Tabloid.az
20 Yanvar - qəhrəmanlığa aparan yol
Azərbaycan xalqının tarixinə qanlı Yanvar faciəsi kimi daxil olan 1990-cı il 20 Yanvar hadisələrindən 25 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qaldı. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni, hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Tarix elmləri namizədi Oleq Kuznetsov Azərbaycanda törədilən “qara yanvar”-ı SSR-i tarixində baş verən nadir hadisə kimi dəyərləndirmədi: “Buna bənzər hadisələr, 1986-cı ilin dekabrında Alma-Atada, 1989-cu ilin aprelində Vilnüsdə, 90-cı ilin fevralında Düşənbədə, 91-ci ilin yanvarında isə Vilnüs və Riqada baş verərək sovet vətəndaşların qətlinə gətirib çıxarıb. Bütün bunlar SSR-inin bir dövlət kimi süqutuna və hakim partiyanın ideologiyasının məhvinə gətirib çıxartdı. Elmi dillə desək, xalqların özünü tanıma xüsusiyyətləri artdıqca hakim partiyanın əsasları ilə ziddiyyətə qirmiş oldular”.
Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi. Bakıya yeridilən qoşun kontingentinə, - bəzi məlumata görə, onun sayı 60 min nəfərə çatırdı, - “doyüş tapşırığını” yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər.
Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda “rus və erməni kartından” məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, ağ yalan idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.
Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin SSRİ DTK-nın “Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də saat 00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Halbuki, Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar saxtakarlıqla bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır.
Tanklar, zirehli transportyorlar Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn “təcili yardım” maşınlarını və tibb işçilərini də atəşə tuturdular. Bir neçə gün ərzində 137 nəfər öldürüldü, 700-dək yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi.
“Şit” təşkilatı ekspertlərinin hesabatı real mənzərənin nə qədər faciəli olduğunu əks etdirir: “Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur; Xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür; Adamlar süngü-bıçaqla qətlə yetirilmişdir…”
1990-cı ilin iyul ayında - Bakıda baş vermiş qanlı faciədən altı ay keçdikdən sonra, bir qrup müstəqil hərbi ekspert tərəfindən, Azərbaycan paytaxtında həyata keçirilən fövqəladə halın nəticələri araşdırıldı. Tədqiqat zamanı Respublika Ali Sovetinin araşdırma komissiyasının materialları, tibbi rəylər, xəstəxana və meyitxana işçilərinin izahatları, ümumilikdə isə 18 videokaset (54 ssat) materiallar araşdırılıb. Komissiya qərara gəlib ki, 1990-cı ilin yanvarında Bakıda hərbi cinayət törədilib və SSSR-nin hərbi naziri D.T.Yazova qarşı cinayət işinin açılmalıdır.
Fədakarlıq
Qanlı yanvarda ölkəmizin tibb işçiləri böyük fədakarlıq göstərdilər. Onlar həyatlarını təhlükəyə, od-alovun qarşısına ataraq yaralıları xilas etməyə çalışdılar. Onların fədakarlığı ölçüyəgəlməzdir.
Keçmişdə tibb işçisi olan, jurnalist Şirin Manafov, həmkarlarının və “qara Yanvar” şahidlərinin xatirələrini toplayıb.
Kliniki Eksperimental Cərrahiyyə İnstitutunun həkim anestezioloqu E.Əliyev qanlı Yanvarda tibb işçilərinin böyük fədakarlıq göstərdiyini qeyd edib: “ Şəhərdə qüllə səsi eşidilən kimi xəstəxanamızın bir çox həkimləri özlərini xəstəxanaya çatdırdılar. Yaralılar gecə saat 1 radələrindən sonra xəstəxanaya daxil olmağa başladı və ilk əməliyyat gecə saat 2-də oldu. Əməliyyatlar bir-birinin arxasınca keçirilirdi. Səhərə yaxın xəbər tutduq ki başqa xəstəxanalarda da vəziyyət oxşar olub”.
