Özünüzə uyğun dodaq boyasını tapın!

2 Oktyabr 2015 11:15 (UTC+04:00)

Qadınların ən çox sevdiyi kosmetik vasitə dodaq boyalarıdır. Elə buna görə də satışda yüzlərlə çeşid və rəngdə dodaq boyaları var. Bəziləri solğun, bəziləri parlaq, bəziləri də uzun müddət qalan dodaq boyalarını sevir. Bəs əslində, sizə uyğun dodaq boyası necə olmalıdır?

Özünüzə uyğun dodaq boyasını tapmağın ən yaxşı üsulu dərisinin və saçının rəngi sizinlə oxşar olan məşhuru tapıb ondan bəhrələnməkdir. Çünki ulduzlar ən məşhur vizajistlərlə işləyirlər və makiyajda demək olar səhvə yol vermirlər.

Publika.az makiyaj stili ilə daim diqqət mərkəzində olan məşhur gözəlləri sizin üçün araşdırıb. Görək, hansı gözəl hansı rəng dodaq boyasına üstünlük verir?

Cessika Alba

Dəri rənginiz məşhur aktrisa Cessika Albayla oxşardırsa, siz tünd-qırmızı, isti çalarlarda olan dodaq boyası çəkməlisiniz.

Ketrin Zeta Cons

Sizə hər rəng yaraşır. Ona görə də dodaq boyanızı vaxta və getdiyiniz yerə uyğun seçməlisiniz. Səhər və günorta saatlarında isti rənglər, həmçinin açıq-qırmızı və zərif çəhrayı rənglərdə dodaq boyası çəkə bilərsiniz. Ketrin Zeta Consun imzası halına gələn kərpic-kirəmid rəngli dodaq boyası isə gecə saatları və ofis stili üçün uyğundur.

Yeva Lonqoriya

Saç və dəri rənginiz məşhur aktrisa ilə eynidirsə, axşam saatlarında tünd-çəhrayı rəngdə dodaq boyası sizin üçün ən uyğun seçim olacaq. Həmçinin qırmızının isti çalarlarına müraciət edə bilərsiniz.

Rihanna

Rihanna kimi, dəri rənginiz tünddürsə, o zaman şaftalı çalarlarına və parlaq çəhrayı rəngdə olan dodaq boyalarına üstünlük verin.

Kira Naytli

Tünd-çəhrayı, mat dodaq boyaları sizdə çox təbii görünəcək. İşıltılı mis və bej rəngli dodaq boyaları da sizə çox yaraşacaq.

Beyons

Mat və ya parlaq olmasından asılı olmayaraq, diqqətçəkici rənglərə müraciət edin. Beləliklə, bütün nəzərləri üzərinizdə cəmləyəcəksiniz.

Mendi Mur

Saçlarınızı toplayıb, az makiyaj etdiyiniz günlərdə cazibədar görünmək üçün ehtiyacınız olan tək şey albalı rəngində olan dodaq boyasıdır. Belə dodaq boyasının səliqəli görünməsi üçün əvvəlcə dodaqlarınızı eyni rəngli qələmlə haşiyələyin.

Cennifer Lopez

Xüsusi günlərdə gözlərinizə tünd rəngli kölgələr qoyub dodaqlarınızı J.Lo kimi parlaq dodaq boyası ilə rəngləyə bilərsiniz.

Rozario Douson

Təbii, eyni zamanda da işıltılı dodaqlar üçün qəhvə çalarlarında olan dodaq boyasının üzərinə çəhrayı çalarlarda parıltı çəkə bilərsiniz. Ya da dodaqlarınızı qəhvə çalarında olan qələmlə haşiyələyib üstündən şəffaf parıltı çəkin.

Ləman Sultan