Gələn ildən icbari tibbi sığorta sistemi tətbiq olunmağa başlayacaq

7 Oktyabr 2015 15:54 (UTC+04:00)

2016-cı ildən Azərbaycanda icbari tibbi sığorta sistemi tətbiq olunmağa başlayacaq.

Publika.az xəbər verir ki, maliyyə naziri Samir Şərifov bunu parlamentdə keçirilən 2016-cı ilin büdcəsinin müzakirələri zamanı deyib. Bildirib ki, artıq hökumt bu istiqamətdə ciddi işlər aparır və növbəti ildən tədricən bu sistemin tətbiqinə başlanılacaq: “İcbari sığorta zamanı dövlət xəstənin müəyyən qism xərclərini öz üzərinə götürəcək.Yerdə qalan hissəsi isə donorlar, xəstənin yaxınları və digərləri tərəfindən ödənilə bilər".

S.Şərifov deyib ki, bu gün ölkədə mürəkkəb cərrahi əməliyyatlar da həyata keçirilir ki, bu cərrahi əməliyyatları etdirmək hər adamın imkanı daxilində deyil: “Ona görə də bu əməliyyatların həyata keçirilməsi üçün dövlət tərəfindən müəyyən vəsait ödənilir. Bu əməliyyatların həyata keçirilməsi məqsədi ilə tibbi sığortalar həyata keçiriləcək. Vəsaitin müəyyən qismi sığorta ilə, digər qismi isə xəstə tərəfindən ödəniləcək”.

İqtisadiyyat şöbəsi