PKK-nın 1 noyabr planı: işğal, vətəndaş müharibəsi, dünyaya “qələbə” elanı...

23 Oktyabr 2015 23:17 (UTC+04:00)

Türkiyə kəşfiyyatı PKK, PYD və YPG terror təşkilatlarının 1 noyabr parlament seçkilərindən sonra həyata keçirmək istədiyi planı ifşa edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, terror təşkilatları 7 iyun parlament seçkilərindən sonra Cizrədə planlaşdırdığı vətəndaş müharibəsi planını 1 noyabr seçkilərindən sonraya təxirə salıb.

Kəşfiyyat hesabatlarına görə, 1 noyabr seçkilərinin nəticələri nə olursa-olsun PKK bütün gücü ilə hücuma keçməyi planlaşdırır. PKK, PYD və YPG Türkiyənin Şırnak vilayətinin Cizrə mahalını ələ keçirmək niyyətindədir.

Kəşfiyyatın əldə etdiyi məlumatlara görə, Suriyadakı kürd kantonlarında – Türkiyə sərhədinə yaxın ərazidə təxminən 400 PKK və YPG silahlısı yerləşdiriləcək. Təlimat aldıqdan sonra isə onların Cizrə mahala sızacağı bildirilir.

Eyni vaxtda YDG-H-lilər (PKK-nın şəhərlərdəki gənclik qanadı) xəndək qazaraq hücumlar təşkil edəcək. Məlumata görə, PKK Cizrədə terror təşkilatının bayrağını asaraq dünya ictimaiyyətinə “PYD və PKK Cizrəni ələ keçirdi” xəbərini yayacaq.

Ömər Dağlı