Vətənin müdafiəsinə hazır olanlar fırçaya sarıldı - Fotolar
Bizi izləyin

Tabloid.az

Vətənin müdafiəsinə hazır olanlar fırçaya sarıldı - Fotolar

Sərgidə 400-dək rəsm əsəri nümayiş etdirilib

Fevralın 10-da “Vətənin müdafiəsinə hazıram!” mövzusunda sərgi təşkil olunub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə keçirilən tədbir Akademiyanın Muzey-Sərgi Kompleksində baş tutub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Vətənin müdafiəsinə hazıram!” adlı rəsm müsabiqəsinin yekunu ilə əlaqədar keçirilən bu sərgidə yaşı 18-dək olan şəxslərin vətənpərvərlik ruhunu tərənnüm edən 400-dək rəsm əsəri nümayiş etdirilib.

Sərgini giriş sözləri ilə açan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov bu müsabiqənin gənc nəslin milli-dövlətçilik ruhunda tərbiyə edilməsində böyük əhəmiyyət daşıdığını vurğulayıb və qalib gəlmiş iştirakçıları təbrik edib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin I müavini polkovnik Zaur Abdullayev müsabiqənin Xidmət tərəfindən keçirilən hərbi-vətənpərvərlik tədbirlərindən biri olduğunu vurğulayıb və bu işlərin daha intensiv xarakter aldığını bildirib: “Torpaqlarımızın sülh yolu ilə geri qaytarılması təşəbbüsünün davam etdirilməsinə baxmayaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin müdafiə qabiliyyətinin daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu prosesin əsas tərkib hissəsi yeniyetmələrin və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və vətənin müdafiəsinə daim hazır olan gənc nəslin yetişdirilməsidir. Bu baxımdan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin də üzərinə böyük və məsuliyyətli iş düşür”.

Zaur Abdullayev Xidmət tərəfindən təşkil edilmiş “Vətənin müdafiəsinə hazıram!” mövzusunda I Ümumrespublika rəsm müsabiqəsinin məqsədlərindən danışıb. O, deyib ki, müstəqil dövlətçiliyimizin əsas atributlarından olan Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi nailiyyətlər, güclü ordu quruculuğu prosesinin əhəmiyyəti ictimaiyyətə çatdırılmalıdır: “Əsas Məqsəd qəhrəmanlıq nümunələrinin təbliği, Vətənə, xalqa və dövlətçilik ideyalarına hörmət hisslərini gücləndirmək, gənc nəsli milli dövlətçilik ruhunda tərbiyə etmək, doğma torpağa sədaqət hissini möhkəmləndirmək, hər an Vətənin müdafiəsinə qalxmağa hazırlığı yüksəltməkdir”.

Polkovnikin sözlərinə görə, müsabiqəyə respublikanın demək olar ki, bütün rayon və şəhərlərindən iştirakçılar qatılıb. Onların içərisindən ən layiqliləri seçilərək mükafatlandırılıb: “Müsabiqənin keçirildiyi qısa müddət ərzində sərgiyə bir-birindən maraqlı 400-dən artıq rəsm əsərinin təqdim edilməsi, yeniyetmə və gənclərin bu mövzuya böyük maraq və məsuliyyətlə yanaşması yüksək mənəvi hazırlığın nəticəsidir. Qeyd etmək istəyirəm ki, burada nümayiş etdirilən hər bir rəsm əsəri xalqımızın mənəvi gücünü, milli birliyini ifadə edir və vətənpərvər nəsliyin yetişdiyini sübut edir. Odur ki, bu müsabiqədə iştirak edən hər bir iştirakçını qalib hesab etmək olar”.

Sonra müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib və iştirakçılar diplomlarla təltif ediliblər.

Qeyd edək ki, sərgi 14 fevral 2015-ci il tarixinədək davam edəcək.

Fotolar AZƏRTAC

Oxumağa davam et
Reklam
Reklam

Gündəm