Parlament seçkilərini izləyəcək xarici müşahidəçilərin sayı açıqlandı

17 Oktyabr 2015 14:16 (UTC+04:00)

Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün indiyə qədər dairə seçki komissiyalarında 43 459, MSK-da isə 605-dən artıq müşahidəçi qeydiyyatdan keçib.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

Onun sözlərinə görə, seçkiləri müşahidə etmək üçün indiyə qədər 22 beynəlxalq qurumdan 283 müşahidəçi MSK-da qeydə alınıb.

M.Pənahov əlavə edib ki, hazırda həm dairə seçki komissiyalarında, həm də Mərkəzi Seçki Komissiyasında müşahidəçilərin qeydiyyatı davam edir.

Bundan əlavə, iclasda bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişikliklər edilib.