Mehriban Əliyeva Tahir Salahovun Parisdə sərgisinin açılışında iştirak edib
Bizi izləyin

Tabloid.az

Mehriban Əliyeva Tahir Salahovun Parisdə sərgisinin açılışında iştirak edib

Fevralın 27-də Parisdə görkəmli rəssam, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, SSRİ Xalq Rəssamı Tahir Salahovun "Əsrlərin qovuşuğunda" adlı fərdi sərgisi açılıb.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sərginin açılış mərasimində iştirak edib.

AzərTAc-ın verdiyi məlumata görə, dünya şöhrətli Azərbaycan rəssamı Tahir Salahovun Paris sərgisinin açılışında iştirak etmək üçün Fransa İnstitutuna gələn Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva əvvəlcə tədbirin keçirildiyi Fransa İncəsənət Akademiyasının fəaliyyəti ilə tanış olmuşdur. Akademiyanın daimi katibi Arno Dotriv bildirmişdir ki, 1662-ci ildə əsası qoyulan Fransa İnstitutu özündə müxtəlif sahələrə aid 5 akademiyanı birləşdirir və onlar Fransa tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı müxtəlif layihələr və elmi araşdırmalar həyata keçirir.

Nadir memarlıq quruluşuna malik olan bina Sena çayının sahilində yerləşir və onun memarı Lui Lövodur.Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa İncəsənət Akademiyası, Azərbaycanın Turizm və Mədəniyyət Nazirliyi, həmçinin ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən sərginin açılışında iştirak edib.

Arno Dotriv dünyada kifayət qədər tanınan Tahir Salahovun yaradıcılığına Fransada böyük marağın olduğunu və bu sərgidə nümayiş etdirilən əsərlərin tamaşaçılara yüksək zövq aşılayacağını bildirmişdir. O qeyd etmişdir ki, Fransa hər zaman Tahir Salahov yaradıcılığı ilə təmasdan böyük şərəf duyur və bu amil bugünkü sərginin də əsas qayəsini təşkil edir.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransada bu sərginin açılmasını Azərbaycan mədəniyyəti üçün tarixi hadisə kimi dəyərləndirmişdir. "Fransa İncəsənət Akademiyasında ilk dəfədir ki, Azərbaycan rəssamının sərgisi açılır", - deyən nazir, görkəmli fırça ustası Tahir Salahovun yaradıcılığının bütün bəşəriyyətə məxsus olduğunu vurğulamışdır. Nazir demişdir ki, Parisdə sərgilənən bu əsərlər bir daha Tahir Salahov yaradıcılığının akademik səviyyəsindən xəbər verir.

Xalq Rəssamı Tahir Salahov onun fərdi sərgisinin təşkilində əməyi olan hər bir kəsə minnətdarlıq etmiş, Heydər Əliyev Fonduna və Fondun prezidenti Mehriban Əliyevaya bu təşəbbüsə verdiyi dəstəyə görə təşəkkürlərini çatdırmışdır. Sərginin açılışını həyatının ən unudulmaz günlərindən birinə çevrildiyini deyən Tahir Salahov əsərlərinin Fransa İncəsənət Akademiyasında nümayiş etdirilməsindən şad olduğunu bildirib.

Sonra qonaqlar - Fransanın görkəmli mədəniyyət xadimləri, Parisdə akkreditə olunmuş diplomatik korpusun və Fransa hökumətinin nümayəndələri sərgi ilə tanış olmuşlar.

Dünyanın mədəniyyət mərkəzlərindən biri olan Parisin mədəni həyatında dünya şöhrətli Azərbaycan rəssamı Tahir Salahovun fərdi sərgisinin açılması əsil hadisəyə çevrilmişdir. Bu sərgi ilk növbədə sənətsevərlərin çoxdandır yolunu gözlədiyi fırça ustasının yaradıcılığına bir daha nəzər salmaq baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Bu, həm də Azərbaycan təsviri incəsənətinin təbliği baxımından böyük rola malikdir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətini yüksək səviyyədə dünyada təmsil edən Xalq Rəssamı, "İstiqlal" və "Heydər Əliyev" ordenli Tahir Salahov bu sərgisi ilə xalqımızın malik olduğu yüksək mədəni dəyərləri bir daha Qərb tamaşaçılarının diqqətinə çatdırmışdır. Bu il 85 yaşını qeyd edən xalqımızın böyük oğlu Tahir Salahovun Parisdə açılan fərdi sərgisinin bir özəlliyi də təbii ki, onun sənətkarlığının dünyəvi mahiyyətə malik olmasıdır. Bu cəhət sərgidə nümayiş etdirilən əsərlərdə də özünü göstərir. Qara Qarayev, Mistislav Rostropoviç, Anar, Soljinitsin kimi dünya şöhrətli şəxsiyyətlərin portretləri, Parisə həsr olunmuş "Həmişə Eyfel qülləsi ilə" silsilə rəsmləri böyük maraqla qarşılanmışdır və bəzi əsərlərinin xalça versiyası da sənətkarın daxili zənginliyindən xəbər verir. Odur ki, kətan üzərində daha çox sərt və tünd rənglərin ahəngini yaratmağı sevən Tahir Salahovun sərgiyə təqdim etdiyi əsərlərini izlədikcə, özünü də tablolarda əks olunan mühitdə görürsən. Bir-birindən fərqli mövzulara müraciət edərək, bu fərqliliyi, Şərq ilə Qərbin sintezini məharətlə əks etdirən rəssam əslində xalqımızın simasını, onun hissini, duyğusunu yaratmış və buna uğurla müvəffəq olmuşdur.

Sənətkarlığı ilə yanaşı, xalqının ictimai həyatında da fəal iştirak edən Tahir Salahov həm də bir pedaqoq kimi sevilmiş və böyük hörmət qazanmışdır. 1973-cü ildən SSRİ Rəssamlar İttifaqının birinci katibi, UNESCO-nun nəzdində Millətlərarası Rəssamlar Federasiyasının vitse-prezidenti, 1997-ci ildən isə Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti olan Tahir Salahovu çox zaman "incəsənətin səlahiyyətli səfiri" də adlandırırlar. Odur ki, mahir fırça ustası ilə görüşmək arzusunda olanların sayı heç vaxt azalmayıb. Belə ki, həmyerlimiz Rusiyanın və MDB-nin bir çox ölkələrinin rəssamlıq akademiyaları ilə yanaşı, Madriddəki San-Fernando Kral İncəsənət Akademiyasının, Fransa İncəsənət Akademiyasının müxbir üzvü, onlarla nüfuzlu mədəniyyət təltiflərinin sahibi olan Tahir Salahovu "Ürəklə şəkil çəkən rəssam" da adlandırırlar. Çünki onun əsas sərvəti xalqına sonsuz dərəcədə bağlı olan qəlbidir. Bu sərginin dəyərini artıran ən mühüm amil də rəssamın öz sərgisində qonaqları ilə elə öz xalqının dilində danışması olub.

Sərgidən sonra UNESKO-nun mənzil qərargahında qurumun baş direktoru İrina Bokovanın bu vəzifəyə yenidən seçilməsi münasibətilə rəsmi qəbul təşkil olunub.

Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə iştirak etmişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm