Müdafiə nazirinin müavini və respublikanın hərbi prokuroru cəbhə xəttində - FOTOLAR

6 Oktyabr 2015 15:30 (UTC+04:00)

Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun 2015-ci ilə dair birgə tədbirlər planına əsasən Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev və Respublika Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.

Publika.az xəbər verir ki,birlik, birləşmə və hərbi hissələrdə müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular, o cümlədən bilavasitə müdafiənin ön xəttində yerləşən hərbi hissələrin şəxsi heyətilə görüşlər keçiriblər.

Ədliyyə general-leytenantı X.Vəliyev çıxışında döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə hərbi kollektivlərdə münasibətlərin qanunvericilikdə nəzərdə tutulmuş tələblər və nizamnamələr çərçivəsində qurulmasının vacibliyini xüsusi qeyd edib.

Keçirilən görüşlərdə şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, ordu quruculuğuna mənfi təsir edə biləcək cinayət və hadisələrin təhlili, nəticələrindən asılı olaraq müvafiq tədbirlərin görülməsi, o cümlədən digər məsələlər barədə söhbətlər aparılıb.

Görüşlər zamanı müxtəlif mövzularda təkliflər səsləndirilib və hərbi qulluqçuları maraqlandıran bir sıra suallar cavablandırılıb.