Nazir Xidmət rəisini işdən qovdu

14 Oktyabr 2015 17:58 (UTC+04:00)

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidmətinin rəisini tutduğu vəzifədən azad edib.

Publika.az xəbər verir ki, bununla bağlı bu gün nazirlikdə keçirilən kollegiya iclasında bildirilib.

Nazir Hüseyn Bağırov yol verdikləri nöqsanlara görə ərazi ekologiya və təbii sərvətlər şöbələrinin, meşə mühafizəsi və bərpası müəssisələrinin, xüsusi mühafizə olunan təbiət ərazilərinin bir neçə rəhbər işçisinə xəbərdarlıq edib. Nöqsanlara yol vermiş müəssisə rəhbərlərinin izahatları dinlənilib, qısa müddət ərzində onların aradan qaldırılması üçün departament və onların tabeli qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib, bir sıra Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrinin fəaliyyəti ilə bağlı kompleks araşdırılma aparılması tapşırılıb.

Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidmətinin rəisi Mirzəağa Mirzəyev vəzifəsinin icrasında kifayət qədər prinsipiallıq göstərməyən və işində nöqsanlara yol verdiyinə görə vəzifəsindən azad edilib.

İclasda dörd məsələ - Ətraf Mühitin Mühafizəsi, Meşələrin İnkişafı, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı və Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentləri üzrə 2015-ci ilin ötən müddəti ərzində fəaliyyətlərinin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.