bir qədər qısaldılmış, dar cinslərini zərif dikdaban, yaxud tanketka ayaqqabılarla tamamlayır. Yeri gəlmişkən, qırmızı cinslərin dəbə minməsində Keytin rolu var. Onun bu cinslərdə bir dəfə peyda olması qırmızı şalvarın dəbə minməsinə və ertəsi gün mağazalarda yoxa çıxmasına bəs edir.

Hər bir qadın kimi Keyt Middleton da dikdaban ayaqqabılara laqeyd qala bilmir. Hətta hamiləlikdə Keyt Middleton dikdaban ayaqqabılardan vaz keçmir. Ayaqqabılarını da çantasının və paltarın rəngi ilə uzlaşdırır.

Saçlarına qayğı

Saçlar obrazı tamamlayan ən vacib məqamdır. Amma nədənsə qadınların çoxu saçlarına diqqət yetirməyi unudurlar. Bu mənada Keyt Middletonu nümunə göstərmək olar. Onun saçları həmişə parlaq və cazibədardır.

Makiyaja gəldikdə isə Keyt burada rəngləri sınaqdan keçirməyi sevmir. Əslində Keytin stili düşündüyünüz kimi çətin deyil. Şahzadə kimi görünmək üçün müxtəlif eksperimentləri sınaqdan keçirməyə qorxmayın. Əgər siz həqiqətən də şahzadələr kimi geyinməyi qərara almısınızsa, o halda ilk olaraq çəkinizə diqqət etməli, Keyt kimi ideal bədən ölçülərinə malik olmasınız. Unutmayın ki, hər bir qadın sevdiyi insanın şahzadəsi olmaq gücünə malikdir...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm