Dollarlaşma səviyyəsi 10 il əvvəlki kimidir

13 Oktyabr 2015 14:51 (UTC+04:00)

“Dünya iqtisadiyyatında geosiyasi gərginliklər artıb, iqtisadi ticarət və iqtisadi aktivlik zəif olaraq qalır. Növbəti ildə neftin qiyməti əhəmiyyətli dərəcədə aşağı olacaq”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin növbəti plenar iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. E.Rüstəmovun sözlərinə görə, 2011-ci ildə tədiyyə balansı 17 milyard dollar idi. 2015-ci ilin sonuna tədiyyə balansının 2 milyard dollar olacağı gözlənilir. Tədiyyə balansı 2011-ci il ilə müqayisədə 8 dəfə az olacaq.

E.Rüstəmov ölkənin valyuta ehtiyatlarının azalmasından da danışıb. O deyib ki, yüksək dollarlaşma səbəbindən Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalıb: "Hazırda AMB-nin valyuta ehtiyatları 7 mlrd. dollardır. Devalvasiyadan sonra ilk dəfə may-iyun aylarında biz daxili bazardan dollar aldıq. İyul ayında isə dollarlaşma səviyyəsi yenidən yüksəldi. İndi dollarlaşma səviyyəsi 10 il əvvəlki səviyyədədir. Üzən məzənnə siyasətinə keçidlə bağlı məsələlər ciddi araşdırılır. Bu siyasətə keçid texniki hazırlıq və soyuqqanlı yanaşma tələb edir".

İqtisadiyyat şöbəsi