Dəmirtaş: “Barbar bir ordu qarşısında son dərəcə normaldır”

1 Avqust 2015 19:10 (UTC+04:00)

Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş böyük qardaşı Nurəddin Dəmirtaşın Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi bombardmanlarda yaralandığı barədə xəbərlərə cavab verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, HDP-nin həmsədri təşkil etdiyi mətbuat konfransında böyük qardaşının İŞİD-ə qarşı döyüşən qruplar arasında olduğunu, ancaq Kandildə olmadığını söyləyib.

“Böyük qardaşımla əlaqədar dünən “Anadolu” agentliyinin verdiyi xəbərin doğru olma ehtimalı yoxdur, çünki böyük qardaşım Kandildə deyil. O, İŞİD-ə qarşı müqavimət ordusunda döyüşür və xalqının qüruru üçün müqavimət göstərir. Ölə bilər, yaralana da. Bunlar barbar bir ordu qarşısında son dərəcə normaldır”, - Səlahəddin Dəmirtaş deyib.

Qeyd edək ki, “Anadolu” agentliyi Nurəddin Dəmirtaşın Türkiyə Silahlı Qüvvələrinin Kandildə həyata keçirdiyi əməliyyatda yaralandığını açıqlayıb.

Ömər Dağlı