Moskvaya qarşı ilk addım Səudiyyədən gəldi: Suriya müxalifəti silahlandırılır

9 Oktyabr 2015 17:39 (UTC+04:00)

Səudiyyə Ərəbistanı Rusiyanın Suriyadakı əməliyyatına cavab olaraq bu ölkədəki üç müxalifət qruplaşmasına silah yardımını artıracaq.

Publika.az xəbər verir ki, bu barədə Səudiyyə hökumətindəki anonim mənbə BBC News-a bildirib.

Qeyd edilir ki, söhbət ilk olaraq tank əleyhinə silahlardan söhbət gedir. Ər-Riyad müxalifət silahlılarına “yer-hava” tipli raketlərinin çatdırılmasını da istisna etmir. Səudiyyə tərəfindən silahlandırılacaq qruplaşmalar isə Bəşər Əsədlə vuruşan Fəth Ordusu, Azad Suriya Ordusu və “Cənub cəbhəsi” Ordusudur.

Xatırladaq ki,oktyabrın 6-da aralarında Azad Suriya Ordusu və “Ahrar əl-Şam” təşkilatının da olduğu 41 silahlı qrup bölgə ölkələrini “Suriyanı işğal edən Rusiya-İran ittifaqına qarşı” əməkdaşlığa çağırıb. Çağırışa yalnız “Əl-Qaidə”nin Suriya qolu hesab edilən “Əl-Nüsra” Cəbhəsi imza atmayıb. Rejim əleyhdarı qüvvələrin çağırışında konkret ölkələrin adı çəkilməsə də, “Reuters” agentliyi Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərin müxalif qruplara verdiyi dəstəyə diqqət çəkib.

Ömər Dağlı