“Miras” üstündə dava başlayacaq
Bizi izləyin

Tabloid.az

“Miras” üstündə dava başlayacaq

ATV telekanalında yeni komediya serialının nümayişinə başlanılır

Azad Azərbaycan Televiziyasında daha bir yeni serialın nümayişinə başlanılır.

“Miras” adlı komediya serialında hadisələr ikimərtəbəli malikanədə baş verir. Evin sahibi 80 yaşlı bir qadındır. O, tənhadır, köməksizdir, qohum-əqrabası yoxdur. Buna görə də o, malikanəsini iki ailəyə verməsi ilə bağlı elan verir. Tələb etdiyi şərtlər sadəcə, ailələrin ona kömək göstərməsi, yaşlı bir qadına mümkün qədər qulluq etmələridir. Ailələrin bu elana maraq göstərməsinin əsas səbəbi isə elanın axırıncı cümləsidir – Qadına yaxşı baxan ailə, qadının ölümündən sonra malikanəyə sahib olacaq! Yəni ev ailələrdən birinə miras qalacaq.
Təbii ki, bu cür şansdan yararlanmaq üçün yüzlərlə ailə elana cavab verir. ikimərtəbəli evin sahibəsi onların arasından iki ailəni seçir. Bununla da hadisələr başlayır.

Yaşlı qadının tələblərindən biri də evin kirayə haqqının bir il öncədən ödənilməsidir. Təbii ki, milyonlarla qiyməti olan villaya görə bu şərt elə də qəliz deyil və ailələr canla-başla buna razılaşırlar.

Lakin nədənsə ölüm mələyi ilə görüşə tələsməyən qarı gündən-günə cavanlaşır, həyata can atır. Bu da malikanəyə sahib olmaq istəyən ailələri qıcıqlandırır.

Serialın əksər buraxılışları qarını tezliklə aradan götürmək üzərində qurulur. “Bədbəxt hadisə” ailələrin əsas ideyasıdır. Serialda ikinci bir xətt – ailələrin öz aralarındakı mübarizəsidir. Hər ailə qarının yanında digər ailəni gözdən salmaq və özlərinə xal qazanmaq istəyir.

Serialın hər bölümünün kuliminasiyası isə, gülərüz, köməksiz, aciz yaşlı ev yiyəsinin əslində göründüyü kimi olmamasıdır. Qarı dünyada hələ rast gəlinməyən, nadir “dələduz” imiş. Onun məqsədi kirayə haqqını bir il öncədən almaq, sonra isə ailələri 1-2 ay içində öz xoşları ilə evi tərk etməyə məcbur etməkdir. O, bunu gecələr səs-küylü mərasimlər təşkil etmək, anormal sifarişlər vermək, ümumi ayaqyolunu, hamam və mətbəxi məqsədyönlü şəkildə uzun müddətə zəbt etməklə və kirayəşinlərin həyatını cəhənnəmə çevirir.

Təbii ki, ailələr malikanəni əldə etmək üçün bütün bunlara dözməyə çalışacaqlar.

Komediya serialının baş produseri Oqtay Əliyev, quruluşçu rejissoru– Səyavuş Hüseynlidir. Serialda Şükufə Yusupova (Cavahir), Vidadi Əliyev (Vilyam), Şövqi Hüseynov (Səməndər polis), Telman Əliyev (Qoşqar), Günəş Mehdizadə (Nurqələm), Təranə Əliyeva (Şəfəq), Xuraman Əlizadə (Sayalı), Vüsal Murtuzəliyev (Şamo) və Kəmalə Piriyeva (Billurə) çəkilib.

Çoxseriyalı filmin nümayişinə artıq sabahdan ATV telekanalında başlanılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm