“Qənaətcil lampa”lar, yüngül maşınlar... – Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzindən REPORTAJ
Bizi izləyin

Texnoloji

“Qənaətcil lampa”lar, yüngül maşınlar... – Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzindən REPORTAJ

İntellektual və uzunömürlü lampalar, daha möhkəm sement, yüngül və daha yüksək sürətlə hərəkət edən, qəza nəticəsində daha az zədələnən avtomobillər...

Bu sadaladıqlarım qulağa xeyli xoş gələ bilər. Amma təkcə eşitmək kifayət deyil, yerində tanış olmaq lazımdır.

Həyatın bir çox sahələrində işlərimizi asanlaşdıracaq bu yeni texnologiyalar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində son texnoloji yeniliklərə uyğun laboratoriyalarda hazırlanır.

“Clean room” - “Təmiz otaq”

Mərkəzin elmi-tədqiqatlar şöbəsinin müdiri Rasim Cabbarovun danışmaq ən sevmədiyi iş olsa da, bizə işindən sevgi ilə danışır.

Əvvəlcə başlayaq “Clean room” adı verilən laboratoriyadan. Öyrənirik ki, bu otaqda mühit bizim yaşadığımız mühitdən çox fərqlidir. Belə ki, adi atmosferdə hər kubmetrə milyardlarla toz dənəciyi düşürsə, həmin otaqda mindən çox deyil. Bu, o xüsusi otaqdır ki, burada yüksək texnologiyalara aid materiallar hazırlanır. Bu, otaq içində otaqdır, döşəməsi, tavanı xüsusi materialdan hazırlanıb və divarda yerləşdirilən havalandırma sistemi havadakı toz dənəciklərini təmizləyir.

Otağın döşəməsi və oturacaqları toz qəbul etməyən materialdan hazırlanıb. Buranı xəstəxanaların reanimasiya otaqlarına bəzətmək olar. Toza bu qədər həssas yanaşılması da əbəs yerə deyil. Çünki toz dənəciklərinin normadan çox olması alınan məhsulun keyfiyyətinə birbaşa təsir edir.

Bu gün həmin otaqdan led-lampalar hazırlanması üçün istifadə edilir. Dördüncü nəsil led-lampalar dünyanın bir çox ölkələrində istifadə edilir.

R.Cabbarov deyir ki, addım-addım digər ölkələr də bu lampalardan istifadə edəcək. Elə nazirlik də bu lampalardan istifadənin qaçılmaz olduğunu nəzərə alaraq ölkəmizdə istehsalına başlayıb.

Müəssisənin digər otaqlarına girdiyimiz kimi bura girə bilmərik. Bunun üçün xüsusi şərtlər var. Yerə bir tel saç belə düşməməlidir. Üstünüzə əlavə geyim geyinməlisiniz. Əlavə geyimdən sonra ikinci otaqda hava vasitəsilə paltarlar yenidən təmizlənir. Bu prosesdən keçməmiş üçüncü otağın qapısı açılmaz. Bu otaqda nəfəs almaq daha yaxşıdır. Çünki otağın havası tərtəmizdir.

1 ilə 30 lampa əvəzinə 3 ilə 1 lampa...

R.Cabbarovun sözlərinə görə, otaqdakı texnologiyalar vasitəsilə 15 dəqiqə ərzində 10 led-lampa hazırlamaq mümkündür: “Bu otağın istehsal gücü aylıq 1500-2000 ədəd led-lampa hazırlamaq iqtidarındadır. Bu da küçə və prospektlərdə elə bu qədər yol işığının daha az enerji ilə işləməsi deməkdir. Çünki 100 vattlıq led-lampa ənənəvi 400 vattlıq lampaları əvəz edə bilir. Artıq Şəki şəhərində pilot layihə həyata keçirilib. Həmin lampalara ayrıca sayğac qoyulub, bir həftə sonra hesablamalarda ledlərin 70% daha qənaətlə işlədiyi məlum olub. Azərbaycanda elektrikin bir kilovvatt/saatının 6 qəpik olduğunu və küçə işıqlarının azı 10 saat yanmasını nəzərə alsaq, ən azı bir gün ərzində 5,4 dəfə qənaət edildiyini görə bilərik. Bu lampaların minimum yaşama müddəti isə 3 ildir”.

Dediyimiz kimi, artıq bir çox evlərdə led-lampalardan istifadə edilir. Lakin bütün yeniliklərdə olduğu kimi, onlara da yanaşma birmənalı deyil. Ən çox mənfi fikirlər isə onların gözə zərər vermələri ilə bağlıdır.

Ancaq müsahibimiz deyir ki, bu fikirlərin həqiqətlə heç bir əlaqəsi yoxdur: “Dünya birdən-birə də yeni lampalara keçid etmir. Çünki bu, bir anda milyonlarla lampanın məhv edilməsi deməkdir”.