Mirqasımov adına klinik xəstəxanasının həkimi C. Atakişiyev: “Qüllə yarası alanlardan savayı, qazla zəhərlənmə ilə bir çox vətəndaşlar qəbul etdik. Bizim şöbəyə 38 belə xəstə daxil olmuşdu ki, onlardan 6-ı əməliyyata çatmamış dünyalarını dəyişmişdilər”.
1990-cı ildə Respublika Xəstəxanasının baş həkimi olan M.Qasımov 21 yanvarda xəstəxanada artıq sarğı və ağrı kəsicilərin tükəndiyini xatırlayıb: “Yalnız qan ehtiyatımız vardı. Yüzlərlə bakılılar qan vermışdilər. Ağsu, Beylaqan, Şamaxı sonradan isə digər rayonlar dərman ləvazimatları və tikiş materialları ilə köməyimizə qoşulmuşdu”.
Birinci klinik xəstəxanasının həkimi V.Yusifzadənin xatirəsindən: “20 Yanvar gecəsi mən “Salyan kazarması” tərəfində idim. Hərbi məktəbin həyətindən üstü silahlılarla dolu tanklar çıxdı. Biz yerə oturaraq onların çıxışına əngəl törətmək istədik. Onda biz tərəfə bir neçə tüstü qumbarası atdılar. Tüstü dağıldıqdan sonra üzərimizə atəşlə hücum edən əsgərləri gördüm. Mən kolluqda qizlənmişdim və gördüklərimə inana bilmirdim. Tanklar yaralı və ölüləri əzərək üzərindən keçib getdilər”.
Təcili tibbi yardım stansiyasının baş həkimi C.Hüseynov:
“22 yanvarda bizim xəstəxanada 176 yaralı var idi. İlk gün isə 30 cəsəd gətirmişdilər. Hər gün yaralılardan kimsə vəfat edirdi. Sonradan mərkəzi qəzetdən oxudum ki, Bakıya ordu yeridilməsi nəticəsində 40 nəfər insan yaralanıb. Bu yalan məni şoka saldı”.
Ələskər Əkpərov küçəsi, 97 saylı evin sakini Emilya Ağayevanın xatirəsindən:
“20 yanvar səhər çağı bir hərbi maşın yüksəldici səslə evdən çölə çıxmamaq üçün elan verirdi. Bundan bir neçə saat keçdikdən sonra iki zirehli maşın gələrək lülələrini yaşayış binası istiqamətinə qaldıraraq atəş açmağa başladılar. Biz özümüzü dəhlizə ataraq xilas olduq”.
Mübarizlik simvolu
Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar... 20 Yanvar 1990-cı il faciəsi azərbaycanlıların tarixinə öz həyatlarını azadlıq və müstəqillik üçün qurban vermiş şəhidlərin anım günü kimi həkk olundu. Artıq o hadisələrin 25-ci il dönümünü qeyd edirik. Xalqın yaddaşında bu faciə eyni zamanda, mübarizlik simvolu kimi yaşayır. Yanvar hadisələri xalqımıza azadlıq hissi və seçim verdi. Bu azadlıq və seçimin ali nöqtəsi müstəqil Azərbaycanın yaradılması oldu.
Bu gün Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir ünvan var: bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan bu xiyabanı ziyarət edir, Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad edir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.
-
Magazin204:44
"Playboy" jurnalı Rusiyanın 10 ən gözəl aktrisasını seçdi - FOTO
-
MDB03:43
Jirinovskinin qızı deputatlığa namizəd olacaq - FOTO
-
Magazin102:12
Ağadadaş Ağayevdən balta atdığı qadına PUL TƏKLİFİ - VİDEO
-
Dünya01:11
5,7 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
Magazin200:30
"Dəcəl qız"dan dərin sinə dekoltesi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Əhvalınız sürətlə dəyişə bilər
-
Sosial00:00
Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
-
Magazin13 Dekabr 23:36
“W-Trio” üzvləri illər sonra bir arada - FOTO