Azərbaycanlı “Çaplin” Publika.az-a danışdı: “Hər şey ağlıma gələrdi, amma bu yox...” - MÜSAHİBƏ

6 Oktyabr 2015 15:15 (UTC+04:00)

Amerika telekanalında nümayiş olunan "America’s Got Talant" istedad yarışmasına qatılaraq "Çaplin" obrazı ilə məşhurlaşan azərbaycanlı sirk ustası Uzeyir Novruzovun qalib olmasını istəməyən, demək olar ki, yox idi. Qalib olmasa da, yarımfinala qədər gedən Üzeyirin hər şousu Azərbaycanda da böyük maraqla qarşılandı. Çünki o, 10 ən yaxşı iştirakçıdan biri idi.

Azərbaycanın səhnə qəhrəmanlarından olan Üzeyiri jurnalist və azərbaycanlı marağı ilə sosial şəbəkədə izləyənlərdən biri olaraq ondan müsahibə almaq üçün mübarizəsinin nəticəsini gözlədim. Lap qalib olmasa da, o, mənim üçün maraqlı müsahib idi. Bir neçə cəhddən sonra Üzeyirlə əlaqə qurmağa nail oldum. Düzü, onun ingilisdilli azərbaycanlı olduğunu düşünürdüm. Bu təəssüratla ona ilk dəfə ingiliscə müraciət etdim. Ancaq cavab Azərbaycan dilində gəldi:

- Salam! Sözün düzü, boş vaxtım azdır. Amma suallarınızı bura yazsanız, imkan daxilində cavablandıraram. Amma xahiş edirəm, çox az sual olsun.

- Çox sadə insan təsiri bağışlayırsınız. Suallarımızı cavablandırdığınız üçün təşəkkür edirəm. İstəyinizi nəzərə alıb çalışarıq ki, sizi çox yormayaq. (Azərbaycan dilində bir qədər qəribə yazdığından söhbətimizi ingilis dilində davam etdirdik). Azərbaycan dilini bildiyinizi təxmin etməmişdim. Nə vaxtdan Amerikada yaşayırsınız?

- Azərbaycan dilini də, rus dilini də bilirəm. Amerikada cəmi 13 ildir yaşayıram.

- Bakı ilə əlaqəniz varmı? Sonuncu dəfə Azərbaycanda nə vaxt olmusuz?

- 2 il əvvəl oradaydım. 2013-cü ilin yazı idi.

- Burada kiminiz var? Bakıya gələndə kimin yanına gəlirsiz?

- Anam Azərbaycandadır.

- Bəs Amerikada kiminlə yaşayırsınız?

- Ailəliyəm. Amerikada ailəmlə birlikdə yaşayıram. İki övladım var.

- Azərbaycanda artıq ulduzsunuz. Ağlınıza gələrdi ki, nə vaxtsa belə məşhur olacaqsınız?

- Hər şey ağlıma gələrdi, amma bu yox. Bu haqda heç vaxt fikirləşməmişəm də.

- Necə duyğudur? Məşhur olmaq, hamının səninlə maraqlandığını bilmək necə təsir bağışlayır?

- Təbii ki, müdhiş bir hissdir. İnsanların mənim yaradıcılığımla maraqlandığını, məni izlədiyini bilmək çox xoşdur.

- Müsabiqə artıq yekunlaşıb. Bundan sonrası üçün hansı planlarınız var?

- Həyatım boyu ancaq sevdiyim işlə məşğul olmuşam. Yəni müsabiqədən əvvəl də mənim bir həyatım vardı, işim vardı. İndiyədək hansı işlə məşğul olmuşamsa, müsabiqədən sonra da onu davam etdirəcəm. Düz 20 ildir ki bu sənətdəyəm. Amma ola bilər ki, müsabiqədən sonra mənim üçün yeni yaradıcılıq qapıları açılsın.

- Həyatda məqsədiniz nədir?

- Bütün məqsədlərim sənətimlə bağlıdır. Özümü, yaradıcılığımı inkişaf etdirmək istəyirm. Bunun üçün yollar axtarıram. Məsələn, özümü böyük kinoda, kinematoqrafiyada sınamaq istəyirəm. Yaxud şəxsi şoularımı təşkil etməyi düşünürəm.

- Çoxsaylı dünya ulduzları ilə şəkilləriniz yayıldı. Məsələn, Demi Mur, Britni Spirs və s. Onlarla münasibətiniz necədir? Yəni dostluq edirsiniz, yoxsa təsadüfən qarşılaşmışdınız?

- Doğrudur, dünya şöhrətli bir sıra sənət adamı ilə, o cümlədən tanınmış futbolçularla fotoşəkillərim var. Amma mən onlarla ünsiyyət saxlamıram. Yəni dost münasibətimiz yoxdur. Dünyaca məşhur "Cirque du Soleil" sirkinin şoularında çıxış edərkən onlar səhnə arxasına gəlib bizimlə tanış olur və xatirə şəkilləri çəkdirirdilər.

- Sizcə, niyə müsabiqənin qalibi ola bilmədiniz?

- Əsas mükafatın sahibi mən olmasam da, qalibəm. Yarımfinala qədər qalib olacağıma əmin idim. Ancaq yarımfinal çıxışından sonra vəziyyət dəyişdi. Bu mərhələdn sonra "America’s Got Talant" istedad yarışmasının əsas mükafatını ala bilməyəcəyimi artıq bilirdim. Çünki yarımfinalda böyük səhvə yol verdim və hündür nərdivanın başından yerə yıxıldım. Yıxılanda da ciddi zədə aldım. Həmin zədənin mənə mükafatçı olmağa imkan verməyəcəyi şübhə doğurmurdu. Çünki bu zədə ilə finalda özümü tam göstərə bilməyəcəkdim. Elə də oldu. Buna baxmayaraq, mən layihənin qalibiyəm. Milyonlarla insanın və ən əsası özümün nəzərimdə qalibəm. Çünki layihənin 10 ən yaxşı iştirakçısından biriyəm. Bu siyahıya düşməyi bacardığım üçün özümdən razıyam.

- Azərbaycanlı heyranlarınıza nə demək istərdiniz?

- Bütün azərbaycanlı heyranlarıma təşəkkür edirəm. Yarışın hər mərhələsində onların dəstəyini hiss edirdim. Yazdıqları xoş sözlərə görə hər birinə minnətdaram. Arzu edirəm ki, həyatda öz yolları olsun. Həmin yoldan azmasınlar. Məqsədlərinə aparan yolda qarşılarına çıxan heç bir çətinlik onları ruhdan salmasın. Heç vaxt geri çəkilməsinlər. Diqqətiniz üçün sizə və təmsil etdiyiniz media qurumuna təşəkkürümü bildirirəm.

İsa Şükürov