Azərbaycanın xalq yaradıcılığı paytaxtları elan olunub
Bizi izləyin

Tabloid.az

Azərbaycanın xalq yaradıcılığı paytaxtları elan olunub

Azərbaycanın xalq yaradıcılığı paytaxtları elan olunub

Martın 4-də Muzey Mərkəzində Azərbaycanın xalq yaradıcılığı paytaxtlarının təqdimat mərasimi keçirilmişdir

Mərasimin əvvəlində Bakı şəhər musiqi məktəblərinin şagirdləri çıxış etmişlər.

Sonra Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev layihə haqqında məlumat vermiş, xalq yaradıcılığı paytaxtlarının seçilməsinin əhəmiyyətindən danışmışdır.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev diqqətə çatdırmışdır ki, nazirliyin “2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları” Proqramı çərçivəsində keçirilən tədbirlər artıq ənənəyə çevrilmişdir. Beş il bundan əvvəl başladığımız layihə yerlərdə böyük maraqla qarşılanır, rayonlar arasında rəqabət mühiti yaradır”.

Xalqımızın qeyri-maddi mədəni irsinin Azərbaycan dövlətinin daim diqqətində olduğunu vurğulayan Əbülfəs Qarayev UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının ötən ilin dekabrında Bakıda uğurla keçdiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, əldə olunan nailiyyətlərin bünövrəsində Azərbaycan dövlətinin beynəlxalq aləmdə yürütdüyü uğurlu siyasət, əməkdaşlığın gücləndirilməsi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın həyata keçirdiyi böyük işlər dayanır.

Vurğulanmışdır ki, Prezident İlham Əliyevin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” müvafiq istiqamətdə aparılan işlərə böyük bir dəstək olacaqdır.

Tədbirdə bildirilmişdir ki, Azərbaycan xalqının qədim və rəngarəng qeyri-maddi mədəni irsi minilliklər boyu millətin mentalitetini və şüurunu formalaşdıran əsas mənbələrdən biri olmaqla, xalq yaradıcılığının nailiyyətlərini özündə ehtiva edən nadir bəşəri fenomendir. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasətindəki təcrübələri nəzərə alınmaqla, Azərbaycanın qeyri-maddi mədəni irsinin (diyarşünaslıq, folklor, sənətkarlıq) qorunması və dəstəklənməsi istiqamətində islahatlara başlanılmışdır.

Sahənin təminat mexanizmlərinin monitorinqi aparılmış, Azərbaycanın qeyri-maddi mədəni irsinin bərpası, qorunması və hərtərəfli inkişafı ilə bağlı “Azərbaycan qeyri-maddi mədəni irsinin qorunmasına dair” Dövlət Proqramının layihəsi hazırlanaraq baxılmaq üçün müvafiq qurumlara təqdim olunmuşdur.

Nazir diqqətə çatdırmışdır ki, islahatların davamı olaraq hazırda “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri”nin hazırlanması, “Qeyri-maddi mədəni irs subyektlərinin (ifaçı, kollektiv, sənətkar və s.) Portfolio Bankı”nın və “Azərbaycan qeyri-maddi mədəni irsinin infrastruktur vahidlərinin Dövlət Kadastrı”nın yaradılması, “Şəhər (rayon) mədəniyyət mərkəzlərinin yaradılması” layihəsi, “Muğam-tur, aşıq-tur, xalça-tur və Novruz-tur beynəlxalq mədəni-turizm marşrutları”nın təşkili, digər konseptual proqram və layihələr üzərində müvafiq işlər görülür.

Qeyd edilmişdir ki, bununla yanaşı, “Bakı şəhəri Qobustan, Maştağa, Əmircan və Yeni Suraxanı qəsəbələrində Azərbaycan xalq dekorativ, tətbiqi və təsviri sənət ənənələrinin dirçəldilməsi” və “Bərdə şəhərində dekorativ sənət ənənələrinin təbliği və xalçaçılığın inkişafı” pilot layihələri həyata keçirilmişdir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2014-cü il üçün Qəbələnin “Azərbaycanın əfsanələr paytaxtı”, Balakənin “Azərbaycanın folklor paytaxtı” və Abşeronun “Azərbaycanın sənətkarlıq paytaxtı” seçildiklərini elan etmişdir.

Sonda 2014-cü il üçün Qəbələnin “Azərbaycanın əfsanələr paytaxtı”, Balakənin “Azərbaycanın folklor paytaxtı” və Abşeronun “Azərbaycanın sənətkarlıq paytaxtı” elan edilməsi ilə bağlı xatirə kubokları və fəxri diplomlar təqdim olunmuş və xatirə şəkli çəkdirilmişdir.

baku-art.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm