"Microsoft Azerbaijan" şirkəti Bakıda ənənəvi "Microsoft
Innovation Day" ("Microsoft" İnnovasiya Günü)
keçirəcək.
Şirkətdən verilən məlumata görə, tədbir IT-menecerlər,
IT-direktorlar və şirkət rəhbərləri üçün nəzərdə tutulub.
Bu il "Microsoft" İnnovasiya Günü korporasiyanın "Cihazlar və
Xidmətlər" strategiyasına həsr olunacaq və ən müasir texnoloji
yenilikləri əhatə edəcək. Tədbirdə "Microsoft" əsaslı cihazlar və
bulud xidmətləri təsvir olunacaq, eyni zamanda, "Microsoft
Azerbaijan" şirkətinin nümayəndələri "Windows 8.1" üzərində işləyən
cihazları, həmçinin işgüzar və gündəlik istifadə üçün nəzərdə
tutulmuş proqram və həlləri, o cümlədən bu cihazların vahid sistem
kimi işləyə bilmə imkanlarını nümayiş etdirəcəklər. Tədbir
iştirakçılarına korporasiyanın yeni məhsulları və "Microsoft"un
Azərbaycanda gələcək fəaliyyət planı barədə məlumat veriləcək, eyni
zamanda, onlar təqdim olunan cihazları sınaqdan keçirə
biləcəklər.
"Microsoft" İnnovasiya Gününün ikinci hissəsi bulud xidmətlərinə
həsr olunacaq ki, bu hissə çərçivəsində "Windows Azure" bulud
platforması təqdim olunacaq. "Windows Azure" üzərində ehtiyat
nüsxələmə funksiyası, virtual maşın yaradılması və s. nümayiş
etdiriləcək.
"Microsoft Innovation Day" - "Microsoft" korporasiyasının
innovasiya texnologiyalarına həsr edilən və hər il təşkil olunan ər
iri tədbirlərdəndir. Azərbaycanda sözügedən tədbir 2007-ci ildən
etibarən keçirilir.
Tədbir martın 13-də saat 09: 30-da "JW Marriott Abşeron"
mehmanxanasının "Şərq" zalında keçiriləcək. Tədbirdə iştirak etmək
istəyənlər 7 mart tarixinədək adını, vəzifəsini və təmsil etdiyi
şirkətin adını [email protected] elektron ünvanına göndərməli və
ya (012) 437-38-00 telefon nömrəsinə zəng edərək iştirakını təsdiq
etməlidirlər.
Qeyd edək ki, 1975-ci ildə təsis edilmiş "Microsoft" korporasiyası
proqram təminatı istehsalında dünya lideridir. "Microsoft"
korporasiyası geniş çeşidli proqram məhsulları hazırlayır və
istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat
sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri,
istifadəçilər üçün stolüstü biznes-tətbiqlər və ofis tətbiqləri,
interaktiv proqram və oyunlar, internet şəbəkəsində işləmək üçün
vasitələr və hazırlama alətləri var. "Microsoft" korporasiyasının
məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil
olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter
platformalarının əksəriyyəti ilə uyğundur.
2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən "Microsoft
Azerbaijan" şirkətinin başlıca vəzifəsi elektron idarəetmə, biznes
inzibatçılıq və təhsil sistemi üçün yeni məhsulları tətbiq etməklə
Azərbaycanın inkişafına töhfə verməkdir.
|