Saçları sürətlə uzadan balqabaq maskası

20 Oktyabr 2015 15:45 (UTC+04:00)

Xanımların çoxu saçlarının gec uzanmasından şikayətçidir.

Publika.az oxucularının xahişini nəzərə alaraq, çox effektiv və asan hazırlanan balqabaq maskasının reseptini təqdim edir.

Balqabaq A, C vitamini və kalium baxımından zəngindir. A vitamini baş dərisi üçün mükəmməl antioksidantdır. C vitamini saçın sağlamlığını və uzanmasını təmin edir. Kalium isə saçı qidalandırır.

Balqabaq maskası bütün saç tipləri üçün istifadə edilə bilər.

Ərzaqlar:

4 xörək qaşığı suda pörtmüş balqabaq püresi

2 yemək qaşığı qatı hindqozu yağı

2 yemək qaşığı bal

Qeyd: Həmin ərzaqlar saçları uzun və gur olanlar üçün nəzərdə tutulub. Seyrək saçlılar isə bu reseptin yarısını istifadə etməlidirlər.

Hazırlanması:

Balqabağın tumlarını çıxarıb xırda-xırda doğrayın, mikrodalğalı sobada, yaxud suda qaynadıb pörtün.

Əldə edilmiş 4 yemək qaşığı balqabaq püresinə 2 xörək qaşığı qatı hindqozu yağı və 2 xörək qaşığı bal əlavə edib yaxşıca qarışdırın.

Maskanı saç diblərinə və saçlara sürtüb 15 dəqiqə gözləyin. İlıq su ilə yaxalayın. Bunu həftədə 2 dəfə etməlisiniz.

Aytən