Bir məqamı da unutmayaq ki, müsahibimizin bayaqdan təriflədiyi lampaların qiyməti ənənəvi lampaların qiymətindən xeyli bahadır. Bu, led-lampaların kütləvi istifadəsini şübhə altına almazmı?

R.Cabbarov zamanla onların qiymətinin daha da ucuzlaşacağını deyir.

Bundan başqa, bu işıqların uzunömürlü olması və daha az elektrik enerjisi istifadə etməsi onları sərfəli edir. Yəni, alıcı ildə onlarla lampa almaqdansa, 3 ildə bir led-lampa almağı üstün tutmalıdır.

Həmsöhbətimiz deyir ki, hazırda yalnız laboratoriya şəraitində hazırlanan lampaların yaxın gələcəkdə sənayeyə keçidinin təmin edilməsi əsas məqsəddir: “Led texnologiyasında hər hansı zavodun qurulması üçün potensial var. Bununla bağlı müraciət edilib. Bu proses ya nazirliyin daxilindəki texnoparklarda, ya da regionlarda həyata keçirilə bilər. Həm ekoloji, həm də iqtisadi baxımdan daha sərfəli olan led işıqları sahəsində müəssisələrin yaradılması planlaşdırılır”.

Baş çəkdiyimiz növbəti otaqda əldə olunan lampaların elektrooptik parametrləri təyin edilir. Yeni Texnologiyalar Şöbəsinin müdiri Nahidə Musayeva bu laboratoriyanın fəaliyyəti barədə məlumat verir.

Məlum olur ki, buranı diaqnostika otağı da adlandırmaq olar.

Divarları qara rənglə boyanmış otaqda istehsal olunan led-lampaların parlaqlıq, rəng parametrləri yoxlanılır. Qlobusa bənzər “Sfera” adlı qurğuda rəng parametrləri müəyyən edilir.

Daha sərt, daha yüngül...

Daha sonra müxtəlif materialların tərkibini daha da sərtləşdirməyə imkan verən məhsulun hazırlandığı nanotexnologiyalar laboratoriyasına baş çəkdik. Bu otaqda karbon nanostrukturları sintez edilir. Bu karbon nanostrukturlar nanoelektronikadan ağır sənayeyə qədər bir çox sahələrdə tətbiq edilir.

N.Musayevanın sözlərinə görə, alınan məhsul monotərkibdə effektli olmur, onu polimer, sement və digər materiallara qatıb istifadə etmək lazımdır: “Bu maddənin birləşdirildiyi materialın tərkibi dəyişir və daha sərt olur. Karbon nanoboruların əsasında filtrlər hazırlanır ki, onlar ən kiçik orqanizmlərə qədər hissəcikləri təmizləyə bilir. Bu da xüsusən, istifadə etdiyimiz suyun təmizlənməsinə imkan yaradır. Bu laboratoriyada hazırlanan nanoborular xüsusi texnologiya ilə müxtəlif polimerlər içərisində yerləşdirilir. Polimer nanokomponentlər avtomobil, tikinti və digər sənaye sahələrində tətbiq edilə bilər. Bu materiallar poladdan da möhkəm olur. Məsələn, bu materialdan hazırlanmış maşınların korpusu və hissələri daha sərt, həm də yüngül olur. Yüngül olması onun yüksək sürət toplamasına imkan verdiyi halda, materialın sərt olması qəzalar zamanı daha az zərər görməsinə səbəb olur. Layihələr Azərbaycan reallığına əsaslanır. Gələcəkdə sahələr daha da genişləndiriləcək.

Laboratoriyada karbon nanoborularının led-texnologiyalara tətbiq edilməsi planlaşdırılır. Bu, hələ ki, sirr saxlanılır. Burada bir sıra texnoloji yeniliklər tətbiq edəcəyik”.

Bundan əlavə, keramika/karbon nanoboru əsasında yüksək elektrik və istilikkeçirici nanokompozit materiallar alınıb. Bunlar da tikinti sənayesi və LED texnologiyasında böyük perspektivlər vəd edir. Karbon nanoboru əsasında alınan yüksək istilikkeçirici suspenziya məhlulları isə avtomobil sənayesi, soyuducu sistemli bütün qurğularda istifadə üçün yeni materiallar kimi xarakterizə olunur.

Mərkəzdə, eyni zamanda, karbon nanoboru əsasında hərbi sənayedə çox böyük perspektivlər vəd edən antiradar materiallar əldə edilib.

Deyəsən, dilimizə və həyatımıza yeni daxil olan nanotexnologiyalar hələ bir çox işlərimizi asanlaşdıracaq.

Gülxar Şərif

Fotolar Elçinindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm